Avropa İttifaqı Gürcüstan üçün sərhədləri açır, Gürcüstan isə Avropa üçün yox
Avropa İttifaqı Şurası Gürcüstanı Aİ-nin öz sərhədlərini vətəndaşlarının üzünə açdığı 15 ölkənin siyahısına daxil edib. Bu siyahı iki həftədən bir yenilənəcək. Bu, tövsiyə xarakteri daşıyır – hər bir Aİ ölkəsi göstərilən siyahıdakı hansı ölkədən turistləri qəbul edib-etməyəcəyinə özü qərar verəcək.
Çexiya Gürcüstan vətəndaşlarını qəbul etməmək qərarına gəlib. Çexiyanın XİN rəhbəri Tomaş Petriçek bildirib ki, ölkə yalnız ikitərəfli əsasda sərhədlərini açacaq.
Avqustun 1-ə qədər Gürcüstan sərhədlərini açmaq, aviareysləri bərpa etmək və turistlər üçün məcburi epidemioloji tələbləri sadələşdirmək niyyətində olmadığı üçün Çexiya da simmetrik cavab verir. Bundan başqa, nazirin sözlərinə görə, Çexiya hakimiyyəti vətəndaşlaının sərhədi keçərkən mürəkkəb koronavirus testindən keçmələrini istəmir.
Aİ 15 təhlükəsiz ölkə siyahısına Gürcüstandan başqa Əlcəzair, Avstraliya, Kanada, Yaponiya, Çernoqoriya, Marokko, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Taynald, Tunis və Uruqvayı daxil edib.
ABŞ, Meksika, Cənubi Afrika, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Əfqanıstan və sairə siyahıdan kənarda qalıb.
Gürcüstan hökuməitinin böhran əleyhinə planına görə turizm mövsümü iyulun 1-də başlamalı idi. Bununla belə, hakimiyyət bu məsələ ilə bağlı Aİ-nin mövqeyini diqqətə almaq niyyətindədir. Amma hətta Gürcüstanda epidemioloji vəziyyət təhlükəsiz kimi dəyərləndirilsə və Avropa turizm xətti ilə əlaqələri bərpa etməyə hazır olsa belə, Tbilisi mütəmadi aviareyslərin və turizmin bərpasını avqustun 1-ə qədər təxirə salıb.
- Maska, baryerlər, bahalaşma. Gürcüstanda koronavirusdan sonra turizm necə olacaq?
- Ermənistanda epidemiyanın yayılması – Gürcüstanın çıxardığı nəticələr
Gürcüstan hökuməti planların dəyişməsini vətəndaşların sağlamlığının qayğısına qalması ilə izah edib, buna görə də epidemioloji vəziyyətin pisləşməsinin qarşısını almaq üçün ehtiyatlı olmağa ehtiyac var.
“Mütəmadi avia-əlaqələrin bərpası sərhədlər bağlanana qədər Gürcüstanda sərnişindaşıma ilə məşğul olan 40 şirkətin fəaliyyətinin yenidən başlaması deməkdir. Bu isə öz növbəsində o deməkdir ki, Gürcüstana yalnız Avropa dövlətlərinin yox, həm də digər ölkələrin vətəndaşları gələcək, bu da riskləri artıracaq”, – iqtisadiyyat naziri Natiya Turnava hökumətin atdığı addımı izah edib.
Hökumətin qərarı əhalinin böyük hissəsinin narazılığına səbəb olub. Bu insanlar “Koronavirusla yaşamağı öyrənək” çağırışının məhdudiyyətlərin aradan qaldırılmasını, o cümlədən də uçuşların bərpası və sərhədlərin açılmasını nəzərdə tutduğunu hesab edir. Turizm sahəsində çalışanlar hamıdan çox məyus olub – artıq dörd aydır ki, Gürcüstanda turist yoxdur və turizm şirkətləri, mehmanxanalar və restoranlar ayaqda qalmaq uğrunda mübarizə aparır.
Əvəzində hökumətin qərarı ilə epidemioloqlar razıdır. “Gürcüstanda koronavirusun daxili yayılması faktiki yoxdur. Amma kənardan virus gətirilsə, vəziyyət pisləşə bilər”, – epidemioloq Otar Çokaşvili deyib.