“Arzuların şəhəri” – Batumidə getto
Yüksək dağlıq Acariyadan yüzlərlə ailə Batumi şəhərinə 2012-ci ilin payızında, “Gürcü arzusu” koalisiyasının Gürcüstanda parlament seçkilərində qalibiyyətindən demək olar ki, dərhal sonra köçüb. Onlar şəhərin kənarında, keçmiş Rusiya hərbi bazası ərazisində, öz əlləri ilə kartondan tikdikləri daxmalarda məskunlaşdılar.
Dağlardan gələnlərin əşyaları demək olar ki, yoxuydu – burada əsasən məhdud imkanlı insanlar, çoxuşaqlı ailələr, ailə başçısını itirən ailələr, Abxaziya və 2008-ci il avqust müharibəsi veteranları məskunlaşıb. Yəni ən çox ehtiyacı olanlar.
“Arzuların şəhəri” – rəsmi məlumatlara görə, 1500 ailənin yaşadığı rayon belə adlanır. Qeyri-rəsmi məlumata görə isə sakinlərin sayı iki dəfə artıqdır. Beş il əvvəl rayon boş yerdə bir neçə gecə içində yaranıb. Onun yaranması da bilavasitə indiki hakim “Gürcü arzusu” partiyası ilə bağlıdır.
“Arzuların şəhəri” necə yaranıb
2012-ci ildə o vaxtkı müxalifətin – “Gürcü arzusu”nun nümayəndələri sağa-sola vədlər paylayırdılar.
Onlar Acariyanın ən kəskin duran problemlərindən birini həll etməyə – Yuxarı Acariyada torpaq sürüşməsi nəticəsində evsiz qalan ekoloji miqrantlara kömək etməyə, yoxsulluğun qarşısını almağa söz verirdilər.
Müxalifətçilər hakimiyyətə gələndən sonra dağlardan aşağı birinci ekoloji miqrant axını gəldi. Onlar göz qırpımında Batumi yaxınlığında özlərinə daxma və komalar tikərək ümid edirdilər ki, bu yolla öz problemlərini hakimiyyətin daha yaxşı yadına sala biləcəklər.
“Arzuların şəhəri” Batumi kənarında 25 hektar ərazidə yarandı. 20 hektardan bir az çox – Rusiya hərbi bazasının keçmiş ərazisi – hazırda Acariya muxtariyyətinin mülküdür, qalan hissə özəl şirkətə məxsusdur.
“Karton şəhər” – yerli mətbuat sözün hərfi mənasında beş gün ərzində Batumi-Axalsixe yolunun kənarında yaranan qəsəbəyə belə bir ad qoydu.
Burada tikililər həqiqətən də kartondan idi. Burada birinci köçkünlər axını məskunlaşdı. Komaların damı axıdır, ətraf palçığıydı, su yoxuydu, hər yer qaranlıq və soyuq idi. Amma bütün dözülməz şəraitə baxmayaraq, qəsəbənin əhalisi dayanmadan artırdı, axı insanlar inanırdı ki, “arzu”nun seçkiqabağı vədləri tezliklə yerinə yetiriləcək. “Arzuların şəhəri” sonradan, rişxəndlə yarandı.
Acariyadan olan, Gürcüstanın başqa regionlarda yaşayan ekoloji miqrantlar bir gün biləndə ki, dövlətin onları yerləşdirdiyi evləri özləri pulla almalıdırlar, “Arzuların şəhəri”nə ikinci axın oldu. Misal üçün, Şərqi Gürcüstandakı Salka rayonunda acarlar Gürcüstanı tərk edən yunanların evlərinə məskunlaşanda belə oldu. 2013-cü ildə evlərin sahibləri qayıdıb, mülklərinə görə pul tələb etdilər. Bundan əvvəl təbii fəlakətə görə yurdlarından didərgin düşən bir çox ekoloji miqrantlar geri, Acariyaya, “Arzuların şəhəri”nə qayıtmalı oldu.
