ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirləri Şuşaya getməkdən imtina ediblər
Bu günlərdə Azərbaycanda akkreditasiya olunmuş 46 ölkənin səfirləri Şuşaya səfər ediblər. Səfər ölkə prezidenti İlham Əliyevin tapşırığı əsasında həyata keçirilib. Məlum olub ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin – Rusiyanın, Fransanın və ABŞ-ın səfirləri Azərbaycanın “mədəniyyət paytaxtı” elan edilmiş şəhərə səfərdən imtina ediblər. Bu fakt ölkə ictimaiyyətində ciddi narazılığa səbəb olub.
- Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olundu
- Dağlıq Qarabağda müharibədən sonrakı həyat: İnsanlar gediblər ki, qayıtsınlar
- Qarabağ münaqişəsi və Ermənistanın yeni parlamenti: Bakıdan baxış
İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanda akkreditasiyadan keçmiş diplomatik korpus münayəndələrinin işğaldan azad edimiş rayonlara səfərləri mütəmadi olaraq təşkil edilir. İndiyə kimi onlar dövlətin təşkilatçılığı ilə Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Ağdam rayonlarında olublar.
“Bu, ikili standartların nümunəsidir”
Azərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun sözlərinə görə, Şuşaya səfərdə Avstriya, Belarus, Çin, Gürcüstan, İsveç, İsveçrə, İtaliya, Latviya, Niderland, Serbiya, Tacikistan, Ukrayna, Yaponiya və Yunanıstan kimi ölkələrin səfirləri, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri iştirak ediblər.
Onun fikrincə, belə səfərlərdə məqsəd “onları yerindəcə mövcud vəziyyətlə, eləcə də ermənilərin 30 il ərzində törətdikləri vandalizm, Azərbaycan xalqının maddi və mənəvi irsinin talan və məhv edilməsi siyasəti ilə tanış etməkdir”.
“Hazırkı reallıqlar elə bir geosiyasi vəziyyət yaradıb ki, kimsə istəsə də, istəməsə də, Azərbaycanın dünyada gördüyü işlər bütün dünya tərəfindən qəbul olunur. Bu, siyasətlə məşğul olan insanlar üçün aydın bir məsələdir. Ona görə də, işğaldan azad olunmuş ərazilərə səfər edən xarici diplomatların da sayı hər dəfə artır. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın Azərbaycandakı səfirlərinin bu səfərlərə qatılmamasına gəlincə, bunun müxəlif səbəbləri ola bilər.
Həm Rusiya, həm ABŞ, həm Fransanın səfirləri mütləq belə səfərlərdə iştirak etməlidirlər. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan bu ölkələrin nümayəndələri belə səfərlərin Azərbaycan xalqı üçün əhəmiyyətli olduğunu bilməlidirlər. Bu ölkələrin səfirləri mütləq işğaldan azad edilmiş ərazilərdə səfərlərdə iştirak etməlidirlər və iştirak edəcəklər də. Çünki hansısa bir bəyanat vermək, addım atmaqdansa, işğaldan azad olunmuş ərazilərə səfər edərək, işğal dövründə törədilmiş vandallıqları öz gözləri ilə görsələr, bu, daha məqsədəmüvafiq olar”, – S.Seyidov bildirib.
O əlavə edib ki, ABŞ, Rusiya və Fransa səfirləri bu vaxta qədər nəinki Şuşaya, həmçinin digər işğaldan azad edilmiş bölgələrə səfərlərə getməyiblər:
“Təəssüflər olsun ki, bir sıra beynəlxalq təşkilatların, dövlətlərin Azərbaycana ikili standartlarla yanaşmaları həmişə özünü göstərib. Fransa özü bunun parlaq nümunəsidir. ABŞ-a gəlincə, Prezident Co Baydenin 28 may Respublika Günü münasibəti ilə ünvanladığı məktub özü münasibətlərdə bir irəliləyişdir. Amma Konqresin qəbul etdiyi qərarlarda Azərbaycana ikili standartlarla yanaşmanın təzahürünü görmək mümkündür. Yaxud Rusiya mətbuatında nələrin baş verdiyini görürük. Ona görə də ikili standartlar olacaq. Ancaq əsas odur ki, Azərbaycan elə bir geosiyasi reallıq yaradıb ki, onun qəbul edilməməsi artıq mümkün deyil. Çünki bu geosiyasi reallıq ABŞ, Rusiya və Fransanın maraqlarına uyğundur”.
