“Amerika arzusu” və ABŞ-nin miqrasiya siyasəti: erməni miqrantlara deportasiya təhlükəsi
Amerikada erməni miqrantlar
Donald Tramp inauqurasiyasından əvvəlki gün ABŞ-a qeyri-qanuni yolla daxil olan miqrantların istifadə etdiyi sərhəd keçidlərini qısa müddət ərzində bağlayacağına söz verdi. