Art-əyalət: Gənclər Azərbaycanın regionlarında mədəni həyatı necə inkişaf etdirir
Stereotipləri sındıran və “ev-iş-ev” qapalı dairəsindən çıxmağa kömək edən kreativ məkanlar
JAMnews bu materialı hazırlayarkən Azərbaycanda həyat demək olar ki, karantin səbəbindən dayandı. Amma unutmamalıyıq ki, koronavirus epidemiyası gec ya da tez bitəcək, mədəniyyət isə qalacaq.
Cümə gecəsi Bakı gəncləri üçün qlamur gecə klublarından tutmuş art-house kino nümayişlərinə qədər bir çox variant seçimi verir. Cümə gecəsi əyalətdən olan oğlan üçün isə adətən qəhvəxana və ya çayxana arasında seçimdən ibarət olur. Qızlar üçün isə heç bu variantlar da yoxdur, çünki burada çoxlarının düşüncəsinə görə, tərbiyəli qızlar axşamlar evdə oturmalıdır. Sadə dildə desək, Azərbaycan əyalətlərində gənclər üçün əyləncə məkanları demək olar ki, yoxdur, yaradıcılığını nümayiş etdirmək üçün variantlar isə ondan da azdır. Özləri də əyalətdən olan iki gənc bu vəziyyəti düzəltmək qərarına gəliblər.
Şimal-şərqdə Murad yaz günəşinin işıqlandırdığı və fortepiano səsi dolmuş otaqlarda yeni qonaqlarla hal-əhval tutub, elektrikə zəng vurmağa çalışdığı vaxtda cənub-şərqdə İqrar təmir üçün bir neçə min manatı hardan tapmaq və yerli icra orqanları ilə necə razılığa gəlmək barədə düşünür.
Bir neçə il əvvəl hər ikisi Bakıda yaşayıb, festival və partilərə qatılır, hətta özləri də bu cür məclislər təşkil edirdi. Amma sonradan vətənlərinə qayıdıb, paytaxtdan daha çox öz doğma şəhərlərində lazım olduqlarını anladılar.
İncəsənət bağı
Murad ətrafa oğrun-oğrun baxır, daha sonra fənər dirəyinə Art Garden stikerini yapışdırır. Əlavə reklam ziyan verməz. Halbuki Gəncədə bu məkan yetərincə tanınır.
Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir. Buna baxmayaraq, Gəncədə paytaxtdan on dəfə az – dörd yüz min insan yaşayır. Qırmızı kərpicli binalar, köhnə kilsədə yerləşən kukla teatrı və mart ayında məcrası tam qurumuz Gəncəçay. Gəncəni sakit və darıxdırıcı adlandırmaq olmaz, burada həyat başqa regionlara baxanda daha rəngarəngdir. Burada müasir kafelər, bir neçə teatr, mədəniyyət mərkəzi var, Bakıdan qastrollara sənətçilər gəlir, bir müddət əvvəl kinoteatrı olan mall da açılıb. Amma müasir sənətə üstünlük verən gənclərin yenə də getməyə yeri yoxdur. Ona görə də şəhərdə “Art Garden” kimi qeyri-standart məkan açılan kimi çox məşhurlaşdı.
2018-ci ilin əvvəllərində bura altının səkkizə bir zirzəmi idi. İndi isə “Art Garden Ganja” çox sayda otağı, eyvanı və kiçik bir bağı olan bütöv binanı tutur.
“Art Garden”in ərazisi Gəncədən çıxmış ən məhşur insanlardan biri, 20-ci əsrin əvvələrinin ictimai-siyasi xadimi Fətəli xan Xoyskinin şərəfinə adlandırılmış Xoyski kafesindən başlayır. Yerli qraffiti ustası tərəfindən çəkilmiş Xoyskinin şəkli sizi girişdə salamlayır. Yeri gəlmişkən, bu şəhərdə divarlarda yazmaq qadağandır, ona görə yerli qraffiti ustaları qurdlarını “Art Garden”də öldürürlər.
Kafeni “Art Garden” fəaliyyətə başlayandan bir müddət sonra açdılar, komunal xərcləri ödəmək üçün müəyyən bir gəlir lazım idi. İndi isə kafedən gələn gəlir nəinki art-məkanın fəaliyyətini davam etdirmək, hətta bəzi işçilərin maaşını verməyə yetir. Murad özü və komandanın əsas üzvləri bu məkandan hələlik heç bir gəlir əldə etmirlər. Muradın yaxın dostları bu işə başlayarkən hətta öz pullarını da qoyublar.
