Gürcüstan: Qoz olmayacaq?
Əgər sizi ərzağınızın içindəki meşə fındığının haradan gəldiyi maraqlandırsa, cavabı Google və Wikipedia verəcək: dünya fındıq təchizatçıları beşliyi aşağıdakı kimidir – Türkiyə, İtaliya, ABŞ, Gürcüstan və Azərbaycan.
Gürcüstan fındığının 90 faizi Abxaziya ilə sərhədboyu, Qərbi Gürcüstanda, Sameqreloda yetişir.
Bu günə qədər məhz fındıq 90-cı illərdə baş verən münaqişələrdən daha çox zərər çəkən bölgəyə ayaqda qalmaq imkanı verir. Amma bu vəziyyət tezliklə dəyişə də bilər. Bu il Sameqreloda keçən ildə yığılan məhsulun yarısı qədərini belə toplaya bilmədilər, proqnozlar da ürəkaçan deyil.
Fındıq üçün gilyotin
Sameqreloda hazırda ilin ən isti mövsümüdür. Fermerlər ən əsas yerli bitki sayılan fındığı toplayırlar. Zuqdidi və qonşu kəndlərdə hər addımbaşı fındıq qəbulu məntəqələri var.
Onların birinin yanında bir neçə kisə ilə yüklənmiş maşın dayanır. Bu, kənd sakini Roman Caxayanın illik məhsulu və yeganə gəlir mənbəyidir. Qəbul məntəqəsində qiyməti müəyyən etmək üçün əvvəlcə məhsulun keyfiyyətini müəyyən etməlidirlər. Bu, adət halını almış prosedura vasitəsiylə edilir – hər kisədən dadına baxmaq üçün bir neçə fındıq götürülür. Sonra 100 fındığı qırıb, bütöv qalan ləpəni gilyotin adlanan cihaza qoyurlar və böyük yastı ülgüclə iki yerə bölürlər. Yüz fındıqdan doxsanının ləpəsi sağlam olacaqsa kəndli bu il üçün hər kilosuna görə maksimum qiymət – 4 lari (1.60 dollar) alacaq.
Roman fındığının keyfiyyətsiz olduğunu artıq bilir. Amma heç olmasa 1 kilosunu bir lariyə satmaq ümidindədir. Yoxlamanın nəticəsini hökm kimi gözləyir. Qəbul məntəqəsinin əməkdaşı fındıqları sayır. Yüz fındıqdan yalnız doqquzunun ləpəsi sağlam çıxır. Və bu, həqiqətən də hökmdür: məntəqə fındığı qəbul etmir və kəndli öz məhsulunu geri aparır.
“Mən üç ton gözləyirdim, əvəzində də 300 kilo güclə seçib yığa bildim. Onları heç olmasa 1 laridən satmağı düşünürdüm, götürmədilər. Başqa məntəqələrə aparmağın da mənası yoxdur, belə fındığı heç kim götürməyəcək”, – Roman deyir.
Temur Qvilava yoldaşı və iki övladı ilə dənizkənarı Anakliya kəndində yaşayır. Ötən illərdə məhsulu və gəliri pis deyildi. Onda fındığın kilosunu 5 laridən (2 dollar) sata bilmişdi. Məhsul yüksək keyfiyyətli olmadığından qiymət də çox yuxarı deyildi. Əvvəlki illərdə isə Temur fındığın kilosunu 9-10 laridən (3,60-4 dollar) sata bilirdi.
Fındığın yetişdirilməsi gəlirli sahə olduğundan Sameqreloda çoxu banklardan kredit götürüb, böyük fındıq plantasiyaları salıb, fermerliklə məşğul olmağa başlayıb.
Temur da belə etdi. Onun məhsul verən plantasiyası və fındığın baha olması sayəsində bank problemsiz 15 min lari (6 min dollara yaxın) kredit verdi. Temur bu pulla evinin yanından əlavə yarım hektar torpaq alıb, plantasiyasını bir hektara qədər genişləndirdi.
Bu plantasiyadan o, ən azı ton yarım fındıq toplamalı idi. Amma bu il ümumiyyətlə heç nə toplaya bilmədi. “Hər bir məhsul toplayan işçiyə mən gündəlik 25 lari (10 dollara yaxın) ödəməliyəm. Biz fındıqları yoxladıq və məlum oldu ki, məhsul xərcləri qarşılamayacaq. Ona görə fındığı ümumiyyətlə toplamadıq”, – o, öz fındıq sahəsini göstərərək deyir.
Bəzi fındıqlara baxdıqda, onların çürük olduğunu dərhal görmək olur. Bəziləri ilk baxışdan sağlam görünsə də fındığı sındırandan sonra ağ ləpənin üzərində qəhvəyi ləkələr görmək olur.
Temur indi bank kreditini necə qaytaracağı haqqında düşünür.
