Aseksuallıq – Qafqazda və dünyada haqqında danışılması qəbul edilməmiş oriyentasiya
Birinci dəfə dərc edilib: 10.12.2018
“Hələ məktəb illərində, sinif yoldaşlarımın hamısında hormonlar tüğyan edəndə onlara baxıb düşünürdüm: bəs mən nə vaxt nəsə hiss edəcəyəm? Nəyə görə bu mənə maraqlı deyil?” — Şahzadə söyləyir.
O, Bakıda yaşayır, 20 yaşı var, qrafik dizaynerdir. Aseksual oriyentasiyalı dostlarını tapana qədər Şahzadə özünü xəstə sayırdı və hətta həkimə də müraciət etmişdi.
Cəmiyyət seksual azlıqlar barədə söhbətlərə artıq vərdiş edib, “hetero-homo” və bunlar arasındakı mümkün variantlar barədə danışılır. Halbuki, dünyada daha bir böyük qrup insan yaşamaqdadır – bunlar aseksuallardır.
Avropanın ən homofob ölkəsində geylər necə yaşasın?
Sevgi haqqında foto tarixçə: İran homoseksualları azadlıq gözləntisində
“Bizimlə heç kim maraqlanmır”. Azərbaycanda koronavirus xəstəsinin hekayəsi
Digərlərinə nisbətən onlar hər şeyin seks ətrafında dövr etdiyi cəmiyyətin təzyiqindən heç də az əziyyət çəkmirlər. Onları tez-tez zorlayır və bu zaman əldə bayraq tutduqları da belə bir düşüncə olur: “sına, xoşuna gələcək”.
“Aseksuallıq” anlayışı təxminən 1994-cü ildən tədqiqat predmetinə çevrilib. O vaxt Britaniyada QİÇS-in qorxulu yayılma templəri ilə əlaqədar irimiqyaslı tədqiqat aparılırdı. Həmin tədqiqatın gedişində əldə olunan əlavə məlumatlardan biri bu oldu ki, rəyi soruşulanların bir faizi heç zaman heç bir cinsin nümayəndəsinə qarşı seksual istək hiss etməyib.[/highlight]
O zamandan bəri həmin bir faiz aseksual adlandırıla biləcək insanların sayının təxmini ölçü vahidinə çevrilib – bu isə nəzəri olaraq bütün planetdə 60 milyon aseksualın yaşaması kimi nəhəng bir rəqəm deməkdir. Asexual Visibility and Education Network, yaxud AVEN adlanan aseksualların beynəlxalq cəmiyyəti də məhz həmin məlumata istinad edir.
Şahzadə həm kişilərlə, həm də qadınlarla görüşüb, çünki belə hesab edib ki, qarşı cinsə onda maraq yoxdursa, ola bilsin, həmin maraq eyni cinsin nümayəndələrinədir. Özünün dediyi kimi, heç nə alınmayıb. Çarəsi yalnız komfort zonasından çıxmaq və istəmədiyi ilə razılaşmaq olub.
Sənə deyirlər: “Sübut et ki, sevirsən”. Başa salmaq çətindir ki, adamı sevirsən, amma tumanının altına girmək istəmirsən”.
Fransanın “Konbini” portalı tərəfindən bu yaxınlarda nümayiş etdirilmiş video aseksuallığın az qala himninə çevrilib. Lori adlı qız aseksuallar haqqında danışır və deyir:
“İnsanlar anlamırlar ki, sekssiz məhəbbət mümkündür. Onlar bizi düzəltməyə, sağaltmağa cəhd edirlər, lakin biz xəstə deyilik. Aseksuallıq xəstəlik deyil.
Lori deyir ki, bu gün homoseksuallığın nə olduğunu hamı bilir, kimsə bunu qəbul edir, kimsə etmir. Lakin aseksualların mövcudluğundan bir çox insanların ümumiyyətlə xəbəri belə yoxdur.
Aseksual insanlar haqqında əsas mif məhz budur – onlar sevməyi bacarmır və yaxın münasibətləri istəmirlər.
Lakin bu belə deyil. AVEN cəmiyyəti isə həm də ona görə yaranıb ki, aseksuallar burada özlərinə dəstək, bəlkə də potensial partnyor tapsınlar.
