Şərh. Ermənistan və Azərbaycan arasında iyul müharibəsi: əslində nə baş verib və nəticələr nədən ibarətdir?
İyulun 12-dən 16-a qədər Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlar münaqişənin 30 lidən uzun sürən tarixində növbəti mühüm səhifə oldu. Amma bu “kiçik müharibə” ən sonuncusu 2016-cı ilin aprelində yaşanan bu qəbildən olan gərginləşmələrdən fərqli idi. Əsas fərq onda idi ki, bu dəfə döyüşlər Qarabağ cəbhəsindən kənarda, iki ölkə arasındakı dövlət sərhədində gedirdi. Nə baş verdiyini və gələcəkdə bunun hansı nəticələrinin ola biləcəyini aydınlaşdırmağa çalışaq.
- Koronavirus və qanun: Azərbaycanda karantinin hüquqi tərəfləri
- Qarabağ münaqişəsi haqda Ermənistan-Azərbaycan müştərək filmi yayımlanıb
- Müharibədən qayıda bilməyən insanlar. Posttravmatik sindromu yenmək mümkündürmü?
Tarixcə
Hərbi əməliyyatlar Azərbaycanın şimal-qərbində, Tovuz rayonu ərazisində yaşanıb. İki il əvvəl Azərbaycan rəhbərliyi sərhədin bu hissəsində Milli Ordunun mütəmadi qoşunlarını Dövlət Sərhəd Xidmətinin (DSX) qoşunları ilə əvəz etmək qərarına gəlib.
O vaxt bir çox şərhçilər, o cümlədən də yerli sakinlər bu qərarı təəccüblə qarşılamışdı. Müharibə şəraitində cəbhə xəttində ordu dayanmalıdır axı, artıq dinc zamanda iki müstəqil ölkə sərhədləri tanıyandan sonra qoy sərhədçilər keşik çəksinlər. Bəziləri bu qərarı iki general – müdafiə naziri Zakir Həsənov və DSX rəisi Elçin Quliyev arasındakı rəqabət kimi dəyərləndirmişdi.
Amma narazıların səsi tezliklə kəsildi, çünki vaxtaşırı Azərbaycan sərhədinin həmin hissəsində Azərbaycan sərhədçilərinin müəyyən qədər irəliləyib, hansısa yüksəklikdə növbəti mövqe tutduqları haqda məlumatlar gəlməyə başladı. Əlbəttə ki, bütün Ermənistan-Azərbaycan sərhədi delimitasiya olmayıb və orada çox geniş “neytral zonalar” var, böyük ehtimalla Azərbaycan postları da həmin ərazilərdə irəliləyib.
2020-ci ilin iyuluna, Ermənistan da gözlənilmədən eyni addımı atana və iki Azərbaycan postu arasında öz postunu qurana qədər belə davam edib.
Toqquşmanın gedişatı
Bəri başdan deyim ki, Ermənistan MN-in Azərbaycan sərhədçilərinin yüngül UAZ-la dövlət sərhədini keçmək cəhdi və ya onların guya yollarını azdığı haqda versiyası heç inandırıcı səslənmir. Ermənistan KİV-in yaydığı videodan aydın şəkildə görünür ki, maşın çox gedilmiş torpaq yolla, yəni adi marşrutla irəliləyir.
Xəbərdarlıq atəşlərindən sonra ekipaj avtomobili atıb geri qayıdır. Kəşfiyyatçılar və diversantlar özlərini belə aparmırlar.
Bir müddət sonra Azərbaycan qoşunları postu qaytarmağa çalışır, amma döyüşlər uzanır, hər iki tərəf itki verir, üstəlik Azərbaycan tərəfdən həlak olanlar arasında yüksək ranqlı iki zabit var.
Dörd gündən sonra atışma sakitləşir, həmin postun taleyi hələ də naməlum qalır. İnformasiya ziddiyyətlidir, müstəqil jurnalistləri isə ora buraxmırlar.
Azərbaycan tərəfinin reaksiyası
Aydın şəkildə görünürdü ki, Azərbaycan hakimiyyəti bu hadisələrlə gözlənilmədən qarşılaşıb. MN, DSX və XİN mətbuat xidmətlərinin xəbərlərinin gecikməsi dərdin yarısı idi. Biz, yerli jurnalistlər təəssüf ki, buna alışmışıq, Azərbaycan vətəndaşlarının çoxu sosial şəbəkələrdən, hətta daha operativ işləyən Ermənistan mənbələrindən məlumat almaq məcburiyyətindədir.