Temur Qvilava öz biznes hekayəsi haqqında danışır
Bölgədə iri fermerlər də ziyana işləyib. Darceli kəndindən olan 24 yaşlı Mariam Koduanın 15 hektarlıq şəxsi fındıq plantasiyası var.
“Keçən il biz bu sahədə 25 ton, bu il 7 ton yığmışıq. Bunun 35 faizi keyfiyyətli çıxsa yaxşı olar”, – Mariam deyir.
Fındığın başına nə iş gəldi?
Mərmər bağacığı — Sameqreloda demək olar ki, bütün məhsulu məhv edən həşərat belə adlanır.
Mərmər (və ya Asiya) bağacığı — Halyomorpha halys, bitkilərlə qidalanır. O, Gürcüstanda 2015-ci ildə peyda olub, keçən il isə məhsula güclü ziyan vurub. Milli Ərzaq Agentliyinin məlumatına görə, keçən il dəyən ziyan 60 milyon laridən (24 milyon dollara yaxın) çox olub. Mərmər bağacığı tək fındıq deyil, digər məhsullar, o cümlədən qarğıdalı üçün də zərərvericidir.
Keçən il Gürcüstan hökuməti zərərvericiylə mübarizə üçün strateji plan hazırlayıb. Planın hazırlanması üçün Pensilvaniya Universitetindən professor Qreq Kravçuk dəvət olunub. Büdcədən 7,5 milyon lari (3 milyon dollara yaxın) ayrılıb. Əlavə 8 milyonu da hökumət ABŞ-dan alıb.
İyunun 12-də fındıq plantasiyalarında ziyanvericilərə qarşı kimyəvi maddələr istifadə olunmağa başlayıb. Sameqrelo, Quriya və Acariya ərazisində ümumilikdə 351 kənddə yerli sakinlərin həyətyanı sahələri və qarğıdalı tarlaları daxil olmaqla 53 min hektar ərazidə kimyəvi maddələr istifadə olunub. Yerli sakinlərə 230 min litr kimyəvi maddə və həşəratlara qarşı 21 min tələ verilib.
Amma görülən tədbirlər əbəs idi – Sameqrelo sakinləri ziyanvericinin fındıqla yanaşı qarğıdalını da məhv etdiyindən şikayətlənir.
Bu yerli sakin Kaxaber Adamiyanın “Facebook”da statusudur. O yazır ki, Sameqreloda mərmər bağacığı hər şeyi məhv edir. Bu yay sosial şəbəkələrdə xeyli sayda belə statusa rast gəlmək olardı:
Milli İstehlak Agentliyi bədbin görünür. Fitosanitariya departamentinin rəhbəri Zurab Lipartiya JAMnews-a bildib ki, ABŞ 16 ildir ki, mərmər bağacığı ilə mübarizəyə böyük vəsait ayırır, amma hələlik bu heç bir nəticə vermir. Onun sözlərinə görə, zərərvericini tamamilə məhv etmək heç vaxt mümkün olmayacaq.
“Amma əgər əhali bizi dəstəkləyib, tövsiyələrimi dəqiqliklə yerinə yetirsə, biz onların çoxalmasını nəzarət altında saxlaya və problemi həll edə bilərik”, – Lipartiya deyir.
Yerli sakinlər isə bu qədər böyük ziyanın səbəbini hakimiyyətin qeyri-effektiv tədbirlərində görürlər. Onlar bildirir ki, kimyəvi maddələrin çilənməsinə çox gec başlanılıb.
Həm fındıq, həm də qarğıdalı məhsulundan demək olar ki, tam məhrum olan İnqiri kənd sakini David Xursilava deyir ki, işlərə mayda başlansaydı zərər bu qədər böyük olmazdır:
“Onlar işə çox gec başladı. Özümüzdə vasitə olmadığından özümüz də işə vaxtında başlaya bilmədik. Dərmanı vaxtında gətirsəydilər, fındığı özüm dərmanlayardım, məhsulum da məhv olmazdı”.
Milli İstehlak Agentliyində bildirdilər ki, bu il yağışa görə dərmanlamaya tez başlamaq mümkün olmadı. Həm də yağıntılara görə plantasiyalarda 17 növ müxtəlif göbələk infeksiyası yayılıb.
“Kimyəvi dərmanlamaya iyunun 12-dən başlamışıq. Bu məhz bağacığın tikililərdən sahələrə keçdiyi vaxtdır. Yəni artıq gec idi. Bağacıq tərəfindən vurulan ziyan ümumi ziyanın 10 faizindən çox deyil. Məhsulu daha çox göbələk və bakterial xəstəliklər korladı. Adamların xəstəliklərlə mübarizə apardığı ərazilərdə məhsul yaxşıdır”, – Zurab Lipartiya deyir.
Yerli sakinlər nə göbələk xəstəlikləri, nə də mərmər bağacığıyla mübarizə metodları haqqında lazımi qədər məlumatlandırılmadıqlarını deyir.
