Azərbaycanda bloklanan saytlar hüquqlarının bərpasını tələb edirlər
Azərbaycanda bloklanmış dörd sayt Avropa İnsan Haqları Məhkəməsində hökumətə qarşı iddia qaldırıb. İddiaçılar dğvləti Avropa Konvensiyasının bir neçə maddəsini pozmaqda günahlandırırlar.
2008-ci ildə fəaliyyəti qadağan edilmiş Seçkilərin Monitorinqi Mərkəzinin qaldırdığı iddia üzrə də qərarın verilməsi gözlənilir.
- Azərbaycanda bloklanmış saytlar: Senzurasız ölkə?
- Azərbaycanda dörd siyasi məhbusa tam bəraət verilib
- Oxuyanda utanmayasan deyə
“Azadlıq Radiosu və digər üç sayt Azərbaycana qarşı”
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) hakimiyyətin qərarı ilə ölkə ərazisində bloklanmış dörd Azərbaycan saytının iddiası üzrə araşdırmaya başlayıb.
İddiaçılar – “Azadlıq Radiosu” (azadliq.org), anaxeber.az, 24saat.org və xural.com redaksiyaları bildirirlər ki, Rabitə Nazirliyi yerli məhkəmələrə müraciət etdikdən sonra Azərbaycan ərazisində onların saytlarına giriş məhdudlaşdırılıb. Yerli məhkəmələrin qərarlarında qeyd olunmuş saytlara girişin məhdudlaşdırılması qanunçuluğun pozulmasının, milli təhlükəsizliyə və ölkənin ərazi bütövlüyünə qarşı cinayətlərin qarşısını almaq istəyilə izah olunub.
İddiaçılar bildirirlər ki, bununla da Azərbaycan dövləti onlara münasibətdə Avropa Konvensiyasının 10, 18 və digər bir neçə maddəsini pozub – “Avropa Məhkəməsi Gündəliyi” məlumat yayıb.
2017-c ilin əvvəlində Azərbaycanda bir neçə müstəqil sayta, o cümlədən də “Azadlıq” qəzeti, “Meydan TV”, “Azadlıq Radiosu”, “Turan” telekanalı və sairə giriş məhdudlaşdırılıb. Uzun sürən məhkəmə prosesinə baxmayaraq bütün yerli instansiyalarda Rabitə Nazirliyinin iddiası üzrə qəbul olunan qərar dəyişməz qalıb.
“Seçkilərin Monitorinqi Mərkəzi və digərləri Azərbaycana qarşı”
Dekabrın 2-də Avropa İnsan Haqları Məhkəməsi “Seçkilərin Monitorinqi Mərkəzi və digərləri Azərbaycana qarşı” işi üzrə öz qərarını açıqlayacaq.
Bu məhkəmə işi qeyri-hökumətt təşkilatları ilə əlaqədardır. İddiaçı təşkilat və təsisçiləri Anar Məmmədli və Bəşir Süleymanlı Azərbaycan dövlətini QHT-in fəaliyyətini qanunsuz qadağan etməkdə günahlandırırlar.
İşin materiallarına əsasən, Məmmədli və Süleymanlı 2006-2008-ci illərdə Seçki Monitorinqi Mərkəzinin (SMM) qeydiyyatdan keçirilməsi üçün altı dəfə Azərbaycanın Ədliyyə Nazirliyinə müraciət ediblər. 2008-ci ilin fevralında qeyri-hökumət təşkilatı dövlət qeydiyyatından keçib.
Amma iki aydan sonra, 2008-ci ilin aprelində həmin nazirlik QHT-nin dövlət qeydiyyatının ləğv edilməsi üçün məhkəməyə müraciət edib. Bu tələb “QHT-nin fəaliyyətindəki pozuntularla” əsaslandırılıb: mərkəz nazirliyə hüquqi ünvanının dəyişməsi, təsisçilər arasındakı dəyişiklik və nümayəndəliklərinin açılması haqda məlumat verməyib. 2008-ci ilin mayında məhkəmə SMM-in qeydiyyatını ləğv edib. Azərbaycanda bütün digər məhkəmə instansiyaları ilk insansiyanın qərarını qüvvədə saxlayıb.
İddiaçılar Avropa Konvensiyasının 11-ci maddəsinə əsaslanaraq təşkilatın qeydiyyatının rədd edilməsindən və qeydiyyatın ləğv edilməsindən şikayət ediblər.