Azərbaycan erməni “Instagram kralı”na görə ABŞ-a nota verib
Rəsmi Bakı erməni əsilli ABŞ vətəndaşı Den Bilzeryanın Qarabağa qeyri-qanuni səfəri ilə bağlı etiraz notası verib.
Ermənistanda “Instagram kralı” kimi tanınan Den Bilzeryan poker oyunçusu və aktyor, varlı iş adamının oğlu, “qızıl gəncliyin” nümayəndəsidir. Qardaşı Adam Bilzeryan və model Saylena Medeyrosla birlikdə avqustun axırlarında Ermənistana gələrək, Ermənistan pasportu alıb və Ermənistanın Silahlı Qüvvələrində qeydiyyata düşüb.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirir ki, etiraz notası ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gilə təqdim olunub. Notada deyilir ki, Den Bilzeryan “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında Qanunu”nu pozaraq, müəyyən edilən nəzarət-keçid məntəqələrindən kənar Ermənistan ərazisindən Qarabağ ərazisinə keçib.
Notada deyilir ki, Qarabağda olarkən Den Bilzeryan qondarma rejimin təbliği ilə məşğul olub, qanunsuz yolla odlu silah əldə edərək, bu silahdan nümayişkarcasına Azərbaycan silahlı qüvvələrinin mövqelərinə atəş açıb.
Azərbaycan Baş Prokurorluğu bununla bağlı cinayət işi açaraq, Bilzeryanı beynəlxalq axtarışa verib. İndi Bakı ümid edir ki, Vaşinqton gələcəkdə bu cür halların təkrar olunmaması üçün tədbir görəcək.