“Nə edək, Putinlə müharibə edək?” – Bakıdan şərh
Qarabağda atəşkəs haqda üçtərəfli bəyanatın şərtlərinə görə, Rusiya sülhməramlı qüvvələri bu regionun bəzi rayonlarına artıq daxil olub. Azərbaycanda cəmiyyət hadisələrin bu dönüşünü birmənalı qarşılamayıb.
Siyasətçilər, ekspertlər və sadə sosial şəbəkə istifadəçiləri baş verənləri davamlı şərh edirlər.
- Atəşkəs imzalanandan sonra Azərbaycan və Ermənistan nə əldə edib?
- Türkiyəyə Ermənistandan, yoxsa Gürcüstandan? Bakıdan videosorğu
Məşhur bloqer, tarix elmləri namizədi Altay Göyüşov Rusiya sülhməramlılarının Qarabağa yeridilməsini Facebook səhifəsində şərh edib:
“Müharibə istəyib, indi də rus ordusunun girməsinə görə vay-şüvən salmaq əksər hallarda başıboşluq, bir sıra hallarda isə vicdansızlıqdır. Xitabım onlaradır.
Rusiyanın Ermənistanın müttəfiqi olduğu, torpaqların məhz Rusiyanın iştirakı ilə işğal olunduğu yeni məsələ idi? Xəbəriniz yox idi, bilmirdiniz? Təbii ki, bilirdiniz.
Müharibənin bu vaxta kimi olmamasının səbəbi də məhz Rusiyanın yüksək müdaxilə ehtimalı idi. Bunu da bilmirdiniz? Təbii ki, bilirdiniz. Çox keçmişdə olmamışdı ki, deyim xarakterik kor yaddaşınız xatırlamağa mane olur. 2016-da görmüşdünüz.
Putinin ürəyi istəyəndə heç bir beynəlxalq normanı nəzərə almayıb, hərbi müdaxilə etdiyini də bilmirdiniz? Rusiya hərbisinin gücünün nə olduğundan da xəbəriniz yox idi? Amma buna baxmayaraq, müharibə istəyirdiniz. Ona görə əvvəldən bilinən nəticələrə görə vay-şüvən salmaq dediyim kimi ya başıboşluğun, ya da ikiüzlülüyün nümayişidir.
Nəticə isə əslində gözlənildiyindən qat-qat yaxşı oldu. Rusiya dərhal müdaxilə etmədi, Türkiyənin açıq dəstəyinə görə etmədi. Tutaq ki, Şuşanın yenidən Azərbaycana qayıtmasına mane olmadı.
İndi həmin Türkiyə də bu nəticəni qəbul edib, içindədir, bir qrup ya başıboş, ya opportunist düşüb ortaya ki, Rusiya ordusu niyə girdi.
Nə edək, Rusiya ilə, Putinlə müharibə edək? Əslində siz o qədər düşünəndə ağlınızı ikinci plana atan adamlarsınız ki, bunu da deyərsiniz.
Müharibə istəmisiniz, nəticəsi həm də sizin məsuliyyətinizdir. Əslində isə hərbi nəticə, gözlənildiyindən qat-qat, dəfələrlə yaxşıdır. Hərçənd siyasi nəticələri sona qədər nə olacaq bilmirik. Region geopolitik qarşıdurmanın aktiv mərkəzinə çevrilir. Amma nə olacaqsa, bütün müharibə istəyənlərin məsuliyyəti olacaq”.