Ankara və Yerevanın yaxınlaşması fonunda Bakının mövqeyi. Bakıdan şərh
Ankara-Yerevan yaxınlaşması və Bakı
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfəri Bakıda birmənalı qarşılanmayıb. Bəziləri rəsmi Ankaranın atdığı addımdan təəccübləndiklərini gizlətməyib, bəziləri isə bütün bunlarda gələcəkdə regionda sülhün bərqərar olmasına kömək edə biləcək proseslərin başlanğıcını görür. “Azərbaycan Türkiyə ilə ikitərəfli münasibətlərdə “ərköyün balaca qardaş” psixologiyasındn çıxmalıyıq”, – deyə siyasi şərhçi Şahin Cəfərli bildirib.
- Azərbaycanda baş konsulluq Rusiyanın nəyinə lazımdır? Bakıdan şərh
- ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini Bəxtiyar Hacıyevi azad etməyə çağırıb
- Azərbaycan hökuməti “Nardaran hadisələri” zamanı saxlanılanlara təzminat ödəyəcək
“Biz “ərköyün balaca qardaş” psixologiyasından çıxmalıyıq”
Bizim bəzi media qurumlarının Ermənistanın Türkiyəyə yardımları ilə bağlı apardığı əks-təbliğata əsasən demək mümkündür ki, Türkiyə-Ermənistan yaxınlaşması Bakıda məmnuniyyətlə qarşılanmır – siyasi şərhçi Şahin Cəfərli belə hesab edir.
“Lakin məlum səbəblərdən rəsmi səviyyədə bununla əlaqədar hər hansı narahatlıq, narazılıq ifadə olunmur. Əvəzində hakimiyyətə yaxın bəzi şəxslər CHP-ni (Türkiyənin ana müxalifət partiyası) “ermənipərəst mövqe” tutmaqda ittiham edirlər. Nə əlaqəsi varsa…”
Cəfərli əmindir ki, Ankara bu məsələdə Azərbaycanın mövqeyini mümkün qədər nəzərə alır və alacaq.
“Amma Türkiyədən özünün xarici siyasətini tamamilə Azərbaycanın siyasətinə indeksləməsini gözləmək və tələb etmək yanlışdır. Nəticədə iki müstəqil dövlətdən söhbət gedir, hər birinin öz maraqları var və bu maraqlar bəzən uzlaşmaya, üst-üstə düşməyə bilər.
Azərbaycan dövləti və xalqı olaraq biz Türkiyə ilə ikitərəfli münasibətlərdə “ərköyün balaca qardaş” psixologiyasından çıxmalıyıq”.
“Azərbaycan maksimum fayda əldə edə bilər”
“Türkiyə ilə Ermənistanın birbaşa yaxınlaşmasından ən çox Azərbaycan faydalana bilər”, – deyə siyasi icmalçı Rəsul Hacıyev bildirib.
JAMnews-a müsahibəsində o qeyd edib ki, regionumuzda “güclü qonşuların seçimi o qədər də zəngin deyil”:
“Özünüzü Ermənistanın yerində təsəvvür edin. Ölkə rəhbərliyi imkan daxilində Rusiyadan uzaqlaşmağa çalışır. Eyni zamanda, İran və Türkiyə ən yaxın böyük qonşulardır. Yerevan çarəsizlikdən indi Tehranla mehriban qonşuluq münasibətləri qurur. Amma ehtimal belə etmək olmaz ki, bunu görmək Qərb üçün xoşdur.
Ermənistan liderlərinin can atdığı Qərb sivilizasiyasına yaxınlığı baxımından Türkiyəni İranla müqayisə etmək mümkün deyil. Türkiyə NATO ölkəsidir, Avropa Birliyinə namizəddir. İran dünyada az qala terrorla eyniləşdirilən azsaylı dövlətlərdən biridir.
Məntiqlə Qərb Yerevanla Ankaranın yaxınlaşmasına hər cür dəstək verəcək və bu, Ararat Mirzoyanın Türkiyəyə bugünkü səfərindən sonra göz qabağındadır”.
Hacıyev qeyd edib ki, Azərbaycan “bu yaxınlaşmadan maksimum fayda əldə edə bilər”:
“Böyük ölkə ilə kiçik ölkə yaxınlaşanda, dərin əməkdaşlıq başlayır, zaman keçdikcə kiçik ölkənin böyük ölkədən asılı olmaması mümkün deyil. Burada iqtisadi amil həlledicidir.
Yəqin ki, ən axmaq politoloq belə Türkiyənin Ermənistan və Azərbaycanla münasibətlərini müqayisə etməz. Bakı və Ankara regionda təbii müttəfiqlərdir. Yerevanla Ankaranın mövqelərinin daha da yaxınlaşması isə yalnız Azərbaycanın xeyrinədir”.
Bu “fayda”nın məhz nədən ibarət olduğunu ekspert belə izah edib:
“Müharibə bitdi, tezliklə Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalayacaqlar. Rusiyanın könülsüz şəkildə bölgəni tərk edəcəyi gün uzaqda deyil, çünki Moskvanın Qərblə böyük müharibədə uduzması əvvəlcədən məlum olan faktdır.
Regionumuz inkişaf etməlidir. Bunun üçün də sülh lazımdır. Region ölkələri arasında mehriban qonşuluq münasibətlərinə əsaslanan sülh. Bu istiqamətdə atılan hər bir addım bizim hamımız üçün çoxdan gözlənilən zamanı yaxınlaşdırır”.