Atəşkəsin xarici tamı var
Münaqişə zonasında 6 aprel 13:00-dan 13:00 7 aprel, 2016-cı ilə qədər baş verən hadisələrin icmalı
Bakıdan informasiya
Təsdiqlənmiş mənbələrdən məlumat
Bakıda Rusiya, ABŞ və Fransadan olan Minsk qrupu həmsədrləri bir günlük işlərini bitirdilər. Müdafiə naziri Zakir Həsənov İqor Popov, Ceyms Uorlik, Pyer Andriye və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşiklə görüşüb.
Həmi vaxt Bakıda səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov prezident İlham Əliyevlə görüşüb.
Bütün danışıqlarda iki əsas mövzu müzakirə olunurdu – tərəflərə hərbi qarşıdurmanın dayandırılmasında dəstək və Qarabağ münaqişəsinin həll üçün yeni danışıqlar prosesinə təcili başlanması.
“Bizim konkret təkliflərimiz var və onları həmsədrlərlə birlikdə mümkün qədər fəal işə salmağa çalışırıq, – Lavrov deyib.
Bundan başqa, Rusiyanın baş naziri Dmitri Medvedevin Yerevan və Bakıya gözlənilən səfəri barədə məlumat verilir.
Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, bu səfərdən yaxşı heç nə gözləmir: “Çünki onların uzun illər ərzindəki fəaliyyəti ancaq Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılmasına yönəlib. Gəlsinlər görək indi nə deyəcəklər, nə təklif edəcəklər? – deputat deyib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 5-də Moskvada Azərbaycan və Ermənistan silahlı qüvvələrinin generalları Rusiya tərəfinin vasitəçiliyi ilə qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılmasına dair razılıq əldə ediblər.
Amma aprelin 6-dan 7-nə keçən gecə erməni silahlı qüvvələri Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı Azərbaycan mövqelərini atəşə tutmaqda davam ediblər.
Bununla bağlı, Vaqif Dərgahlı bu gün təhdid edici bəyanat verib: “Erməni qüvvələri təxribatları davam etdirər və işğal etdiyi əraziləri tərk etməzsə, onları hələ çox “sürprizlər gözləyəcək.
Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlının məlumatına görə, dörd günlük atəşə tutma zamanı təmas xəttində 31 Azərbaycan hərbiçisi həlak olub.
Bakının küçələrində nümayişlər keçirildi. Gənclər əllərində bayraqla vətənpərvərlik şüarları səsləndirirdilər.
Sosial şəbəkələrdə
Birinci trend: birliyin həsrəti.
Sosial şəbəkələrdə atəşkəs elan olunandan sonra məyusluq dalğası yayıldı. Hamı bu üç günü görünməz milli birlik kimi xatırlayır.
“Milli həmrəylik gününü dekabrın 31-də deyil, aprelin 2-də qeyd etməyi təklif edirəm”.
“Mən 20 ildir ki, xalqımda belə bir birlik görməmişdim”.
İkinci trend: cəmiyyətdəki hərbi meyllərdən zəif narazılıq.
“Azadlıq prospektində bayraqlar və “Qarabağ şüarı ilə avtoyürüş keçirilir. Özünüzə gəlin, qardaşlar. Ayılma çox ağır olacaq. Ola bilsin artıq sabah, Lavrovun səfəri ərəfəsində”.
“Facebookda “Ermənilər və azərbaycanlılar müharibənin əleyhinədir adlı məxfi sayt açılıb. Onun təşkilatçıları hələlik öz işlərini açıqlamağa çəkinirlər.
Üçüncü trend: məyusluq və yorğunluq
“Aprelin beş günü ərzində həlak olan bu 31 əsgəri dekabrda ölən 31 neftçiyə, onlardan da əvvəl mayda yaşayış evində yanan 15 sakinə (beşi uşaq olmaqla) əlavə edirik.
“Sonrakı onilliklərdə rişxənd və masqaranın qarşısında dayanmaq üçün əsəblərimizi möhkəmləndiririk.
“Mənfur dünya hökmdarlarının şahmat lövhəsi üzərində olan bədbəxt piyadalar.
