Avropaya gürcü ixracı – Assosiasiya haqqında saziş imzalanandan sonra nələr edildi
Gürcüstan Avropa İttifaqı ilə Assosiasiya haqqında Saziş imzalayandan sonra beş ildən çox keçib, onun ən mühüm komponentlərindən biri Azad Ticarət Zonası Haqqında Saziş olub.
Bu saziş gömrük rüsumlarını tamamilə ləğv etdi ki, bu da atomatik olaraq gürcü mallarını Avropa bazarında 20-25 faiz ucuzlaşdırdı.
Saziş gürcü sahibkarları üçün Avropanın qapılarını açdı. Bu beş ildə nələr dəyişdi? Bu saziş gürcü sahibkarları və gürcü iqtisadiyyatına nə verdi?
Mobil telefonla girilə bilməyən üzüm bağı
Giorgi Aladaşvili Şərqi Gürcüstanın Kaxeti regionundan olan sahibkardır. Deyir ki, məhz Assosiasiya haqqında sazişin imzalanması onu orqanik çaxırın istehsalı üzrə fərdi təsərrüfatını yaratmağa ilhamlandırdı.
Onun “Ruispiris marani” adlı müəssisəsi Telavi şəhərinin yaxınlığında yerləşir.
«Biodinamik 100 faiz orqanik və təbii deməkdir. Bizdə hətta divarlar da daş və əhəng məhlulundan tikilib, heç bir sement və dəmir-beton yoxdur. Əslində bütün bunlar bizim sağlamlığımız üçün çox vacibdir, Avropada buna böyük diqqət yetirilir», – Giorgi bizə izah edir.
90-cı illərdə, o, Gürcüstanı tərk edərək, İsveçrənin dağ kəndinə gəlib çıxır. Burada yerli sakinlərin necə üzüm yetişdirdiyini və orqanik çaxır hazırladığını ilk dəfə görür. Məhz burada biodinamik təsərrüfat haqqında eşidir, onun prinsiplərini öyrənir və onları vətənində tətbiq etmək qərarına gəlir.
•Bağacıq Gürcüstanda fındıq məhsulunun axırına necə çıxdı
•Rusiya Moldova malları üçün öz bazarını bağlayandan sonra özlərinə yeni bazarları necə axtarır
Doğma kəndinə qayıdandan sonra o, heç vaxt kimyəvi maddələrlə işlənməyən sahə axtarmağa başlayır. Kəndlilərə izah etməyə çalışırdı ki, onların məhsulu artırmaq üçün istifadə etdikləri herbisidlər, pestisidlər və zəhərli kimyəvi preparatlar torpağı tükədir və məhsulu zəhərləyir.
“Məni ən çox qıcıqlandıran o olurdu ki, adamlar məhsulu özləri üçün deyil, satış üçün yetişdirdiklərini deyirdilər. Bəs bunu alanın günahı nədir? Nə qədər ki, belə yanaşma var, bizim Avropada işimiz yoxdur”, – Giorgi deyir.
Həmkəndliləri onun zərərvericilərə qarşı preparat hazırlamaq üçün tarlada çobanyastığı və gicitikən yığdığını görəndə çox təəcüblənirdilər, axı zəhərli kimyəvi maddələr çox ucuzdur. Həm də niyə o, torpağa basdırılan böyük gil səhəngdə – kvevridə çaxırın saxlanılması üzrə ənənəvi gürcü texnologiyasını diqqətlə öyrənir. Axı bunu plastmas çəlləklərdə etmək xeyli daha asandır.
Amma bir neçə il sonra onun istehsal etdiyi çaxır İtaliya, Fransa və hətta Sinqapurda satılmağa başlayanda hamı başa düşdü ki, Avropadan qayıdan həmkəndlilərinə qulaq asmalı idilər, indi də tez-tez ondan məsləhət alırlar.
Bu gün təsərrüfatda 11 daimi işçi var. Mövsümi işlərdə daha 20 nəfər əlavə olunur.