Amma bəzi səhvləri xüsusi qeyd etməyə ehtiyac var:
Orduda populyar olan general Polad Həşimovun həlak olması haqda xəbər yayılandan sonra minlərlə insan Bakı küçələrinə axışdı. Prezident İlham Əliyev səhəri gün öz çıxışında bildirdi ki, o, şəxsən polisə tapşırıq verib ki, karantin rejiminə və aksiyanın razılaşdırılmamasına rəğmən insanlar dağıdılmasın. Amma müəyyən məqamda bir qrup insan parlament binasına daxil olub və orada dağıntı törədib. Digər bir qrup isə “İstefa!” qışqırmağa başlayıb. Aksiyanı dağıtmaq məcburiyyətində qalıblar.
Prezident öz çıxışında bildirib ki, çağırış komissiyasının rəhbəri ona bildirib ki, “cəmi 150 nəfər cəbhəyə könüllü olaraq yazılıb” və onların yarısından çoxu döyüşlərin getdiyi Tovuz rayonunun sakinləridir.
Bu, prezident tərəfindən buraxılmış səhv idi. İnsanlar axşam saat 9-da, üstəlik də karantin zamanı sadəcə heç yana yazıla bilməzdilər. Səhvi düzəltməyə çalışdılar, indi rəsmi məlumata əsasən, könüllülərin sayı 50 mindən çoxdur.
Prezident öz emosional çıxışında daha bir səhvə yol verib, həm də daha kobud siyasi səhvə. Müxalifət haqda danışdığı zaman o bildirib ki, “bu insanlar ermənilərdən betərdir”. Burada xüsusi olaraq izah edəsi bir şey yoxdur. Əgər “ermənilik” bütün pis xüsusiyyətlərin ehtivası hesab olunursa, Qarabağ ermənilərinə “ən geniş muxtariyyət” necə təklif oluna bilər? Mərhum Heydər Əliyev belə səhvlərə heç vaxt yol vermirdi.
Üçüncü səhvə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı yol verib. Jurnalistin general (çoxdan istefada olan) Ter-Tadevosyanın Mingəçevir su anbarını raketlə vurmaq təhdidi haqda verdiyi sualın cavabında o, Metsamor atom elektrik stansiyasını vurmağa qadir olan “ən müasir raketləri” xatırladıb.
Üstəlik AES-in Azərbaycan sərhədinin cəmi 70 kilometrliyinə, Türkiyə sərhədinin isə 16 kilometrliyinə yerləşdiyini və qəzanın bütün region üçün dönüşü olmayan fəlakət doğuracağını nəzərə almayaraq.
Təbii ki, Ermənistan KİV-i dərhal bu bəyanatdan yapışdı, müvafiq şərhlərlə onu tirajladı. Bir çox dünya nəşrləri də Ermənistan mənbələrinə istinadən bu məqalələri yaydılar.
Azərbaycan müxalifətinin reaksiyası
Həmin günlərdə prezidentin müxalifətin tənqidinin də yer aldığı hədsiz emosional çıxışına baxmayaraq, müxalif liderləri təmkin sərgilədilər və daxili ziddiyyətləri müvəqqəti olaraq bir kənara qoymağa hazır olduqlarını bəyan etdilər.
“Qoy hakimiyyət arxa cəbhəsindən narahat olmasın. Biz bütün ziddiyyətləri və mübahisələri yaxşı zamanlara qədər kənara qoyuruq. Düşməni dəf etmək üçün birləşmək lazımdır”, – Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində yazıb. “Müsavat” və “ReAl” partiyalarının liderləri də oxşar bəyanatlarla çıxış ediblər.
İndən belə nə olacaq?
Mənə elə gəlir ki, iyul döyüşlərinin əsas nəticəsi Azərbaycanın 2016-cı ilin aprelində baş verən “dördgünlük müharibədən” sonra yaranan psixoloji üstünlüyün itirilməsidir.
Düşünürəm ki, cəbhə xəttinin digər hissələrində də yeni toqquşmaların baş verməsi təhlükəsi mövcuddur.
Azərbaycan “asimmetrik cavab” verməklə təhdid edib. Bunun altında nəyin nəzərdə tutulduğunu ancaq ehtimal etmək mümkündür, hələlik heç nə aydın deyil.
Üstəlik, həmin günlərdə xarici işlər naziri Elmar Məmmədyarov istefaya göndərilib (bu istefa sərhəddə baş verən hadisələrlə birbaşa bağlı deyil). Azərbaycanın bütün danışıqlar prosesini “yenidən yükləmək” və təmiz shifədən başlama qüçün səbəbi yaranıb. Mən hətta ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtinanı (nə qədər olar?) və Rusiyanın çətiri altında (onsuz olmaz ki) Ermənistan Respublikası və tanınmamış Dağlıq Qarabağ Respublikası nümayəndələri ilə birbaşa danışıqlara başlanmasını da mümkün sayıram.