Ekspert rəyi
Ərəstun Oruclu, “Şərq-Qərb Tədqiqat Mərkəzinin rəhbəri:
Atəşkəs elan olunmasına görə qətiyyən məyusluq yaşamaq lazım deyil. Fikrimcə, indi ən yaxın zamanda real sülh danışıqları başlayacaq və beynəlxalq aləm ən azı aşağıdakı amilləri nəzərə alaraq Ermənistana ciddi təzyiq edərək, onu geri çəkilməyə vadar edəcək:
– Azərbaycan göstərdi ki, işğalın davamlı olması ilə hesablaşmayaraq istənilən an savaşa başlaya bilər;
– Azərbaycanlılar üçün ölkənin ərazi bütövlüyü bu gün də əsas məsələ olar gündəmdədir;
– Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayınca bölgədə hansısa sabitlikdən və qlobal iqtisadi layihələrdən danışmağa belə dəyməz;
– Azərbaycanın qısa müddətdə psixoloji, hərbi və strateji üstünlüyü öz xeyrinə dəyişmək üçün kifayət qədər potensialı var.
Təbii ki, bunlar mənim qənaətimdir və həqiqət olmaya da bilər, amma istənilən halda əminəm ki, məyusluq üçün heç bir səbəb yoxdur. Nikbin olaq.
Yerevandan gələn xəbərlər
Təsdiqlənmiş mənbələrdən məlumat
Qarabağ müdafiə ordusunun mətbuat xidməti bildirir ki, bu gecə Azərbaycan qüvvələri təmas xəttinin şimal-şərq istiqamətində, Talış kəndi ərazisində kəşfiyyat-təxribat əməliyyatı həyata keçiriblər. “Ön bölmələr mütəşəkkil şəkildə müdafiə olunurdu, düşmən geri çəkilib.
Eyni zamanda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, dünən axşam – 22:35-dən 23:00-a qədər Azərbaycan ordusu Vardenis şəhəri istiqamətində erməni sərhədinə atəş açıb, hərbi birləşmələr və yaşayış məntəqələri atəşə tutulub.
Ermənistan prezidenti Serj Sarqsyan Almaniyadadır və kansler Anqela Merkellə görüşüb. Ermənistan mediası xəbər verir ki, görüşdə həm də Dağlıq Qarabağ və Azərbaycan silahlı qüvvələrinin təmas xəttindəki vəziyyət də müzakirə olunub.
Görüşdən sonra baş tutan mətbuat konfransı zamanı Ermənistan prezidenti bildirib: “Hələ bu ilin əvvəlində Almaniya yenidən ATƏT-in Minsk qrupu həmsədrlərinin atəşkəsin pozulmasının araşdırılması mexanizmlərinin yaradılması ilə bağlı təklifini təsdiq etdi. Ermənistan həmişə bu təklifi dəstəkləyib, həm də snayperlərin təmas xəttindən çıxarılması təklifini… Azərbaycan qətiyyətlə bu tədbirlərə qarşı çıxır, çünki tamamilə başqa məqsədlər güdür. Və bu məqsədlər aprelin 1-dən 2-nə keçən gecə tam aydın oldu. Nəticədə Azərbaycan yenidən regionu Avropa təhlükəsizliyinə təhdid olan qaynar nöqtəyə çevirdi.
Serj Sarqsyan Ermənistanı narahat edən daha bir problemə toxundu – Ermənistanın müttəfiqlərinin Azərbaycana silah satması məsələsinə.
“Rusiya bizim strateji tərəfdaşımızdır və biz eyni təhlükəsizlik sistemindəyik. Təbii ki, Rusiya və tək Rusiya deyil, həm də bu qurumun üzvləri Azərbaycana silah satanda, bu bizi ağrıdır. Ancaq bir şey deyə bilərəm: düzdür, Azərbaycanda indi daha müasir texnika var və son üç günün hərbi əməliyyatları bu silah növlərinin həqiqətən də istifadə olunduğunu sübut edir.
Erməni mediası DQ müdafiə ordusuna istinadən təmas xəttində aprelin 5-də tərəflərin əldə etdiyi razılaşmaya əsasən, atəşkəs rejiminin saxlandığını bildirir.
