Avropa Parlamenti Gürcüstan hakimiyyətini sovet arxivlərini açmağa və Rusiya təbliğatının qarşısını almağa çağırıb
Gürcüstanda sovet arxivlərini açmağa çağırış
Avropa Parlamentinin bu yaxınlarda Gürcüstanla bağlı qəbul etdiyi qətnamədə qeyd olunur ki, Gürcüstanın sovet işğalı və onun uzunmüddətli nəticələri barədə akademik araşdırmaların və tarixi təhsilin çatışmazlığı hələ də ciddi problem olaraq qalır.
Qətnaməyə əsasən, bu vəziyyət tarixi manipulyasiyaların və dezinformasiya kampaniyalarının yayılmasına şərait yaradır. Bu fonda Avropa parlamentariləri hakimiyyəti sovet dövrünə aid arxivləri açmağa çağırırlar.
İyunun 17-də Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib. Sənəddə digər məsələlərlə yanaşı, hakim “Gürcü Arzusu” partiyasının yüksək vəzifəli nümayəndələrinə və onun qurucusu Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi, siyasi məhbusların azad edilməsi və repressiv qanunların ləğvi tələb olunur. Qətnamənin lehinə 436 avroparlamentari səs verib, 145 nəfər əleyhinə çıxıb, 47 nəfər isə bitərəf qalıb.
Qətnamədə bildirilir ki, Rusiya yaranmış vəziyyətdən öz maraqları naminə istifadə edərək Gürcüstanda avroatlantik inteqrasiya meyllərini zəiflətməyə çalışır.
Bu fonda Avropa parlamentariləri sovet işğalı dövrünün araşdırılmasının, tarixi faktların sənədləşdirilməsinin və cəmiyyətin məlumatlandırılmasının vacibliyini vurğulayırlar.
Qətnaməyə əsasən, sovet dövründəki siyasi repressiyaların, kütləvi qətllərin, sovet-rus işğalına qarşı müqavimətin tarixinin qorunmasına və bunun kollektiv yaddaşda əks olunmasına xüsusi diqqət yetirilməlidir.
Qətnamədə bu prosesdə müstəqil tarixçilərin, tədqiqatçıların və vətəndaş cəmiyyəti təşkilatlarının rolu vurğulanır, Gürcüstanın “Sovlab” (Sovet Keçmişinin Araşdırılması Laboratoriyası) təşkilatının fəaliyyəti xüsusi qeyd olunur.
Avropa parlamentariləri sovet işğalı dövründə törədilmiş repressiyalar və cinayətlərlə bağlı dövlət arxivlərinə çıxışın sistemli şəkildə məhdudlaşdırılmasından narahat olduqlarını bildirirlər.
Qətnamədə Gürcüstan hakimiyyəti alimlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti təşkilatları üçün sovet dövrünə aid arxivlərə tam, şəffaf və ayrı-seçkiliksiz çıxışın təmin edilməsinə çağırılır.
“Sovlab” nədir?
“Sovlab” (Sovet Keçmişinin Araşdırılması Laboratoriyası) 2010-cu ildə yaradılmış Gürcüstanın qeyri-hökumət və tədqiqat təşkilatıdır. Təşkilatın əsas məqsədi Gürcüstanın sovet keçmişini, repressiyaları, işğalı və totalitar sistemin irsini araşdırmaq, həmçinin bu mövzularda ictimai məlumatlılığı artırmaqdır.
Təşkilat bir neçə istiqamət üzrə fəaliyyət göstərir:
- Sovet dövrünə aid arxiv və sənədlərin araşdırılması;
- Sovet repressiyaları qurbanlarının hekayələrinin toplanması və sənədləşdirilməsi;
- Təhsil layihələrinin, sərgilərin və nəşrlərin hazırlanması;
- Sovet işğalı və antisovet müqaviməti tarixinin tanıdılması;
- Tarixi yaddaşın qorunması və dezinformasiyaya qarşı mübarizə.
“Sovlab”ın ən tanınmış fəaliyyət sahələrindən biri sovet repressiyaları, 1924-cü il üsyanı, müstəqillik hərəkatı və sovet rejiminin qurbanları ilə bağlı araşdırmalardır. Təşkilat həmçinin Repressiya Qurbanı Olan Yazıçılar Muzeyinin konsepsiyasının hazırlanmasında iştirak edib.
Avropa Parlamentinin qətnamələrində “Sovlab” sovet keçmişinin araşdırılması ilə məşğul olan müstəqil tarixi tədqiqatların və vətəndaş cəmiyyətinin mühüm iştirakçılarından biri kimi dəfələrlə qeyd olunub.
Gürcüstanda sovet arxivlərini açmağa çağırış