Azərbaycanda LGBT-nin problemləri haqqında " />

Avropanın ən homofob ölkəsində geylər necə sağ qala bilər?

Azərbaycanda LGBT-nin problemləri haqqında

“Harada gəldi gey olduğunu qışqırmasan, hər şey normaldır, problem olmayacaq”, – yağışdan mağazanın damı altında gizləndiyimiz vaxt Andrey danışır. Andrey hündür, qamətli oğlandır.

Onlar bir yerdə gəliblər. Andrey və Adnan. Adnan jurnalistlə görüşə daha bir neçə nəfər gətirməyi söz vermişdi, amma onlar imtina etdi. Adnan orta boyludur, əlini sıxanda yumşaqlığı hiss olunur, dəblə geyinib, baxımlı saç düzümü var. Bu cür oğlanlara hətta gey-cəmiyyətlərinin daxilində də (bu cəmiyyətlərdə belə “daxili homofobiya”ya bənzər nəsə var) “naz-qəmzəli” adlandırırlar. O, Andreyə heç oxşamır. Əslində ən “zəif” tipaj da budur – oriyentasiyası “üzündə yazılan” insanlar.

Biz “İçəri şəhər” metro stansiyasının qarşısında görüşüb, hara getdiyimizi bilməsək də gedirik. Yağış yağır. İçəri şəhərə giririk, qala divarı boyu, hand-mayd və rəsm əsərləri satılan mağazaların yanından ötüb keçirik, Qoşa qala qapısından Fəvvarələr Meydanına çıxırıq. Yolda onlar mənə öz həyat hekayələrini danışır.

Məqsədim LGBT üzvlərinin özündən cəmiyyətimizin onlara qarşı nə qədər tolerant olduğunu müəyyən etməkdir. Bir tərəfdən, ILGA-Europe-un reytinqi var,  bu reytinqdə Azərbaycan Avropanın seksual azlıqlara qarşı ən dözülməz ölkəsi kimi qeyd olunur. Digər tərəfdə də dövlətin “total tolerantlıqla” bağlı bəyanatları durur.

Hər iki müsahibim (Adnan və Andrey) dərhal heç bir problemlərinin olmadığını deyirlər, təbii ki, “hər addım başı bu haqda qışqırmasan”. Amma məni təəccübləndirən elə budur. Əgər hər şey belə gözəldirsə, onda niyə onlarla əlaqə qurmaq bu qədər çətindir? Niyə LGBT-nin sosial şəbəkələrdə profilləri şəkilsiz, həm də əksər vaxtlarda uydurma adlarla olur? Və əgər hər şey belə yaxşıdırsa, bu kütləvi ünsiyyətdən qaçmaq istəyi hardandır?

Andrey deyir ki, 15 yaşı tamam olanda hər şeyi valideynlərinə danışıb. Valideynləri “normal reaksiya veriblər”, evdə qalmaqal yaşanmayıb. Elə belə də yaşayırlar. “Hər şey yaxşıdır”.

Adnanın valideynləri isə hələ də xəbərsizdir. Onlar sosial şəbəkə istifadəçisi deyillər, əks halda çoxdan bilmişdilər – internetdə Adnan özünü gizlətmir. Amma qonşular şübhələnir, yanlarından ötüb keçəndə öz aralarında pıçıldaşırlar.

Bəs məktəb, institut? Hər şey qaydasındadır, “biz axı aləmə car çəkmirik”.

Homoseksualın “aləmə car çəkməməsi” ilə bağlı sözləri LGBT-dən əvvəllər də eşitmişəm.

Başqa ölkələrdə qəhrəmanlıq sayılan “coming out”, yəni öz oriyentasiyasının açıq şəkildə insan tərəfindən bəyan edilməsi azərbaycanlı geylər tərəfindən bir variant kimi nəzərdən keçirilmir.

Hələ 1896-cı ildə vəkil və azlıqların müdafiəçisi Karl Ulrixs “coming out”a çağırıb. Məşhur seksoloq İvan Blox da eyni mövqeni tutub. Hələ XX əsrin ikinci yarısında psixoloqlar və psixiatrlar belə bir nəticəyə gəlib ki, homoseksualların problemləri onların cəmiyyət tərəfindən qəbul edilməməsindədir, bu problemin həlli üçün də cəmiyyətin münasibətində dəyişikliklər edilməlidir, homoseksuallığın özü isə korreksiya oluna bilməz.