Su və kanalizasiyasız
2015-ci ildə “Arzuların şəhəri”nə Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujniyeks səfər edib. Gürcüstandakı vəziyyət haqqında hesabatında Avropa komissarı “Arzuların şəhəri”nə düz bir səhifə həsr edib. O qeyd edib ki, qəsəbədə 900-ə yaxın ailənin həyat şəraiti ağırdır – onların su kəməri, kanalizasiyası yoxdur. Ailələrin səhiyyə xidmətlərindən istifadə etmək və sosial yardım almaq imkanı yoxdur. Komissar hakimiyyətə bu insanların elementar ehtiyaclarının təmin edilməsi və layiqli həyat şəraitinin qurulması üçün real addımlar atmağı tövsiyə edib.
Avropa komissarının səfəri öz bəhrəsini verdi – “Arzuların şəhəri”nə elektrik enerjisi verildi, yoxsulluq həddinin aşağı səviyyəsində yaşayan əksər ailələrə isə pulsuz yeməkxanalara getmək haqqı verildi.
Bu gün, beş il sonra kartondan komalar az yerdə qalıb. Hazırda burada hər yerdə beton bloklardan evlərin tikintisi gedir. Heç bir planı olmadan tikilən qəsəbədə nə küçə, nə mərkəzləşdirilmiş kanalizasiya, nə mağaza, nə də tibb məntəqəsi var.
Dato Mcavanadze – 2008-ci il müharibə veteranı və “Arzuların şəhəri” nin inşaatçılarından biri
Burada su kəməri də yoxdur. Əvvəlcə sakinlər suyu uzaqdan gətirirdilər. Sonra çıxış yolu tapdılar. “Traktor gətirib, üç metr dərinliyində torpağı qazıb, su quyusu düzəldirik. Su quyusundan suyu evlərə nasoslarla çəkirik. Bur quyudan bir neçə ailə istifadə edir”, – yerli sakin Qoça Şainidze danışır.
Qoça ilə xanımı məhdud imkanlı insanlardır. Onlar özlərinə artıq kiçik bir ev tikiblər, indi də ayaqyolu düzəltməyə çalışırlar. Üç övladları var. 13 və 14 yaşlı qızları Qiuli və Meqi musiqi məktəbində oxuyurdular, amma ailə artıq onların təhsilinə görə ayda 60 lari (24 dollar) ödəyə bilmirdi və musiqi dərslərini atmalı oldular. Qızlar valideynlərinin hansı vəziyyətdə olduğunu bilir və musiqi ilə bağlı arzularının çin olmayacağı ilə barışmalı olublar.
Rəsmi məlumata görə, “Arzuların şəhəri”ndə 1500, qeyri-rəsmi məlumata görə isə 3 minə qədər adam yaşayır
50 yaşlı Zeynəb dul xanımdır, dörd qız böyüdür. Yeniyetmə qızları ilə birlikdə illərlə Türkiyəyə çay yığımında işləmək üçün gedib. Bununla da 10 min lari (4 min dollara yaxın) toplayıb, ev tikə bilib. Təzə evdə qonaq və yataq otaqları var, amma döşəmə ilə tavanda sementdir. Bununla belə tualetlə hamam otağı var, burada bu, nadir haldır. Qonşular hətta Zeynəbin evinə bu “cah-cəlala” baxmaq üçün gəlir.
Zeynəbin qızları böyüyüb. Böyük qızı elə “Arzuların şəhəri”ndə yaşayan oğlana ərə gedib. Dəhliz, tualet və vanna otağının təmirini Zeynəb məhz gələcək kürəkəninin ailəsinin onların evinə qonaq gəlməsi ərəfəsində bitirib. Deyir ki, təzə qohumlarının özləri də yaxşı yaşamır, amma onları təmir olunmamış evdə qəbul etmək istəməzdi.
