Avropa Məhkəməsi Azərbaycanda ilk dəfə informasiya almaq hüququnun pozulmasını tanıyıb
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanda ilk dəfə informasiya almaq hüququnun pozulmasını tanıyıb. Azərbaycan hökuməti üzərinə növbəti dəfə iddiaçıya kompensasiya ödəmək öhdəliyi qoyulub. Zərərçəkən kimi radiolokasiya stansiyasının ətraf mühitə və yerli sakinlərə ziyanını tədqiq edən dövlət komissiyasının işinin nəticələrini öyrənməyə çalışan jurnalist tanınıb.
- Azərbaycanda bloklanan saytlar hüquqlarının bərpasını tələb edirlər
- Türkiyə “xarici düşmən” axtarışında – Mövqe
- Saleh Rüstəmovun işi Avropa Məhkəməsində
2021-ci il dekabrın 9-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan daxil olan iki şikayət üzrə qərarını açıqlayıb. Bununla da Avropa Məhkəməsi Azərbaycanda ilk dəfə informasiya almaq hüququnun pozulmasını tanıyıb. Hər iki işdə iddiaçı azərbaycanlı jurnalist Rövşən Hacıyevdir (Hacıbəyli).
“Rövşən Hacıyev Azərbaycana qarşı”
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli dövlət strukturlarından informasiya almaq hüququnun pozulduğunu hesab etdiyi üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Öz şikayətində ərizəçi qeyd edib ki, dövlət strukturu Azərbaycanın Qəbələ rayonunda yerləşən radiolokasiya stansiyasının ətraf mühitə vurduğu ziyanla bağlı ona informasiya təqdim etməyib.
Ərizəçi Konvensiyanın 10-cu (ifadə azadlığı) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinə söykənərək, AİHM-ə dövlət orqanlarının ictimai maraq kəsb edən məlumatları qapalı tutmasından və bununla bağlı məhkəmə qərarlarının qanunsuzluğundan şikayət edib. Şikayətlər AİHM-ə 2012-13-cü illərdə təqdim edilib.
AİHM hər iki iş üzrə ərizəçinin Avropa Konvensiyasının 10-ci maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüququna (informasiya əldə edilməsi) müdaxilə baş verdiyi haqda qərar çıxarıb.
Məhkəmənin qərarına əsasən, hökumət qərar qəti olduqdan sonra ərizəçiyə 1500 avro [$1695] təzminat ödəməlidir.
Jurnalistdən hansı informasiya gizlədilib?
1985-ci ildən fəaliyyət göstərən sovet ordusuna məxsus Qəbələ Radiolokasiya Stansiya təqribən 6000 km məsafədə erkən xəbərdarlıq imkanlarına malik idi. Sovet İttifaqının dağılmasından sonra stansiya Azərbaycanın mülkiyyətinə keçsə də, icarə müqaviləsi əsasında Rusiya tərəfindən idarə edilib. 2012-ci ildə stansiya bağlanıb və avadanlıqları Rusiyaya aparılıb.
Azərbaycan prezidenti 2001 və 2003-cü illərdə stansiyanın ətraf mühitə və əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla əhalinin sağlamlığına və ətraf mühitə nəzarət üzrə Azərbaycan-Rusiya birgə komissiyası yaradılıb, Azərbaycanın səhiyyə naziri komissiyanın sədri təyin edilib.
Rövşən Hacıbəylinin iddiasına görə, müstəqil araşdırmalarla stansiyanın Qəbələ rayonu və ətraf rayonlarda əhalinin sağlamlığında ciddi problemlər yaratdığı müəyyən edilib. 2010-cu ildə iddiaçı qeyd edilən komissiyanın fəaliyyət göstərib-göstərmədiyini öyrənmək üçün Səhiyyə Nazirliyinə informasiya sorğusu göndərib, stansiyanın ətraf mühitə və əhalinin sağlamlığına təsiri ilə bağlı hesabatların surətinin ona təqdim edilməsini istəyib. Səhiyyə Nazirliyi sorğuya cavab verib, bildirib ki, Komissiya tərəfindən hesabat hazırlanıb, ancaq Nazirlər Kabinetinə göndərilib.
İstədiyi sənədləri əldə edə bilməyən Hacıbəyli məhkəmədə iddia qaldırıb, məhkəmədən xahiş edib ki, nazirliyin üzərinə informasiya sorğusuna mahiyyəti üzrə cavab verilməsi vəzifəsi qoyan qərar qəbul etsin. Nəsimi Rayon Məhkəməsi iddianı rədd edib, bildirib ki, nazirlik ərizəçinin istədiyi sənədlərə malik deyil. Yuxarı məhkəmələr həmin qərarı dəyişməyib.
Jurnalist eyni informasiya sorğusunu Nazirlər Kabinetinə də ünvanlayıb. NK sorğuya ümumiyyətlə cavab verməyib. Hacıbəylinin NK-ya qarşı iddiasını da yerli məhkəmələr təmin etməyib. NK məhkəmə proseslərinə ümumiyyətlə nümayəndə göndərməyib – “Avropa Məhkəməsi Gündəliyi”nin məlumatında deyilir.