LGBT sosial şəbəkələrdə

Sosial şəbəkələrdə LGBT cəmiyyətinə həsr olunan qruplar da var. Misal üçün, “Facebook”da kifayət qədər çoxsaylı olan LGBT Azerbaijan səhifəsinin 3362 iştirakçısı var. Bu da Bakı əhalisinin 0,1%-dir.

Yeri gəlmişkən, bu səhifələri təkcə LGBT nümayəndələri deyil, həm də tolerant heteroseksuallar izləyir. Qrupda müzakirə olunan mövzular çox müxtəlifdir. Yerli mediada LGBT ilə bağlı dərc olunan yazıları müzakirə edirlər, amma “mənzil kirayə edərəm” kimi tam fərqli, adi elanlara da rast gəlmək olar. Bununla belə, mövzular daha çox onların oriyentasiyası və statusu ilə bağlıdır (“Bu gün ən yaxın dostuma etiraf etdim. Davam etmək, valideynlərimə, qardaşıma danışmaq istəyirəm”. Qalanları nəzakətlə sual verir, dəstəkləyirlər: “Reaksiyası necə oldu?”). Amma daha çox insanları (qrupda Azərbaycan dilli gənclər daha çoxdur) ailələri, yaxınları ilə münasibətlər narahat edir.

Daha bir analoji tematikası və qeydiyyatdan keçmiş 1414istifadəçisi olan gay.az saytı da var. Bu, Azərbaycanda yeganə LGBT saytıdır. Onun yaradıcısı Ruslan Baluhin bildirir ki, bu yaxınlarda öyrəndiyinə görə, Azərbaycanda gey tematikalı domenlərin qeydiyyatı qadağandır.

“Domen adlarının .az (online.az) zonasında qeydiyyatı üzrə texniki dəstək mərkəzində Gay.Az saytına bildiriblər ki, domenin adı Azərbaycanda .az milli domeninin administratoru olan IntraNS şirkəti tərəfindən qara siyahıya salınıb”, – saytın qeydində deyilir. Sonra da IntraNS və rabitə nazirliyi ilə araşdırma olsa da heç bir nəticə vermədi – məmurlar ancaq “bir-birinə eyham vurmaqla” kifayətləndilər”.

Yeri gəlmişkən, məhz gay.az yerli cəmiyyət üçün cəsarətli bir aksiya keçirdi – Bakı küçələrində göy qurşağı rənglərində olan bayraqla fotosessiya təşkil etdi.

Bu cəmiyyətlərdən birinin üzvü də 2014-cü ildə təqiblərə görə intihar edən gey-fəal İsa Şahmarlı idi. Onun “Facebook” divarında son yazısı: “Bu ölkə, bu dünya mənə görə deyil… Bu dünya mənim rənglərimi daşıyacaq qədər rəngli deyil. Əlvida”.

Ölümündən sonra Binə qəsəbəsinin sakinləri onu dəfn etməyə imkan vermədilər . Dəfn baş tutandan sonra isə İsanın qəbrini yerli vandallar dağıtdı.

Друзья Исы Шахмарлы у его могилы

Zaur: “Dünyaya belə gəlmişəm”

Qrupun üzvlərindən biri olan Zaur gənc oğlandır. Cəmi 17 yaşı var, məktəbi yenicə bitirib.

“Daha çox məktəbdə sıxışdırılmışam. Buna görə də oranı cəhənnəm adlandırıram. Misal üçün, rahat sinifdən çıxıb, məktəb yeməkxanasına gedə bilmirdim. Mütləq yeniyetmələrdən kimsə səni təhqir edəcək, ünvanına nalayiq sözlər işlədəcək (“Ə, petux, peti, bura bax az” kimi sözlər). Hardasa 9-cu sinifdə oxuyanda buna çox kəskin reaksiya verirdim, gah direktora, gah da sinif rəhbərinə şikayət edirdim. Şükür Allaha, onlar həmişə mənim tərəfimdə olublar. Amma o vaxtlar axı hələ uşaq idim və mənim “feminine” xarakterim o qədər də diqqət cəlb etmirdi, xüsusən də müəllimlərin diqqətini.