Onlardan biri barista Kəpəzdir – keçmiş mühasibdir, mahnı yazır, rəsm çəkir və öz sözlərinə görə, “30 yaş krizisi” astanasındadır. Yaxın gələcəkdə “Xoyski”də qəhvə qızardılması və bişirilməsi üzrə təlimlər təşkil etmək istəyir.Rəssam Təhminə, xarratlığı sevən İsmayıl (smartfonunda xəttarlıq proqramı da var, sən demə belə proqram da var imiş), hesab və bağla məşğul olan Musa, jurnalist olmağı arzulayan Aytən də komandanın üzvləridir.
Onların hamısı gəncəlidir və burada doğulub böyüyüblər. Onların “Art Garden”lə bağlı hekayələri də demək olar ki, eynidir – “gəldim, gördüm, qaldım”. Hamısı da məkanın onların həyatını tamamilə dəyişdiyini, yeni dostlar tapmağa və “ev-iş-ev” qapalı dairəsindən çıxmağa kömək etdiyini deyir.
“Art Garden”də konsertlər, tamaşalar, sərgilər, art-terapiya seansları və iştirakçıların müxtəlif mövzularda fikrini bildirdiyi bir növ tok-şoular kimi məclislər təşkil olunur.
Kafedəki fortepyanoda da həmişə kimsə ifa edir. Ayrıca otaqda Təhminə rəsm dərsi keçir. Aşağıda emalatxana kimi düzəldilmiş qarajda İsmayıl mebel və məişətdə lazım olan başqa şeylər düzəldir. Qonşu tikilidə yerli musiqi qrupları məşq edir. Məkan və alətlər onlara pulsuz təqdim olunur, sadəcə əvvəldən yazılmaq lazımdır.
«Əvvəllər dostumun mənzilində, iki gitara və əsl təbil yerinə masaya təbil çubuğu vurmaqla məşq edirdik. “Art Garden” isə nəinki məşq üçün şərait, hətta çıxış etmək üçün məkan təqdim etdi. Buna görə də deyə bilərik ki, bizim karyeramız məhz burada başlayıb», – «Rigveda” qrupunun lideri Hüseyn deyir.
Qorxuya və stereotiplərə qalib gəlmək
Əgər işlər bundan da yaxşı getsə, Murad gələcəkdə Azərbaycanın başqa regionlarında bu cür art məkanlar açmağı düşünür. Onun müşahidələrinə görə, paytaxt gənclərin də həvəs onalrın gəncəli yaşıdlarına nisbətən daha azdır:
«Bakıda gənclər eyni vaxtda beş tədbirin arasında seçim edə bilir, ona görə xüsusi maraq da yoxdur. Burada, Gəncədə isə alternativlər azdır, insanlar da daha “fokuslanmış” olur. Bir də məncə, buradakı gənclərin daha bir fərqliliyi onların daha cəsarətsiz olmalarındadır.
Onlara fərqli yanaşma lazımdır, hər bir gənclə uzun-uzun söhbət etmək lazımdır ki, nə ilə maraqlandığını, hansı sahədə özünü göstərə biləcəyini anlayasan, yeni ab-havaya uyğunlaşmasına kömək etmək lazımdır. Gəncədə işləyərkən mən insanlarla daha sıx ünsiyyət qurmağı öyrəndim».
“Art Garden” müəyyən mənada gəncəli gənclərə və daha yaşlı nəsilə “bohem həyatı” (əyalətlərdə bunu, adətən, adi əxlaqsızlıq kimi qəbul edirlər) ilə bağlı bəzi stereotiplərdən qurtulmağa kömək etdi. Muradın sözlərinə görə, yerli sakinlərin çoxu əvvəl bu məkana ehtiyatla yanaşırdılar, indi isə “Xoyski” kafesinə hətta ailələri ilə gəlirlər.
Məkanın “zirzəmi dövründən” layihəyə qoşulan Təhminənin sözlərinə görə, Gəncədən olan bir qadın üçün bu çox cəsarətli bir addım idi:
«Mən həmişə şəxsi emalatxanamın olmağını arzulamışam və Murad mənə o vaxt “Art Garden”in yerləşdiyi zirzəmini təklif etdi. O vaxt mənim valideynlərim buna qarşı çıxır, məni fikrimdən daşındırmağa çalışır, təyziq edirdilər. Amma mən təslim olmadım».