«Ancaq əllə işləyirik, traktoru üzüm bağına yaxın buraxmırıq. Giorgi özümüzlə mobil telefon və siqaret götürməyi qadağan edir, deyir ki, üzümə ziyandır», – ən gənc işçi olan Rezo deyir.
Giorgi deyir ki, Avropaya məhsulun ixracı üzrə müəssisənin təcrübəsi ilə çoxları maraqlanır.
«Çox təəssüf ki, ancaq gəlirlə maraqlanırlar. Heç kimi keyfiyyət və vicdanlı iş maraqlandırmır. Halbuki Avropada məhz malın keyfiyyətinə qiymət verilir».
Azad ticarət haqqında saziş nə deməkdir (DCFTA)
Avropa İttifaqı ilə dərin və hərtərəfli azad ticarət zonası haqqında saziş (DCFTA) Assosiasiya haqqında Sazişin ayrılmaz hissəsidir.
Bu saziş gürcü sahibkarları üçün Aİ-nin daxili bazarına – 28 ölkə və 500 milyondan çox istehlakçıya qapı açır.
Amma gürcü məhsulunun Avropa bazarına çıxması üçün o, Avropanın təhlükəsizlik və keyfiyyət standartlarına cavab verməlidir.
Sazişin mahiyyəti məhz ondan ibarətdir ki, nəticədə həm yerli, həm də Avropa bazarı üçün nəzərdə tutulan mallarda eyni keyfiyyətə nail olunsun.
Sazişin şərtlərinə yerinə yetirildiyi halda bir neçə il sonra gürcü istehlakçıları mağazada, misal üçün, Litva, Rumıniya, Fransa və ya Almaniyadakı istehlakçıların aldığı keyfiyyətdə ət, kolbasa və ya tərəvəz alacaqlar.
Buna nail olmaq üçün saziş Gürcüstan hökumətinin üzərinə tədricən qanunlara dəyişiklik etmək və Aİ standartlarına uyğun requlyasiyalar qəbul etmək öhdəliyi qoyur. Misal üçün, bu yaxınlarda oyuncaqların təhlükəsizliyi haqqında ueni müddəa qüvvəyə minib.
Metrologiya İnstitutunun rəhbəri Nino Mikanadze hesab edir ki, qaydalara riayətin təmin edilməsi üçün ehtiyatlılıq və zaman lazımdır:
«Fikrimcə, Avropa qanunvericiliyinə tədricən yaxınlaşmaq doğru və real olar. Bütün tövsiyələri bir dəqiqənin içində kağıza köçürmək, bununla da biznes və istehlakçıları tamamilə yeni gerçəkliklə üz-üzə qoymaq çox çətin olardı. Avropa direktivində yer alan bütün qaydalara nə biznes (çünki bunun üçün xeyli sərmayələrə ehtiyac var), nə də malı daha baha qiymətə almalı olan istehlakçı hazır deyil».
Gürcü məhsulunun Avropaya daxil olmasına nə mane olur?
İlk növbədə, bu, standartlara cavab verməməkdir. Bunun üçün Gürcüstanda HACCP standartı da daxil olmaqla xüsusi istehsal standartları tətbiq olunub. HACCP (Hazard Analysis Critical Control Point) beynəlxalq sanitariya və gigiyena standartlarının daxil olduğu qaida ərzaqlarının təhlükəsizlik sistemidir. O, əvvəldən axıra qədər qida məhsullarının istehsalına sərt nəzarəti nəzərdə tutur, yəni tək hazır məhsulun yox, tam prosesin – xammalın keyfiyyətindən tutmuş istehsalatda gigiyenaya qədər.
Misal üçün, Avropa ilə Assosiasiya Haqqında Saziş imzalayan Ukraynada da HACCP standartı təkcə Avropaya məhsul ixrac edən istehsalçılar üçün deyil, qida məhsulları ilə bağlı olan bütün müəssisələr – bu, xammalın emalı üçün zavodlar və ya kafe və restoranlar ola bilər – üçün icbari olmalıdır.
Sahibkarlar həm də HACCP standartının mütləq olmadığı ölkələrdə də bu standartı almağa can atırlar, çünki bu cür sertifikasiya müəssisənin nüfuzu və reputasiyasını əhəmiyyətli dərəcədə artırır.
Gürcüstanda standart hələlik öz məhsullarını Avropaya ixrac etmək istəyənlər üçün mütləqdir.
Bu standartı almaq asan deyil, xüsusən də xırda sahibkarlar üçün. Bu, böyük sərmayələr – müəssisənin tam yenidən təchiz olunmasını və kadrların yenidən hazırlanmasını tələb edir.
İkinci səbəb torpaq azlığıdır. İş orasındadır ki, 500 milyonluq Aİ bazarını məhsulla təchiz edən sahibkarlar gürcü fermerlərinin özlərinin kiçik sahələrində yetişdirdiyi kiçik ərzaq partiyaları ilə maraqlanmayacaq. 10 tonluq alma partiyası heç kimə lazım deyil, azı on dəfə artıq lazımdır. Həm də Avropa standartına əsasən, mal yekcins olmalıdır. Yəni on müxtəlif fermerdən müxtəlif cür almaların alınması bu problemi həll etməyəcək.
«Gürcüstanda torpaq sahələri dağınıq olduğuna görə kütləvi və effektiv istehsala nail olmaq mümkünsüzdür. Eyni malı böyük sahələrdə istehsal etməsəz, Avropa bazarında rəqabət qabiliyyətli olmayacaqsız», – Gürcüstanın Fermerlər Assosiasiyasının rəhbəri Nino Zambaxidze deyir.
Bu problemi aradan qaldırmaq üçün gürcü fermerlərinin birləşmək imkanı olmalıdır, amma Gürcüstanda bu, müxtəlif səbəblərdən alınmır.
Birincisi, Gürcüstanda torpaq mülkiyyəti problemi hələ də tənzimlənməyib. Kənd təsərrüfatı mülklərinin ümumi sayında dövlətin payı hələ də çox böyükdür – kənd təsərrüfatı torpaqlarının ümumi sahəsinin cəmi 25 faizi özəlləşdirilib.
Hazırda İqtisadiyyat Nazirliyi nədzində Akkreditasiya Mərkəzinə rəhbərlik edən Giorgi Çitidze beş il əvvəl DCFTA üzrə danışıqların bilavasitə iştirakçısı olub və daha bir maneəyə diqqət çəkir – əhalinin mentalitetinə:
«Kəndlərimizdə fermerlərin birləşmək problemi var. Hamı düşünür ki, birləşmək, birlikdə iş görmək risklidir, aldadıla və heç nəsiz qala bilərlər».
Bundan əlavə, Aİ-də ixracın inkişafına yenidən təchiz etməyə vəsaitin və Avropa bazarının xüsusiyyətləri barədə məlumatın olmaması mane olur.
Bu gün Avropaya nə və nə qədər ixrac olunur?
Avropa İttifaqının Statistika Xidməti Gürcüstandan ixracın müsbət tendensiyalarını göstərir. DCFTA qüvvəyə minən vaxtdan Gürcüstanda ixracatçı şirkətlərin sayı 37 faiz artıb. Əgər 2017-ci ildə 578 gürcü şirkəti Avropaya mal ixrac edirdisə, 2018-ci ildə onların sayı 789 olub.
2018-ci ilə olan məlumatlara görə, Aİ ölkələrinə ixrac gürcü ixracının 28 faizini təşkil edib. Bu gün onun böyük hissəsi – 36 faiz – MDB ölkələrinə aiddir.
Aİ ölkələrinə ixrac 2018-ci ildə 730 milyon dollar təşkil edib, bu da 2015-ci illə müqayisədə 13 faiz çoxdur.
Bu gün Gürcüstandan Avropa İttifaqı ölkələrinə əsasən Assosiasiya Haqqında Saziş imzalanana qədər ixrac olunan məhsul ixrac olunub. Bu, əsasən, çaxır, mineral su və fındıqdır.
Bu yaxınlarda kiçik həcmdə kivi və qaragilə, limon və quru meyvənin təchizatına başlanılıb. Bundan başqa, plastik və şüşədən sənaye məmulatları kiçik partiyalarla təchiz olunur.
Gürcüstandan süd, süd məmulatları, həm də ət üçün Avropa bazarı hələ də bağlıdır. Aİ qaydalarına əsasən, heyvan mənşəli ərzaqlar daha təhlükəli, deməli, daha nəzarət olunan ərzaq növlərinə aiddir.
Amma Gürcüstanda bu ərzaqların təhlükəsizliyi üçün lazım olan “izləmə prosesi” hələ tam qurulmayıb və gürcü şirkətləri bu prosesə hələ yeni başlayır. “İzləmə prosesi” o deməkdir ki, məhsula yolun hər mərhələsində – fermadan masaya qədər ciddi nəzarət olunmalıdır.
Bununla bağlı, hökumət növbəti iki il ərzində yeni qaydalar tətbiq etməlidir, bu qaydalar fərdi şəxslərə heyvan mənşəli ev məmulatları istehsal etməyi qadağan edəcək.
Sənaye mallarına gəlincə, onların istehsalçıları üçün qayda qəbul etməyin son tarixi 2027-ci ildir. İstehsalçılar və biznes operatorları yeni istehsalat qaydaları qəbul olunana qədər müəyyən prosedurlardan keçməli olacaqlar: sertifikatlaşdırma, daxili keyfiyyətə nəzarət mexanizmlərinin işlənib hazırlanması və s.
«Məndə həvəs olacaq»
Kaxa Tutberidze ixtisasca maliyyəçidir. 2014-cü ildə Assosiasiya Haqqında Sazişin imzalanması ilə yanaşı Kaxa “Gürcüstanda istehsal et” dövlət proqramından xəbər tutdu.
Bu proqrama əsasən, dövlət faktiki olaraq, düzgün hesablanmış biznes-plan təqdim edənə və öz vəsaitini də sərmayə qoymağa hazır olanlara pul hədiyyə edir.
Tutberidze dövlət qrantının köməyilə oranjereya təsərrüfatı yaradır. Torpağı aqronomların tövsiyələri ilə və torpağın analizlərinin nəticəsi əsasında Rustavi şəhəri yaxınlığında götürür.
Amma hər şey o qədər asan olmadı. Əvvəlcə bir sıra problemlər yarandı.
“Elementar olaraq, hətta ixtisaslı oranjereya konstruktoru tapmadım. Hər şeyi özüm öyrənməli və öz əllərimlə tikməli oldum.”
Kaxa yerli bazarda kütləvi şəkildə satılan göyərti növləri yetişdirməyə başladı, amma bazar o dərəcədə qeyri-stabil idi ki, məhsulun bir neşə partiyası xarab oldu.
O, istehsalı davam etdirməyin yeni üsulunu axtarmağa başladı.
Və tezliklə tapdı – kütləvi istehsaldan imtina edərək, Gürcüstanda nadir olan tərəvəz və salatlar – keyli (qıvrım kələm), yapon salatı mizuna, fenxel, pak-çoy, rukkola, artişok və s. yetişdirməyə başladı.
Toxum materialını əvvəlcə onlayn sifariş edir və testdən keçirirdi. Məlum oldu ki, Gürcüstan iqlimində ən yüksək keyfiyyətli mal almaq olar. Onun dad xarakteristikaları və ətiri xaricdən gətiriləndən xeyli yaxşı idi.