Əlbəttə, onlar mənim gey olub-olmadığımı dəqiq bilmirdilər. Bağışlayın, amma 17 yaşımda belə hər hansı normal münasibətlərim olmayıb. Məni daha çox ünsiyyət maneram və ümumiyyətlə maneralarım ifşa edirdi, onlara nəzarət etmək çox çətindir, axı belə doğulmuşam. Böyüyəndən sonra da anlayırsan ki, camaat sənə təəccüblə baxır, hətta müəllimlər qeybətini edir. Amma axı mən həmin müəllimlərin gözlərinin qabağında böyümüşəm, onlar həmişə məni nümunəvi və savadlı bir şagird kimi tanıyıb. İndi daha çox xəstə adama baxan kimi baxırlar”. “.

Reytinqlər, tədqiqatlar, rəsmi mövqelər

Beləliklə, ILGA-Europe təşkilatının apardığı tədqiqatlara əsasən, Azərbaycan Avropada seksual azlıqlara qarşı ən dözülməz ölkədir. Azərbaycanda LGBT cəmiyyətlərini qoruyan qanun yoxdur, zorakılıqdan qoruyan sığınacaqlar yoxdur, ailələrdə dözümsüzlük var, bundan başqa, həm cəmiyyətdə, həm də dövlət məmurları səviyyəsində nifrət dili var . Azərbaycan üzrə hesabatda təşkilat məhz LGBT-yə qarşı törədilən kriminal cinayət faktları, məmur və siyasətçilərin dözümsüzlüyünü nümayiş etdirən sitatlar gətirir.

Misal üçün, ILGA-Europe-nin məlumatına görə, LGBT üzvlərinin məhz seksual oriyentasiyası səbəbindən döyülməsi və hətta öldürülməsi halları var –tanışlıq saytları vasitəsiylə “tutulması” nəticəsində qətllər, küçələrdə isə döyülmə və qətl halları baş verir.

ILGA-Europe rəsmi şəxslər tərəfindən aqressiv ritorika nümunələrini gətirib. Belə ki, deputat Mübariz Qurbanlı deyir: “Azərbaycanda eynicinsli insanların nikahına icazə verilə bilməz!”, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə televiziya kanallarından birini “sanki normal bir şey imiş kimi, homoseksuallığı nümayiş etdirdiyinə görə” tənqid edib.

Bu da fərqli fikir. LGBT-nin hüquqları ilə məşğul olan “Gender və inkişaf” təşkilatının rəhbəri Kəmran Rzayev bildirib ki, əslində Azərbaycan seksual azlıqlara kifayət qədər dözümlü yanaşıldığı bir yerdir, ILGA-Europe-un reytinqi isə LGBT-ni müdafiə edən qanunverici bazanın olmamasına əsaslanır.

Həmin dözümlülük barədə tez-tez iqtidar yönlü mətbuat da danışır, azlıqların hüquqlarını müdafiə edənləri isə (misal üçün “Nəfəs” təşkilatını) provokator adlandırır. Bununla yanaşı, seksual azlıqlarına qarşı aqressiv ritorikası olan məqalələr də dərc olunur .

vesti.az: saytında gey bar barədə gedən məqalədən

“Seksual azlıq nümayəndələrinə qarşı tolerantlıq və dözümlülük barədə nə qədər danışsalar da, bunun normal olduğunu, geylərin bizim kimi insan olduğunu nə qədər bizə desələr, biz yenə də bu anormal hala alışa bilmirik. Məncə, bütün sağlam düşüncəli insanlar mənimlə eyni fikirdədir”.

Dərsliklər geylərə qarşı

“Nəfəs” LGBT-nin hüquqları ilə məşğul olan daha bir təşkilatdır, yəni yuxarıda haqqında söhbət gedən həmin o “provokatorlar”dandır. Təşkilat LGBT-yə qarşı münasibət barədə informasiya toplayır və Avropa təşkilatları üçün hesabat hazırlayırdı.

“Nəfəs”in keçmiş əməkdaşı, gender hərəkatının fəalı, həm də birinci onlayn “Minority” LGBT-jurnalının redaktoru Gülnarə Mehdiyeva LGBT-yə qarşı bilavasitə dövlət qurumları tərəfindən qərəzin olmasından danışır.