Bununla belə, aprelin 5-də axşam Ermənistan televiziyasının Birinci kanalı (http://www.1tv.am/hy) DQ müdafiə ordusuna istinadən təmas xəttində atışmanın olduğunu bildirib.
Aprelin 6-sı səhər erməni mediası DQ Müdafiə Ordusunun mətbuat xidmətinə istinadən məlumat verib ki, gecə təmas xəttində aprelin 5-də tərəflərin əldə etdiyi razılaşmaya əsasən atəşkəs rejimi saxlanılırdı.
Ötən axşam Ermənistan televiziyasının Birinci Kanalı (http://www.1tv.am/hy) DQ Müdafiə Ordusuna istinad edərək, təmas xəttində atışma barədə məlumat verib. Bununla belə, DQ prezidentinin mətbuat katibi David Babayan xəbərlərin axşam buraxılışında canlı efirdə bildirib: “Aprelin birindən dördünə qədər baş verənlərlə müqayisədə son saatlarda baş verən atışmanı əhəmiyyətsiz hesab etmək olar.
Böhranla bağlı Vyanada iki gün ərzində işləyən ATƏT-in Minsk qrupunun saytında hərbi əməliyyatları dayandırmaq və münaqişəni sülh yolu ilə həll etmək çağırışlı bəyanat yerləşdirilib. Bundan başqa bildirilib ki, vəziyyətin pisləşməsi təcili olaraq həmsədrlərin vasitəçiliyi ilə danışıqlara başlamağın vacibliyindən xəbər verir.
Xarici işlər nazirinin mətbuat katibi Tiqran Balayan özünün “Twitterdəki səhifəsində bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 9-da Yerevana gələcək.
DQ Müdafiə Ordusunun operativ şöbəsinin rəisi Viktor Arustamyan bildirib ki, 4 günlük qarşıdurma zamanı 29 hərbiçi ölüb, onlardan yeddisi zabit və gizirdir. 101 hərbiçi yaralanıb, onlardan 29 nəfər zabit və gizirdir.
Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert Tatul Akopyan rəsmi mənbələrə istinadən “Ani erməni araşdırmaları mərkəzi saytında yazır: “Erməni tərəfi bir gün əvvəl düşmən tərəfindən alınan bütün mövqeləri: cənub-şərqi Tapqaraqoyunlu- Mataqis-Talış istiqamətində 3, cənub-şərqi Qazaxlaq-Araler istiqamətində 5 mövqeyi gəri aldığını bildirir. Bu zaman ekspert vurğulayır ki, məlumatlar rəsmi olsa da, tam dəqiq deyil.
Sosial şəbəkələrdə:
Birinci trend: Ancaq özünə və öz ordunun qüdrətinə arxalanmaq olar
Erməni mətbuatı Avrasiya Birliyinin Qarabağdakı atışma ilə bağlı Yerevanda nəzərdə tutulan baş nazirlərin sammitinin təxirə salınması haqda qəzəblə yazır, çünki “Medvedevin iştirakı ilə keçirilən sammit bir tərəfin dəstəklənməsi kimi qiymətləndirilə bilərdi.
“Aman Allah, dünyada 230 ölkə var və onların içindən biz özümüzə müttəfiq olaraq, məhz bunları seçmişik! Niyə? Hansı günahlarımıza görə? Buna cavab olaraq: “Çünki biz özümüz öz dostlarımızı seçmişik.
“Qazaxıstan Avrasiya İqtisadi Birliyinin sammitini Yerevanda deyil, Moskvada keçirməyi təklif edib. Deyəsən Rusiya da bununla razıdır. İndi guya bu, Sultanın xətrinə dəyməmək üçündür? Müttəfiq üçün çox qəribə addımdır.
İkinci trend: atəşkəs çətin ki, uzun müddət sürsün
“Mənim heç bir şübhəm yoxdur ki, hərbi əməliyyatlar ən qıza müddətdən sonra yenidən başlayacaq. Təəssüf. Atəşkəs ancaq tərəflərin özünə gəlməsi üçündür.
Üçüncü trend: nikbinliyi qorumaq və ən faciəvi anlarda belə pozitiv hadisələri görmək lazımdır
“Maraqlı bir təsadüfdür ki, aprelin birindən ikisinə keçən gecə Yerevanın ancaq bir doğum evində 20 körpə dünyaya gəlib – tam Qarabağda elə həmin vaxt düşmən gülləsindən ölənlərin sayı qədər.
