“Azərbaycan Ermənistanla sülh razılaşması üzrə danışıqlara hazırdır” – İlham Əliyev
Sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində ümumi debatları zamanı Azərbaycan prezidenti İlham Əliyev videoformatda çıxış edib. O, ikinci Qarabağ müharibəsi haqda danışıb və “Dağlıq Qarabağ” adlı inzibati vahidin mövcud olmadığını, o cümlədən də ölkənin sülh razılaşması üzrə danışıqlara hazır olduğunu bildirib.
- “Biz öz ərazimizdəyik” – Əliyev Ermənistanla sərhəd və Dağlıq Qarabağın statusu haqda
- Niyə Azərbaycanda Ermənistan KİV-ni diqqətlə izləyirlər? Ekspert rəyi və şərhlər
- Eldar Namazov: “ABŞ və Fransa təxribat yaratmağa çalışır”
BMT Təhlükəsizlik Şurasının qətnaməsi haqda
Əliyev xatırladıb ki, 2020-ci il sentyabrın 24-də BMT-nin Baş Assambleyasında çıxışı zamanı “Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirdiyinə, Ermənistan hökumətinin aqressiv bəyanatlarına və əməllərinə” diqqət çəkmişdi. “Bu gün qürur hissilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qeydu”, – Azərbaycan prezidenti əlavə edib.
Onun sözlərinə görə, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd0şərtsiz çıxarılmasını tələb edirdi:
“BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir”. Əliyev əlavə edib ki, Azərbaycan qətnamədə qeyd olunan bütün tələbləri özü həyata keçirib.
İkinci Qarabağ müharibəsinin başlanması haqda
İlham Əliyev öz çıxışında qeyd edib ki, 2020-ci ildə BŞT Baş Assambleyasındakı çıxışından üç gün sonra – sentyabrın 27-də “Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki vətəndaşlarına qarşı geniş miqyaslı hücuma keçib”.
“Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı”, – o vurğulayıb.
Dağlıq Qarabağ haqda
“Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı.
Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq.
Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”, – Əliyev bildirib.
Minalı sahələrin xəritələri haqda
Münaqişənin artıq keçmişdə qaldığınıqeyd edərək Azərbaycan prezidenti azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı inşaat işləri haqda danışıb.
“Lakin əsas çətinlik azad olunmuş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra bu günə qədər 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olmuş, 130 nəfər isə yaralanmışdır.
Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.
Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin”, – Əliyev qeyd edib.
Sülh razılaşması haqda
“Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”, – Azərbaycan prezidenti bildirib.
Onun sözlərinə görə, sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər” “Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır.
… Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir”.