“Sameqraloda demək olar ki, iş yerləri yoxdur. Fındıq bizim yeganə gəlir mənbəyimizdir. Biz məhsulun hamısını satmırıq, bir hissəsini “qara günə” saxlayırıq. Sonra qışda lazım olanda 100-200 kilo satıb, həmin pula dərman və ya ailəmiz üçün ərzaq alırıq. İndi isə heç nəyimiz yoxdur. Bağacığın xortumunu soxduğu hər şey xarab olub. Bizim yemək üçün qarğıdalımız da yoxdur, ərzaq, ərzaq üçün pulumuz da yoxdur. İndi (bağacıq) kiviyə dadanıb. Biz bu qış ac qalacağıqsa gələn il plantasiyaları necə becərək?” – David Mirtsxulava deyir.
Ziyan nə qədərdir?
Hələlik ziyanın miqyası haqqında dəqiq məlumat yoxdur. Gürcüstanın kənd təsərrüfatı naziri Levan Davitaşvilinin sözlərinə görə, fındıq məhsulu bu il keçən ilə nisbətən 20-30 faiz az olacaq.
Sameqrelo sakinləri təzminat istəyir. Hökumət isə büdcədə bunun üçün vəsaitin olmadığını deyir.
Fermer Mariam Kodua deyir ki, bu il hakimiyyət kəndlilər üçün pul tapmasa, gələn il vəziyyətin çətinləşəcəyini gözləmək lazımdır, çünki pulsuz qalan xırda fermerlər sadəcə infeksiyalar və zərərvericilərlə mübarizə apara bilməyəcək.
“Fındıq plantasiyalarına qulluq etmək ildən ilə daha çox vəsait tələb edir”, – o deyir.
Keçən il Mariam bağın kimyəvi dərmanlanması üçün 5 min lari (təxminən 2 min dollar), bu il isə 12 min lari xərcləyib. O deyir ki, problemin miqyasını nəzərə alsaq, gələn il 15 min lari belə yetməyəcək. Bu zaman da son illər Gürcüstanın əsas ixrac məhsuluna çevrilən fındığın başqa məhsulla əvəz edilməsi barədə düşünmək lazım olacaq.
Gürcüstan – “fındıq ölkəsi”
Gürcüstan Aİ-də əsas fındıq ixracatçıları beşliyinə daxildir və Avropa bazarında ancaq Türkiyədən geridə qalır.
Gürcüstanda fındıqçılıq SSRİ dağıldıqdan sonra, müstəqillik dövründə dövlət tərəfindən heç bir kömək və subsidiya olmadan inkişaf edirdi.
Bu gün Gürcüstanda fındıq təxminən 60 min hektar ərazidə becərilir. Plantasiyaların böyük hissəsi Qərbi Gürcüstanda – Sameqrelo və Quriya regionlarında yerləşir.
Gürcüstanın ixrac məhsullarının ilk onluğunda fındıq aparıcı yerdədir – son bir neçə il ərzində meşə fındığından əldə olunan gəlir Gürcüstanın ənənəvi ixrac məhsulu olan şərabın satışından alınan gəliri keçib.
2012-ci ildə Gürcüstan 84 milyon dollarlıq, 2016-cı ildə isə artıq 179 milyon dollarlıq fındıq ixrac edib.
Gürcüstan fındığı Qazaxıstan, İraq, Ukrayna və Çinə ixrac olunur, amma ən böyük ixrac bazarı Aİ-dir.
Mariam Kodua plantasiyalardan başqa 100 tona qədər məhsul istehsal edə bilən fındıq emalı fabrikinə sahibdir. Məhsul İtaliya, Almaniya, Polşa və Çexiyaya ixrac olunur. “Bu il biz əhalidən 5 ton məhsul almışıq. Yəqin ki, daha almayacağıq. Onsuz da çox az olan məhsul həm də keyfiyyətsizdir”, – Mariam deyir.
Mariam Kodua məhsulun bir hissəsinin necə xilas etməsindən danışır
Keyfiyyətsiz məhsulu isə Aİ-də qəbul etməyəcəklər. Məsələn, onu vaxtında kimyəvi dərmanlarla işləməsən, sonra gec olur, fındığın ləpəsində pestisidlərin izləri qalır və onu artıq ixraca göndərə bilməyəcəksən, – Mariam izah edir.
Ən böyük emal müəssisələrindən biri “Euronuts 2009” şirkəti tez-tez fındığı kəndlilərə qaytarır. Hazırda fabrik təxminən 100 ton məhsul qəbul edib, halbuki keçən il bu vaxt artıq 500 ton emal olunurdu.
“Euronuts 2009” şirkətinin nümayəndəsi bu il bir çox kəndlidən məhsulu qəbul etmədiyini deyir
“Euronuts” şirkətinin nümayəndəsi Nana Xasiya deyir ki, gürcü fındığına tələbat böyükdür, bu il şirkətin Almaniyada yeni bir tərəfdaşı da oldu, amma hazırda bütün biznes təhlükə altında qaldı.