“Arzuların şəhəri”nin özünün primitiv kanalizasiya modelləri var: üç metr dərinliyində quyu qazır, buraya çirkablı suyu tökürlər. “Kanalizasiyanı” üstündən yaxşıca örtmək lazımdır, yoxsa bu, infeksiyanın yayılmasına gətirib çıxara bilər. Bu cür quyuları qazmaq da heç də hamının cibinə görə deyil.
Tamar Kokobinadze – yeddi uşaq anası, “Arzuların şəhəri”nin sakini
Qəsəbə sakinləri bildirir ki, bu ərazidə 450-yə yaxın məktəb, 300-ə yaxın məktəbəqədər və 250 azyaşlı uşaq yaşayır. Amma bu, təxmini rəqəmlərdir, çünki burada heç kim rəsmi hesabat aparmır.
İngilis dili dərsləri
40 yaşlı Marina Beridze qəsəbənin ilk sakinlərindəndir. Onun dörd uşağı var. Yerli sakinlər özlərinə diqqəti cəlb etmək üçün tez-tez etiraz aksiyaları keçirir. Adətən Marina adətən onların baş təşkilatçısı olur. Bu yaxınlarda Marina qeyri-hökumət təşkilatı təsis edib:
“Biz, uşaqların ingilis dili və texniki fənlər öyrənəcəyi maarifləndirmə mərkəzi tikmişik. İngilis dilini Hollandiyadan olan könüllü təmənnasız tədris edir, həmçinin “Hilton” oteli bizə pulsuz müəllimlər söz verib. 10 partamız var və yəqin ki, biz bir dəfəyə 20 uşaqdan çox qəbul edə bilməyəcəyik. Amma bir neçə növbə təşkil edəcəyik və aşağı siniflərdən başlayacağıq”.
Mərkəzdə ancaq uşaqların çimə biləcəyi hamam üçün də yer ayrılıb. Həmçinin burada səfalət içində yaşayan ailələrin istifadə edə biləcəyi tualet, paltaryuyan və qurutma otağı üçün də yer var.
İbadətgah
Yerli əhali burada yaşayanların çoxunun müsəlman olduğunu deyir. Məscidləri yoxdur, amma yerlilər bu tələbatları barədə heç vaxt xüsusi olaraq danışmayıb da. Hazırda burada kiçik ibadətgah tikirlər. Tikintinin təşəbbüskarı 27 yaşlı Tazodur. O, burada üç il əvvəl həyat yoldaşı ilə birlikdə məskunlaşıb.
Onun hekayəsi Acariyadan olan ekoloji miqrantın tipik hekayəsidir – uşaqlıqda o ailəsi ilə birlikdə əvvəlcə Marneuliyə, sonra Kvareliyə, daha sonra da Salkaya gəlib, yerli yunanın qoyub getdiyi evdə məskunlaşır. Amma bir gün ev sahibi qayıdır və tələb edir ki, ya onlar ona 14 min avro ödəsin, ya da evi boşaltsınlar. Beləcə Tazo valideynləri və qardaşları ilə birlikdə “Arzuların şəhəri”nə gəlib çıxır. Bəxtinin gətirdiyini deyir, o İslam ruhani məktəbində təhsil alıb və hazırda qonşu kəndin məscidində imam işləyir. Maaşı ayda 300 laridir (120 dollara yaxın). Atası və qardaşları hazırda Türkiyədədir – çay yığırlar.
“Mən uşaqlara dini doqmatikanı öyrədirəm. Bizim 24 şagirdimiz var, dərslər həftədə üç dəfə keçirilir. Özüm dini təhsilimi Batumidə almışam, daha sonra Türkiyənin Bursa şəhərində institut bitirmişəm”, – Tazo danışır.
O “Arzular şəhərində” özünə ev tikib. Onun evini ibadətgahdan bir divar ayırır.
“İbadətgahı öz puluma tikdiyimi desəm yalan demiş olaram. Belə bir imkan heç bir ruhanidə yoxdur. Mənə Türkiyədəki müəllimlərim kömək edib. Mən onlara hansı şəraitdə yaşadığımızı danışdım, onlar da mənə pul verdilər”.
Çıxdaşlar
Qəsəbədə uşaq bağçası yoxdur. Manana Beridze deyir ki, burada çox sayda hamilə var və bağça haqqında düşünmək lazımdır.
“Hər ikinci qadın hamilədir. Bizə baxıb deyirlər – bu bədbəxtlərin uşaq nələrinə lazımdır, bunlar niyə qarınlarını şişirdib gəzirlər?”, – Marina zarafat etməyə çalışır.
Burada deyirlər ki, onların problemlərinə təkcə hakimiyyət deyil, adi insanlar da biganədir.
“Hökumət insanları inandıra bildi ki, biz sadəcə başqasının əmlakını mənimsəmiş fırıldaqçılarıq, cəmiyyətin hesabına yaşamağa çalışırıq. Təbii ki, cəmiyyətdə bizə qarşı azacıq da olsa mərhəmət hissi yoxdur”, – “şəhər” sakinlərindən biri deyir.
“Şəhər” və “Arzu”
Hakim “Gürcü arzusu” partiyası tərəfindən komplektləşdirilmiş Acariya hakimiyyətində deyirlər ki, əslində “Arzular şəhəri”ndə yaşayanların cüzi bir hissəsi ekoloji miqrantdır. Söhbət hökumətin 25 min lari (ildə təxminən 10 min dollar) məbləğində yardım proqramına daxil etdiyi təxminən 30 ailədən gedir.
“Bu ailələr təyin olunmuş növbə əsasında ekomiqrantlar üçün proqramda iştirak edir. Biz onlar üçün ev alırıq”, – Acariyanın səhiyyə və sosial müdafiə nazirinin müavini Revaz Cinçaradze deyir. O, muxtariyyətin hökuməti yanında ekomiqrantların sosial-hüquqi vəziyyətinin araşdırılması komissiyasına rəhbərlik edir.
Artıq bir neçə ildir ki, hakimiyyətdə deyirlər ki, “Arzular şəhəri”nin gələcəyi ilə bağlı plan var, amma bu plan nədən ibarətdir? – heç kimin buna cavabı yoxdur.
“İndi seçkiqabağı mərhələdir [21 oktyabrda Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkiləri keçiriləcək] və biz bu barədə danışmağı məqsədəuyğun saymırıq. Amma biz hər şeyi qanun çərçivəsində edəcəyik ki, bir ailə belə diqqətdən kənarda qalmasın. Biz evi olub da, hakimiyyətdən hər hansı bir yardım almağa çalışan ailələrdən danışmırıq. Biz bunun üzərində qeyri-hökumət sektoru ilə birlikdə çalışacağıq, biz öz planlarımızla seçkilərdən sonra vətəndaşları tanış edəcəyik”, – nazir müavini deyir.
Bununla belə, Cinçaradze onu da deyir ki, “orada yaşayanların 70 faizinin hökumətin köməyinə ehtiyacı yoxdur”.
Marina Beridze deyir ki, bu cür bəyanatlar sakinlər arasında parçalanma yaratmağa yönəlib. “Amma “arzular şəhəri”nin sakinləri hökumətlə ayrı-ayrılıqda danışmaq fikrində deyillər”, – Marina deyir.
Onun sözlərinə görə, “Arzuların şəhəri”nin sakinləri hökumətdən bu yerdə çoxmərtəbəli binaların tikilməsini istəyir. Onlar hesab edir ki, hökumət evləri tikəcək, bir hissəsini satacaq, bir hissəsini isə təmənnasız yerli sakinlərə verəcək sərmayəçi tapmalıdır.
Hələlik isə “şəhərin” sakinləri öz əlləri ilə tikdikləri evlərdə yaşayır və əsasən Türkiyədə işləməklə – yayda çay və fındıq yığmaqla, qışda isə xadiməçilik, uşaq və qocalara baxmaqla dolanırlar.