Təhminə “Art Garden”i həyatının dönüş nöqtəsi adlandırır və regionlarda bu cür yerlərin tək vaxt keçirmək üçün deyil, həm də insanların dünyagörüşünü dəyişməyi, sərhədləri genişləndirməyi və bəzən öz yolunu tapması üçün zəruri olduğunu deyir.
Tor toxumağın çətinlikləri barədə
Lənkəran – dəniz, subtropiklər, çay plantasiyaları və İranla “iki addımlıq” sərhəddir. Şəhərin əhalisi əlli mindən bir az çoxdur. Burada da gənclər mərkəzi var, amma yerli gənclərin həyatında real rol oynamır. Lənkəranda adətlər də yetərincə sərt və mühafizəkardır.
İqrar 14 yaşına qədər burada yaşayıb, daha sonra özü dediyi kimi “daha yaxşı gələcək” dalınca Bakıya xalasının yanına köçüb. Oxuyub, jurnalistika və incəsənət sahəsində çalışdıqdan sonra, 2019-cu ilin oktyabrında İqrar Lənkərana qayıdıb, əvvəlcə kitab satılan köhnə atılmış binanı icarəyə götürüb, oranı “Tor” adı altında mediatekaya çevirib. Yerli gənclərə yeniyetmə olarkən özündə olmadığı imkanları vermək istədiyini deyir.
Əslində mediateka təkmilləşdirilmiş müasir kitabxanadır, burada kitablardan əlavə filmlər, musiqi və onları izləmək və dinləmək üçün müxtəlif avadanlıqlar olur. İqrarın düşündüyü mediatekada isə kafe, incəsənət emalatxanası, musiqi məşqləri və workshoplar üçün məkan, yaşıl zona olacaq. Burada tək kitab oxumaq deyil, həm də incəsənət və özünütədrislə məşğul olmaq, müxtəlif tədbirlər keçirmək və əlbəttə ünsiyyət qurmaq olacaq.
İqrar ümid edir ki, vaxt gələcək və “Tor” sosial biznes kimi fəaliyyət göstərəcək. Başqa sözlə, ictimai faydadan əlavə müəyyən gəlir də gətirəcək. Amma hələ ki məkandan ancaq ziyan görür. Atılmış binanı müasir mediatekaya çevirmək üçün xeyli vəsait lazımdır. Yetərli məbləği yığmaq üçün İqrar #yüzadamıngücü heştəqi ilə 30 günlük crow-founding başlatdı. Düşünülürdü ki, yüz adam ümumi büdcəyə hərəsi yüz manat [təxminən $60] verəcək, bəziləri isə təmirdə kömək edəcək. Nəticədə isə ancaq on altı nəfərdən pul gəldi. sadəcə altmış nəfər pul verdi.
İqrarın fikrincə, hətta bu belə başlanğıc üçün pis deyil. O, işin dayanmasına baxmayaraq, ruhdan düşməməyə çalışır. Tək pul deyil, köməkçi sarıdan da korluq çəkir. Komandaya daimi olaraq qoşulmağa hazır adamlar tapmaq çətindir. Ona görə də komanda hazırda iki nəfərdən – İqrardan və Bakının qəsəbəsində yaşayan, uzaqdan kömək edən və tez-tez Lənkərana gələn Nuraydan ibarətdir.
Hər şeydən əlavə, İqrarın ideyaları Lənkəran məmurlarının xoşuna gəlməyib və ona binanın planını istədiyi kimi dəyişməyə icazə vermirlər.
Amma qonşuluqdakı evlərin sakinləri İqrarı dəstəkləyir. Yaxınlıqdakı xarabalıq onların ürəyincə deyil, ona görə də düşünürlər ki, ən azından kimsə oranın səliqə-sahmana salınması ilə məşğul oldun. İqrar da öz növbəsində onlara mediatekanın çox səs-küylü olmayacağına söz verir.
Amma hələ də məkanı olmayan “Tor” yaradıcı təşəbbüs kimi fəaliyyət göstərir, yerli və paytaxt gəncləri üçün mədəniyyət tədbirləri təşkil edir. Məsələn, yanvarın sonlarında onlar “Art Garden” ilə birlikdə bakılılar üçün Lənkəranda kivi yetişdirilən plantasiyaya bir günlük “Kivi parti” turu təşkil etmişdilər.
“Mediaşəbəkə”nin dəstəyi ilə