«Bir qədər sonra “Açara qrup” (prestijli otellər qrupu) məhsulumuzla maraqlandı. Onlar xarici maldan imtina etdilər, indiyə qədər də otellər şəbəkəsinə mənim oranjereyalarımda yetişdirilən tərəvəzlər çatdırılır».
Yerli bazarda uğurdan sonra Kaxa Tutberidze Avropaya ixrac barədə düşünməyə başladı.
Bu yaxınlarda onun oranjereyası ilə avstriyalı iş adamı maraqlandı. Onun xahişi ilə sınaqdan keçirmək məqsədilə burada zəncəfil və sarıkök əkildi. Nəticədə məlum oldu ki, Gürcüstanın torpağında bu bitkilər Aİ bazarlarına həmin malların əsas təchizatçısı hesab olunan İsrail və İspaniya ilə müqayisədə daha yüksək keyfiyyətli yetişdirilə bilər.
«Bu məsələ mənə malın Avropaya da ixracına başlamaq üçün impuls verdi. İndi, yerli istehsala uğurla başlayandan sonra daha da həvəsli olmuşam», – Kaxa Tutberidze deyir.
Dövlət və digər dəstək proqramları
Uzun illər boyu ölkədə nikbin adlar altında dövlət proqramları reallaşdırılır: “Gürcüstanda istehsal et”, “Gələcəyi reallaşdır”, “İmtiyazlı aqrokredit”, “Gənc sahibkar” və digər maliyyələşdirmə və müəssisələrə dəstək proqramları.
Amma bir çox sahibkar bu proqramdan istifadə edə bilmir, çünki onların ilkin kapitalı və bankdan zəmanətləri olmalıdır.
Beynəlxalq donorlar da — ЕС, ООН, USAID — bu prosesdə fəal iştirak edir. Onlar Gürcüstana texniki dəstək verir ki, Gürcüstan qanunvericiliyini Avropa qanunvericiliyinə yaxımnlaşdırsın.
İri layihələr 179,5 milyon avroluq büdcə ilə Avropanın Qonşuluğun İnkişafı və Kənd Rayonlarının İnkişaf Proqramı (ENPARD) tərəfindən həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə dövlət proqramları reallaşdırılır. ENPARD çərçivəsində fermerlər üçün kənd konsultasiya mərkəzləri, kooperativlər yaradılıb, bu sahədə tədqiqatların təşviqi üçün böyük qrantlar ayrılıb və s.
Bu yaxınlarda Çexiya hökumətinin maliyyə dəstəyi ilə “People in Need” beynəlxalq təşkilatı fermerlərin öyrədilməsi proqramını başa çatdırıb – bu, DCFTA-nın əsas aspektləri barədə kənd sakinlərinin məlumatlandırılmasıdır: qida məhsullarının təhlükəsizliyi üzrə Avropa standartlarına riayət, enerji effektivliyinin üstünlükləri, kənd təsərrüfatı üçün iqlim planlaşdırılması prinsipləri.
Amma Avropa ilə azad ticarət haqqında sazişin təklif etdiyi imkanlar acınacaqlı vəziyyətdə olan kəndlilər üçün hələ də dumanlı və uzaq perspektiv kimi qəbul olunur.
«Dövlət kömək etmir»
Gürcüstanın cənubunda, Ninotsminda rayonunda arıçı Aramais Meltonyan bu işlə məşğul olan ailənin dördüncü nəsl nümayəndəsidir. 120-dən çox arı ailəsi var.
Deyir ki, Gürcüstan Aİ ilə Azad Ticarət Haqqında Saziş imzalayanda gözləntiləri çox nikbin idi, amma nəticədə məyus oldu. Onun sözlərinə görə, Avropaya ixracı təşkil etməyə kömək etmək üçün dəfələrlə hakimiyyətə müraciət edib, kömək edəcəkləri ilə bağlı vəd alıb, amma heç bir nəticə olmayıb.
