Teresa Hamlin 18 il öncə Azərbaycana gəlmiş ingilis dili müəlliməsidir. O, ilk illərdə ingilis dilindən dərs desə də, sonralar Azərbaycan xalqına, adət-ənənəsinə, mədəniyyətinə olan marağı onu başqa istiqamətə yönləndirib. Azərbaycanda yaşadığı müddətdə azərbaycanlı qadınların qabiliyyətli olmalarına rəğmən işsiz qalmaları Teresanın sosial sahibkarlıq ideyasına təkan verib.
Teresa sosial sahibkar olmağa qərar verəndə ona ilk dəstək anasından gəlib. Anası ona əsasən hazır məhsulların daşınması və çatdırılması kimi işlərdə kömək edir. Məqsəd Azərbaycanın bölgələrində toxuculuq qabiliyyəti olan qadınları bir araya gətirib, toxunma məhsullar istehsal edib, satışını təşkil etmək və beləcə işsiz qadınlara dəstək olmaqdır.
Teresa müxtəlif növdə saplar və corabların altlığı üçün dəri parça alaraq rayonlardakı toxucu qadınlara paylayır.
O, adətən tək alış-veriş edir.
Teresa lazımi ləvazimatları şəxsi avtomobili ilə çatdırır.
Saray sakini Cəmilə Dadaşova toxunma corablara dəri altlıqlar kəsir və tikir.
Cəmilə Dadaşova: “Çox şükür bu gün halal pulumu qazanıram. Bu zamanda işsiz olmaq çətindir”.
Sumqayıt sakini Tünzalə Ağayeva papaq toxuyur
Tünzalə Ağayeva: “Sağ olsun Teresa. Hər şeyi evimizə qədər gətirir. Gördüyümüz işin pulunu da əvvəldən verir. Başımızı salıb işimizi görürük”.
“Azerbaijani Socks”da təkcə isti geyimlər yox, həmçinin uşaqlar üçün oyuncaqlar da toxunur.
Hazırda “Azerbaijani Socks” mağazasının 4 nəfər işçisi var və 100-dən çox qadın toxuculuğa cəlb olunub.
Badamdarda yerləşən mağaza onlayn satış da edir. Artıq 8 ildir nəinki Azərbaycana, həmçinin dünyanın müxtəlif ölkələrinə toxunma məhsulların satışı gerçəkləşir.
Teresa vətəni Amerikada deyil, Azərbaycanda yaşamağa və məhz burada sosial sahibkar kimi çalışmağa qərar verib. Artıq özünü buranın bir parçası hesab edir.