Bundan başqa, zarafat da yayılıb: “Ermənistan yeganə ölkədir ki, vətəndaşları əmin-amanlıq vaxtı onu tərk edir, müharibə zamanı isə geri qayıdırlar.
Dördüncü trend: sevinmək vaxtı deyil, ölənləri və onları ağlayanları unutmaq olmaz
“Ay camaat, yəni doğrudanmı qələbə, daha doğrusu atəşkəs rejimi sizi kor edib? Mən bayağı zarafatları və “günün aforizmlərini oxumaqdan iyrənirəm. 29 həyatı artıq qaytarmaq mümkün olmayacaq, 70 nəfərdən çox yaralı var, Talışdakı ailə qəddarcasına öldürülüb, sizsə hələ də zarafat edirsiz! Sizin sakit həyatınız üçün qurban gedən insanların həyatını bu qədər ucuz tutmaq olmaz!
Beşinci trend: təhlükə anında yenidən yaranan birlik ruhunu saxlamaq lazımdır
“Biz bu əlaqənin, birliyin itməsinə yol verməməliyik, biz ancaq təhlükə anında birləşməməliyik. Heç də həmişə ölənlər arasında qəhrəman axtarmaq lazım deyil, bizim yanımızda da onlar az deyil, sadəcə onları görüb, qiymətləndirmək lazımdır.
Ekspert rəyi
Riçard Kirakosyan, Regional Araşdırmalar Mərkəzinin direktoru “1in.am saytına müsahibəsində deyib:
“Azərbaycan tərəfindən hər bir hücum faktı diplomatik təqvim və görüşlərlə bağlı olur. Bununla da Azərbaycan tərəfi özünün ümidsizliyini və beynəlxalq qurumlara münasibətdə hörmətsizliyini nümayiş etdirir. Son günlərdə baş verənlər daha çox Ermənistan və Dağlıq Qarabağa deyil, beynəlxalq ictimaiyyətə ünvanlanıb. Bu da Azərbaycanın regionun təhlükəsizliyi və stabilliyi üçün ciddi təhdid olduğunu göstərir.
Aydın olan odur ki, biz gələcək gərginləşməyə hazır olmalıyıq, həm aprelin 24-də, həm də növbəti günlərdə. Yayda da mütləq kəskin dövrlər olacaq. Və bu ancaq Ermənistan və DQ-ın təhlükəsizliyinə deyil, həm də bu kövrək sülhün qorunması üçün maksimum səy göstərməli olan vasitəçilər və beynəlxalq ictimaiyyətə meydan oxumaqdır.
JAMnewsun dosyesi:
• “JAMnewsun münaqişə zonasında 5 aprel üçün hadisələrin icmalı.
• Münaqişə tərəflərinin verdiyi informasiya ziddiyyətlidir və kimin hərbi əməliyyatlara başlaması, kimin reaksiya verməsi sualına cavab verməyə imkan yaratmır. Beynəlxalq mənbələr də hələlik bu suala cavab verə bilmirlər.
• Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında hərbi münaqişə 1991–1994-cü illərdə baş verib. Atəşkəs elan olunandan sonra Dağlıq Qarabağ Respublikası de-fakto müstəqil, amma dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayan respublika kimi mövcuddur. Azərbaycan Qarabağ və onun müharibə zamanı alınan ətraf ərazilərini işğal olunmuş sayır və geri qaytarılmasını tələb edir.
• ATƏT-in Minsk qrupu – Qarabağ ətrafındakı münaqişənin sülh yolu ilə nizamlanması yollarının axtarışı ilə məşğul olan ATƏT-ə üzv ölkələr qrupu 1992-ci ildə yaradılıb. 2016-cı ilin əvvəlinə Minsk qrupunun həmsədrləri bunlardı: İqor Popov (Rusiya Federasiyası), Pyer Andriye (Fransa) – 2014-cü ilin iyun ayından, Ceyms Uorlik (ABŞ) – 2013-cü il avqustun 6-dan. Minsk qrupunun tərkibinə Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan və Azərbaycan daxildir.