Partnyoru adi sosial şəbəkədə də tapmaq olar. “Facebook”dakı Azərbaycan qruplarından birində bu yaxınlarda belə bir qeyd dərc olunmuşdu:
“Salam, mənim 35 yaşım var, boyum 177, çəkim 80-dir. Qadınla münasibət axtarışındayam, lakin təəssüf ki, sekssiz. İş burasındadır ki, mən aseksualam. Xahiş edirəm, impotentlik və ya frigidliklə qarışdırmayasınız. Hisslər məndən xali deyil, gözəlliyə qiymət verməyi, alicənab olmağı bacarıram”.
Mətnin müəllifi anonim qalmağa üstünlük verir, lakin Bakıda aseksual kişinin həyatının özünə xas xüsusiyyətləri barədə JAMnews-a danışmağa razılaşıb:
“Öpüşləri və prelüdiyanın digər elementlərini qəbul edə bilirəm, halbuki bunlarsız da asanca keçinirəm. Əvvəl fikirləşirdim ki, impotentəm. Həkimlərə müraciət edirdim, onlar isə yalnız bir şeyi bilirlər ki, kamaqra və digər ceneriklərin qəbulunu məsləhət görürlər (kamaqra – viaqra adlı dərman preparatının variasiyalarından biridir, ceneriklər isə preparatın orijinalının surətidir). Beş il bundan əvvəl internetdə axtarış verdim: “seks istəməyən insan”. O zaman öyrəndim ki, bu xəstəlik deyil”.
O həmçinin etiraf edir ki, dostlarının arasında aseksual olduğunu gizlədir. Və bu üzə çıxmasın deyə, gözəl bir qız görəndə heteroseksual kişilər üçün tipik olan ifadələrdən istifadə edir: misal üçün, “nə babat qızdı”.
“Mən özümü tərbiyəli insan hesab edirəm və bunu ancaq ona görə edirəm ki, başqalarından seçilməyim. Dostlarım düşünməsinlər ki, geyəm. Aseksuallar barədə o vaxt heç özümün də xəbərim yox idi. Gözəl qadına baxmaqdan xoşum gəlir, lakin bu vaxt məndə cinsi istək yaranmır”, – o izah edir.
Klinik psixoloq və seks-terapevt Təhmasib Cavadzadə deyir ki. aseksuallığın cinsi istəyin pozğunluqlarına heç bir aidiyyəti yoxdur.
“Seksual oriyentasiyanın dörd növü mövcuddur: heteroselsuallıq, homoseksuallıq, biseksuallıq və aseksuallıq. Bunlardan heç biri normadan kənaraçıxma deyil” — o deyir.
Aseksuala həkimlərin viaqra təyin etməsini seks-terapevt belə şərh edir:
«Seks istəyi yoxdursa, heç bir viaqra kömək etməyəcək. O, yalnız bir halda kömək edir ki, istək olsun».
Aseksuallıq münasibətləri korlaya bilərmi?
Birmənalı olaraq bəli, əgər partnyorlardan biri aseksual, digəri belə deyilsə. Real bir cütlüyün nümunəsində vəziyyəti nəzərdən keçirək.
Fidan artıq üç ildir ki, Kamranla görüşür və o, qızı öpürsə də, yalnız yanağından öpür.
“Heç cür dil tapa bilmirik, o qəti olaraq yaxınlığın əleyhinədir. Bəzən qucaqlaşırıq, lakin münasibətlərimizdə intimə tabu var. Bununla belə, Kamran özünü aseksuallara aid etmək istəmir. O fikirləşir ki, aseksuallıq – tibbi diaqnozdur, o nəsə “başqa cür” olacaq”, — qız nəql edir.
Fidan özü heteroseksualdır və partnyorunun güzəştə getmək istəməməsi bəzən onu qorxulu düşüncələrə qərq edir.
“Hərdən düşünməyə başlayıram ki, o, qeyri-ənənəvi oriyentasiyalıdır. Lakin sonradan anlayıram ki, bu mümkün deyil, o, heç cür geyə bənzəmir”.
Qız fiziki yaxınlığa kəskin ehtiyac duysa da, sevgilisindən ayrılmağı düşünmür: onun insani keyfiyyətlərini hər şeydən üstün hesab edir.
Aseksuallıq hələ də əksər insanlara aydın deyil. Kimisi hesab edir ki, bu təkamülün nəticəsidir və bunlar “yeni insanlar”dır. Kimisi də aseksuallığı bakirliklə – bilərəkdən yaxınlıqdan qaçmaqla qarışdırır. Lakin daha bir yayılmış mif var: aseksuallar iddia edirlər ki, onlar cinsi həyatdan çəkinmirlər. Bu onlara, sadəcə olaraq, lazım deyil.