Avropa İttifaqı və Azərbaycan: insan haqları dəyərləri enerji geosiyasətinin kölgəsində
Avropa İttifaqı və Azərbaycan
Avropa İttifaqının Azərbaycanla münasibətlərində son illərdə müşahidə edilən dönüş – insan haqları və demokratik institutlara dəstək xəttinin tədricən geri çəkilib, enerji təhlükəsizliyi və regional geosiyasətin ön plana çıxması – ölkədə repressiyaların ən sərt mərhələsi ilə eyni zamana təsadüf edir.
Bu paralellik həm Aİ-nin normativ güc iddiası, həm də Cənubi Qafqazda formalaşan yeni siyasi nizam üçün mühüm nəticələr formalaşdırır.
Bu məqalə artıq iyirmi ildən çoxdur Azərbaycanda sistematik özbaşına həbsləri araşdıran və insan hüquqları müdafiəçiləri ilə QHT-lərin birgə təşəbbüsü olan “Campaign to End Repression in Azerbaijan” tərəfindən hazırlanmış 2025-ci il “Prinsiplərin gözardı edilməsi: Azərbaycanda İnsan Hüquqları Böhranı – Avropa İttifaqı Enerji və Geosiyasəti Üstün Tutur” adlı hesabatın məlumat və nəticələrinə əsaslanır.
Güc balansının dəyişməsi: Azərbaycanın yüksəlişi və Avropanın susqunluğu
Hesabatın təsvir etdiyi mənzərə göstərir ki, Azərbaycanın beynəlxalq çəkisi 2022-ci ildən sonra nəzərəçarpacaq dərəcədə artıb: enerji marşrutlarına nəzarət, Qara dəniz-Xəzər tranzitinin mərkəzi halqası kimi mövqeyi, COP29-un Bakıda keçirilməsi və Ukraynaya humanitar dəstək fonunda yaranmış diplomatik imic ölkənin geosiyasi əhəmiyyətini genişləndirib.
Lakin bu yüksəliş paralel olaraq ölkə daxilində həyati institutların – media, QHT-lər, müstəqil siyasət və akademik müzakirələrin sərt şəkildə boğulması ilə müşayiət olunub.
Aİ-nin xüsusi nümayəndələrinin Bakıya səfərləri zamanı insan haqları mövzusunun ya ümumiyyətlə qaldırılmaması, ya da yalnız simvolik bəyanatlarla məhdudlaşdırılması Azərbaycanda avtoritar idarəetmənin ciddi diplomatik xərc daşımadığını göstərən bir siqnal kimi qəbul edilib.
Normativ tərəfdaşlıqdan maraqlar üzərində qurulan əməkdaşlıq keçid
İki tərəf arasında əməkdaşlığın əsası olan 1999-cu il Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi insan haqlarının, hüquqi dövlət prinsipinin və demokratik institutların möhkəmləndirilməsini açıq şəkildə vurğulayırdı. Lakin hesabatın təhlili göstərir ki, bu çərçivə 2010-cu illərdən etibarən real təsir gücünü itirməyə başlayıb:
- Azərbaycan 2013-cü ildə Assosiasiya Sazişindən imtina etməklə siyasi şərtliliyə açıq olmadığını nümayiş etdirib.
- 2015-2018-ci illər ərzində tərəflər münasibətləri daha çox enerji, ticarət və infrastruktur üzərində quran “modernizasiya” modelinə keçib.
- 2022-ci ildən sonra isə Rusiya-Ukrayna müharibəsi Aİ-nin enerji mənbələrini diversifikasiya etmək ehtiyacını kəskinləşdirdib və Bakı ilə əməkdaşlıq geosiyasi prioritetə çevrilib.
Beləliklə, dəyərlərə əsaslanan siyasət tədricən instrumental, maraqlar üzərində qurulan siyasətlə əvəz olunub.
Enerji amili: Aİ-nin əsas prioriteti və ziddiyyətlərin qaynağı
2022-ci il enerji memorandumundan sonra münasibətlərin mərkəzinə məhz qaz ixracının artırılması və Azərbaycan üzərindən keçən “Orta Dəhliz”in genişləndirilməsi oturub.