Keçmiş XİN rəhbərindən sərt bəyanat
“ABŞ, Rusiya və Fransanın səfirləri Şuşaya gedənə qədər rəsmi və ictimai təcridə məruz qoyulmalıdır. Yəni qəbul edilməməli, istənilən tədbirə dəvət olunmamalıdırlar”. Bunu Azərbaycanın sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov bildirib.
Onun fikrincə, digər ölkələrin səfirləri kimi Şuşaya səfərə dəvət olunan ABŞ, Rusiya və Fransa səfirlərinin bu səfərdə iştirak etməməsi nümayişkaranə mövqe sərgiləməkdir:
“Bununla vəziyyət stabilləşəndən sonra status barədə danışıqlar aparmaq niyyətində olduqları mesajını verirlər. Onların bu elədikləri Madrid prinsiplərinin məntiqidir. ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın səfirlərinin işğaldan azad olunmuş ərazilərə, o cümlədən Şuşaya təşkil edilən səfərlərdə iştirak etməməsində ikinci başqa məna tapa bilmirəm.
Azərbaycan da artıq birmənalı öz mövqeyini bildirməlidir. Əslində bu mövqe prezident İlham Əliyev tərəfindən bildirilib. Dövlət başçısı bəyan edib ki, münaqişə bitib, heç bir status olmayacaq, indi Azərbaycanın dəvəti ilə burada olan Rusiya və Türkiyə bizə bu bölgələri reinteqrasiya etməkdə köməklik göstərirlər.
Bu baxımdan ATƏT-in Minsk qrupu üçün heç bir vəzifə qalmır və bu mövqe dəfələrlə bəyan edilib. Amma görünür ki, Azərbaycanın bu mövqeyi ilk növbədə həm Ermənistanın, həm də fərqli mövqedə olan dairələrin xoşuna gəlmir”.
Diplomat qeyd edib ki, Azərbaycan öz əraziləri üzərində suveren hüquqlarını bərpa edib:
“Azərbaycanın bu suveren hüquqlarını heç kim əlindən ala bilməz. Bu baxımdan Azərbaycan artıq birmənalı mövqe ortaya qoyaraq, ümumiyyətlə, ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina etməlidir. Artıq bunun vaxtı gəlib çatıb”.
Şərhlər
Baş verənlər sosial şəbəkələrin Azərbaycan seqmentində də ciddi müzakirələrə səbəb olub. Şərhlərdən bəzilərini diqqətinizə çatdırırıq:
“Düşünürəm ki, ABŞ, Rusiya və Fransa səfirlərininŞuşaya getməkdən imtina etməsinə reaksiya birmənalı şəkildə olmalıdır. Bu reaksiya maksimal dərəcədə sərt olmalıdır: ATƏT-in Minsk qrupu institutu tam şəkildə tanınmamalı, səfirlərə etiraz notaları təqdim olunmalı, səfirlərin özləri isə arzuolunmaz şəxs elan edilməlidirlər. Hər üçü. Bunu ləngitmədən, nəticələrini düşünmədən etmək lazımdır. Son zamanlar etdiklərinə görə Fransa ilə, ümumiyyətlə, diplomatik əlaqələrin kəsilməsi prosesinə başlamaq olar”.
“Ola bilsin ki, səfirlərin azad olunmuş torpaqlara getməməsinə diplomatik bir səbəb var. Onlar hər hansı bir ölkənin tərəfini saxladıqlarını göstərə bilməzlər. Amma razıyam ki, səfirlərə qarşı yumşaq tədbirlər görülməlidir”.
“Bundan sonra həmin səfirlər heç bir dövlət tədbirlərinə dəvət olunmamalıdır, vəssalam. Onların da təşkil etdikləri tədbirlərdə Azərbaycan dövləti təmsil olunmamalıdır. O vaxta qədər ki, ağılları başlarına gəlsin”.