Aramisin dediyinə görə, əsas maneə ondadır ki, Gürcüstanda indiyə qədər balın keyfiyyətini yoxlamaq üçün avadanlıq yoxdur. O, qablaşdırmanı, balı satışa çıxarmaq vəziyyətinə salmağı da təkbaşına bacarmır. Bu işdə də dövlətdən kömək gözləyirdi, amma nəticədə almadı.
Meltonyan deyir ki, bal istehsalı kənd təsərrüfatının digər sahələri ilə müqayisədə iki, hətta üç dəfə daha artıq gəlir gətirə bilən, potensial gəlirli sahələrindən biridir.
Əlverişsiz iqlim şəraitinə görə bu il o, cəmi 400-450 kilo bal ala bilib, bu da çox azdır. Norma iki-üç tondur. Bütün istehsal etdiklərini özünün və qonşu Axalkalaki rayonunda satır, həm də Ermənistana ixrac edir.
«Balı Avropaya ixrac edə bilsəydik, yaxşı olardı, orada bal çox bahadır, amma müvafiq kömək olmadığına görə irəliləyə bilmirik. Mənə dedilər ki, kooperativ açmalıyam, açdım, amma heç kim mənə fikir vermir», – Aramais deyir.
Bu regionda fermerlərə mane olan əsas şey məlumatsızlıqdır, “Axalkalaki biznes mərkəzi” QHT-nin direktoru Maxare Matsukatov belə hesab edir. Cavaxeti regionunda əsasən etnik ermənilər yaşayır və ümumi məlumatsızlığa burada dil baryeri də əlavə olunur.
«Fermerlər malı necə qablaşdırmalı, irəli çəkməli, ixraca göndərməli olduqlarını bilmir. Bu, həm marketinq, həm də sənəd məsələsidir», – o, izah edir.
Onun sözlərinə görə, bəzən dövlət və qeyri-hökumət sektoru treninqlər keçirir, bukletlər buraxır, amma bu, insanların informasiya vakkumundan çıxması üçün kifayət etmir.
Bundan başqa, Matsukatov deyir ki, keyfiyyətə olan tələbləri sərtləşdirən yeni qanunlar çox vaxt təcrübədə işləmirlər. Misal üçün, süd məlumatlarının istehsalı üzrə müəssisələri qeydiyyatdan keçirən və bütün qoyulmuş standartlara riayət edən sahibkarlar “gizli” işləyənlərlə müqayisədə daha məğlub vəziyyətə düşdülər.
«Fermer bilsə ki, malını Avropaya çıxara bilər, artıq bütün normalara riayət edəcək», – Matsukatov deyir.
Bioərzaqlar – gürcü ixracının gələcəyi?
Eyni zamanda Gürcüstanın Fermerlər Assosiasiyasında deyirlər ki, ölkənin 70 faiz ixracdan asılı olduğu bir halda iri ixrac barədə danışmaq tezdir.
«Bizim həqiqətən də bioərzaq istehsal etmək üçün unikal imkanımız var. Ölkədə hətta illərlə torpağın becərilmədiyi bütöv kəndlər və regionlar var. Bioərzaqların kütləvi istehsalı heç də baha deyil və başlanğıcda yerli bazarı təmin edə bilər», – Fermerlər Assosiasiyasının rəhbəri Nino Zambaxidze deyir.
Amma indi fermerlər əsasən eyni və mövsümi ərzaq istehsal edir, bu da nə onlara, nə də istehlakçılara xeyir vermir. Yerli bazar isə xarici mallarla dolur. Zambaxidze hesab edir ki, dövlət yerli fermerləri təşviq etməli, onlara bazardakı tələbatın tam mənzərəsini göstərməli və prioritetlər üzrə tövsiyələr verməlidir.
Assosiasiyada deyirlər ki, mal Avropa standartlarına uyğun olsa, fermer istənilən halda, onun malının Avropaya yaxın gələcəkdə ixrac edilib-edilməməsindən asılı olmayaraq, gəlirli olacaq.
“Mediaşəbəkə”nin dəstəyi ilə