Hesabatda yazıldığına görə:
- Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq ölkənin ixracının 63%-ni təşkil edir;
- 2022-2024-cü illərdə Aİ-nin Azərbaycan qazı və neftinə tələbi azalsa da, siyasi prioritet kimi bu xətt qorunub saxlanılır;
- Eyni zamanda Azərbaycanın Rusiyadan enerji idxalını artırması və “yenidən brendləşdirilmiş” Rusiya qazının Avropaya ötürülməsi ilə bağlı şübhələr bu əməkdaşlığı strateji baxımdan daha da paradoksal edir.
Bu arqumentlər Aİ üçün fundamental sual yaradır: enerji təhlükəsizliyi uğrunda normativ dəyərlərdən imtina etmək uzunmüddətli perspektivdə təhlükəsizlik yaradır, yoxsa əksinə, avtoritar sistemləri daha da möhkəmləndirir?
Repressiyaların yeni mərhələsi: siyasi məhbuslar, medianın boğulması, transsərhəd təqib
Hesabatda göstərilir ki, Azərbaycan artıq müstəqillikdən bəri ən böyük siyasi məhbus sayına malikdir – 400-dən çox. Təkcə 2024-2025-ci illərdə aparıcı media qurumlarının bağlanması, BBC və VOA jurnalistlərinin ölkədən çıxarılması, “AbzasMedia“, “Toplum TV“, “Meydan TV” və digər platformalara qarşı kütləvi həbslər media azadlığını praktiki olaraq sıfırlayıb.
Repressiya yalnız ölkə daxili ilə məhdudlaşmır: jurnalist və hüquq müdafiəçilərinin xaricdə izlənməsi, ailə üzvlərinə təzyiq, Interpol vasitəsilə axtarış cəhdləri – bunlar Bakının siyasi nəzarəti sərhəddən kənara çıxardığını göstərən nümunələrdir.
Bu kontekstdə Aİ-nin susqunluğu yalnız normativ risk deyil, həm də praktiki nəticələr doğurur: hökumətin repressiya xərci azalır, cəmiyyətin müdafiə mexanizmləri tamamilə sıradan çıxır.
Aİ daxilində parçalanma: Parlamentin sərt mövqeyi vs Komissiyanın “pragmatizmi”
Hesabata görə, Avropa Parlamenti 2024-2025-ci illərdə Azərbaycanla enerji sazişinin dondurulması, insan haqları pozuntularına görə sanksiyalar, siyasi məhbusların azad edilməsi üçün şərtlilik kimi kəskin çağırışlar edib.
Lakin Avropa Komissiyası və Aİ Xarici Fəaliyyət Xidməti bu xətti praktikada tətbiq etməyib, enerji və ticarət dialoqlarını əvvəlki kimi davam etdirib. Bu ikililik Azərbaycan hakimiyyəti üçün də aydın mesaj verir: sərt bəyanatların real siyasi nəticəsi yoxdur.
Arxa plan
Aİ-nin fərqli ölkələrə münasibətdə sərgilədiyi yanaşmalar bu ziddiyyəti daha da qabarıq göstərir. Belarus və Gürcüstan nümunələrində Aİ açıq şəkildə repressiyaları pisləyib, həm sanksiyalar tətbiq edib, həm də vətəndaş cəmiyyətinə sistemli dəstək göstərib.
Azərbaycanla münasibətdə isə bənzər alətlərdən istifadə olunmur, baxmayaraq ki, ölkədə siyasi sistem eyni dərəcədə, bəzən daha sərt şəkildə avtoritardır.
Bu fərq Aİ-nin Cənubi Qafqaz siyasətində prinsipiallıq ilə realpolitik arasında yaranan boşluğu daha görünən edir.
Yekun
Hesabatın nəticələri göstərir ki, Aİ-nin hazırkı siyasəti bir tərəfdən enerji təhlükəsizliyi üçün qısamüddətli rahatlıq yaradırsa, digər tərəfdən həm Azərbaycanın daxili siyasi mühitini daha da qapatmasına, həm də Aİ-nin öz dəyərlər sisteminin zədələnməsinə gətirib çıxarır.
Ən kritik məqam isə budur: Azərbaycanın repressiyaları dərinləşdirdiyi bir dövrdə Aİ-nin siyasi dəstəyi əsasən enerji əməkdaşlığına fokuslanırsa, bu, yalnız Bakıya deyil, regiondakı bütün avtoritar aktorlara “dəyərlər prinsipial deyil” mesajı ötürür.
Bu ziddiyyətli vəziyyət Cənubi Qafqazda uzunmüddətli sabitlik və demokratik inkişaf üçün ciddi strateji suallar altında qoyur.
Avropa İttifaqı və Azərbaycan