Anina Tepnadze, Tbilisi
“Təyyarə, qatar və gəmi qədər düşüncələrə dalmağa kömək edən az şey var. Düşüncələrimiz və gözlərimizin qarşısında açılan mənzərələr bir-biriylə sıx əlaqədardır. Böyük düşüncələr geniş açılan üfüq, yeni düşüncələr isə təzə yerlər tələb edir. Səyahət etmək sənəti, 2008-ci ilin kinosu.
Hədiyyələr çamadanlardan çıxarılıb, yerbəyer edilib, səyahətdə olduğum müddət ərzində əynimdə olan paltar paltar yuyan maşında yuyulur, pasport yerinə qoyulub, mobil telefonda isə saat hələ dəyişdirilməyib.
Bütün maraqlanan insanlara eyni cavabı verirəm: deyirəm ki, Barselonada istiqanlı və səs-küylü insanlar yaşayır, kişilər də, qadınlar da – hamısı tatuajlıdır, hava gözəldir. Yox, gürcülərə o qədər də oxşamırlar. Başa salıram ki, çimərlikdə az vaxt keçirmişəm, əsasən festivalda olmuşam. Paltar isə pulum çatmadığına görə almadım. Saqrad Familia kilsəsini ancaq gecə qaranlığında görmüşəm, Qala Parkında isə böyük məmnuniyyətlə qalardım, hətta evsiz-eşiksiz adam kimi. Tbilisidə dayanmadan yağış yağan vaxt Barselonanın bütün dar küçələri və dalanlarını gəzmişəm. Ayaqlarım saysız-hesabsız dəfə yorğunluqdan keyiyib və özünə gəlib. “Radiohead, “Air və “PJ Harveyin canlı ifalarını dinlədim, amma o qədər də məşhur olmayan DJ Maseo Pleks daha çox xoşuma gəldi.
Qazonun üstündə də yatmışam və küçədə qeyri-adi bir şey görən kimi sevgilimin əlini bərk-bərk sıxmışam. Düzü, bu səyahətdən mən suvenir, şəkillər və “yorğunluğunu almış gumrah görünüşdən başqa daha bir vacib şey gətirdim – səyahətçi təcrübəsi.
Beləliklə, bu səyahətdən çıxardığım 5 dərs:
1. Komfort həyat yüklü məsələ deyil
Özünlə hər şeyi götürmək mümkün deyil və burada dəhşətli bir şey yoxdur. Saç fensiz də yaxşı quruyur, yumşaq hamam xalatı da heç yerə qaçan deyil. Fotoaparatı birinci səyahətə məmnuniyyətlə götürürsən, ikinci səyahət zamanı isə onu daşımağın necə əziyyət verdiyini xatırlayıb, mobil telefonun kamerası ilə kifayətlənirsən. Nə qədər çox səyahət edirsən, bir o qədər az əşya sənə lazım olur. Bütün evi özünlə daşıyırsansa, tanış məkandan qaçmağın mənası nədir?
2. Səyahət sənin tələbkarlığını azaldır
Doğma şəhərində dəqiq bilirsən ki, harada yemək olar, harada yox. Düzünü deyim ki, Tbilisidə dəfələrlə hansısa ucuzlu kafeyə məhz keyfiyyətsiz xidmətə və adətən kafedə adamların çox olmasına görə getməkdən imtina etmişəm. Barselonada isə əksinə ucuz yemək və pivə ovuna çıxdım. Düzdür, oturduğum kafedə ofisiant sifariş etdiyim yemək əvəzinə nəsə başqa, özü də dadsız yemək gətirdi, amma narazılıq etmədim. Yəqin ki, buna səbəb mənim ispan dilində pis danışmağım oldu.
3. Rahat ayaqqabı mövcud deyil
İstənilən ayaqqabı 10 saat ərzində ayaq üstə durandan və 14 saat gəzəndən sonra rahatsız olur. Əksər modellər sadəcə səyahət üçün nəzərdə tutulmayıb. Amma yenə də ağılla seçin!
4. Zaman da mövcud deyil
Bazar ertəsini xatırlamasan, heç də ağır gün olan deyil. Yatandan əvvəl zəngli saatı qurmağa ehtiyacın olmaması da böyük xoşbəxtlikdir! Reklam təklifləri ilə bağlı mesajlar telefonuna gəlməyəndə də özünü xoşbəxt hiss edirsən… Bunu yaşamaq üçün ölkəndən uzağa getməyə dəyər. Planlar və istirahətə ayrılan konkret vaxt mövcud deyil. Hətta özünün qarşında qoyduğun şərtləri də pozmaq çox rahatdır. Axı görməli olduğun yerlərin siyahısı çox şərtidir. Nə olsun ki, yatağında uzanıb qaldın və buna görə də bütöv bir günü itirdin. Axı bu yataq başqa ölkədə idi.
5. Həyatın yenidən nəzərdən keçirilməsi səyahəti müşayiət edən prosesdir
Səyahətdən sonra rəfiqələrimdən biri sevgilisi ilə ayrıldı. O birisi isə işdən çıxdı. Ola bilsin, gürcü şirkətləri (elə prinsipcə gürcü sevgililərimiz də) bizi məzuniyyətə səyahətin gücünü bildikləri üçün belə çətinliklə buraxırlar? Başqa ölkədə yuxudan oyanarkən xoş bir hissi – özünün qayğını çəkmək hissini xatırlayırsan və nəticədə evə qayıdandan sonra hər şeyi yaxşılığa doğru dəyişirsən. Gözlənilmədən daha cəsarətli və daha riskli olursan: təyyarədə yuxu yatandan sonra həyatda bundan daha betər nə baş verə bilər ki?
Sadalanan bəndlərdən başqa, anladım ki, Google Map qiymətsiz bir aplikasiyadır, satıcılar tez-tez aldadıb, xırdanı qaytarmırlar. Dünyada ən gözəl metro stansiyası isə Barselonanın “Liceu stansiyasıdır.
Siyahım artıq başa çatdığından, deyilənlərə bir şey də əlavə etmək istəyirəm: səyahətin baha başa gəldiyini, viza almağın isə baş ağrısı olduğunu deyən içinizdəki ciddi səsə qulaq asmayın. Bu yay onsuz da çox yaxşı tanıdığınız və burada satılan acar xaçapurilərinin reytinqini təşkil edə biləcəyiniz Batumiyə getməyin. Hələ olmadığınız, komfort zonasından kənar olan yerlərə gedin.
Dərc olunub 14.06.2016