“Belə bir presedent olub: ali məktəblərdə tədris olunan “Ailə psixologiyası” dərsliyində deyilir ki, homoseksuallıq xəstəlik, patologiya və s-dir. İnsest və pedofiliya ilə bir sıraya qoyulur. Müəllif hətta “Ulu qüdrətə zidd hərəkətdi” yazdı, sanki bu dərs ali məktəbdə deyil, mədrəsədə tədris olunur. Bir sözlə, dəhşət, – Gülnarə deyir. – Biz Təhsil Nazirliyinə şikayət yazdıq ki, doğru olmayan məlumat tədris edilir, homoseksuallıq dünyada 1990-cı, Azərbaycanda isə 2005-ci ildən xəstəlik sayılmır. Kitab isə 2015-ci ildə dərc olunub. Bizə dedilər ki, bu bizik işimiz deyil, ali məktəbin elmi şurasına müraciət edin”.

İlk növbədə Səhiyyə Nazirliyindən cavab aldım. Onlara aşağıdakı sualları göndərdim: homoseksuallıq xəstəlik sayılırmı və həkimin bunu “müalicə” etməyə ixtiyarı varmı?

Onlar cavab verdilər ki, 2005-ci ildən bizdə XBT-10 (onuncu oxunuşda Xəstəliklərin Beynəlxalq Təsnifatı) istifadə olunur, bu təsnifata görə də bu, xəstəlik sayılmır, müalicəsi də qadağandır”.

Statistika

Azərbaycanda LGBT-yə aid hansısa rəqəmləri tapmaq çox çətindir. “Nəfəs” artıq 2015-ci ildən kriminal və zorakılıq halları ilə bağlı hesabat aparmır, – Gülnarə Mehdiyeva deyir. – Bu hesabat kriminal xronikada gedən xəbərlər əsasında aparılırdı, amma orada da cinayətin LGBT zəminində törədildiyini qeyd etməyə bilərlər. Polis bu işləri ayrıca kateqoriyaya ayırmır, halbuki uzun müddət bu məsələni düzəltməyə çalışmışıq. Misal üçün, belə bir hal olub, seks işçisi trans olduğunu etiraf edəndən sonra onu meşəyə aparıb, döyüb və qarət etmişdilər. Həm də cinayətkarların özləri də bunu etiraf edirdilər”.

LGBT-yə qarşı real münasibətdən “Minority” jurnalının keçirdiyi video-sorğu da xəbər verə bilər: “Övladınızın qey olduğu məlum olsa nə edərdiz?” İnsanlar cavab verirdi: “Axı biz müsəlmanıq, xristian ölkələrindən fərqlənməliyik”, “öldürərdim”, ya da əksinə “necə istəyir, yaşasın”, “gey dostlarım var, dəhşətli heç nə görmürəm”. Respondentlərin əksəriyyəti əmindir ki, onların başına belə bir iş gəlməyəcək. Amma istənilən halda övladını dəstəkləməyə hazır olanlar da az deyil.

Sorğu cəmiyyətdə indiyə qədər də hökm sürən möhkəm stereotipdən xəbər verir: bu gün homoseksuallıq artıq “xəstəlik” deyil, amma “düzgün tərbiyə” ilə nəzarət oluna biləcək “əxlaqsızlıqdır”.

Nəzərə almaq lazımdır ki, sorğu şəhərin mərkəzində aparılıb. Şəhərin kənarlarında və Azərbaycanın əyalətlərində nəticə xeyli daha “radikal” ola bilərdi.

Qadağan olunan meyvə

LGBT-yə münasibətin daha bir tərəfi var – qadağa olunana həddən artıq böyük marağın olması. Belə ki, yazıçı Ələkbər Əliyevin “Artuş və Zaur” kitabı bir neçə il əvvəl böyük marağa, Azərbaycan üçün görünməz olan minlərlə nüsxənin çıxmasına və hətta məhkəmə qərarı ilə tirajın müsadirəsinə səbəb oldu. Kitabın baş qəhrəmanları – azərbaycanlı və erməni geylər, sevgililərdir. Ajiotajla yanaşı kitab sosial şəbəkələrdə qəzəbə səbəb oldu, hamını narahat edən suallardan biri də o idi ki, “onlardan hansı “passiv”, hansı “aktivdir”?”. Elə belə də yaşayırıq.

Fotolar “Peace for LGBT” təşkilatının fəalları tərəfindən “Z-53” aksiyası çərçivəsində 2015-ci ilin oktyabr ayında çəkilib

More on JAMnews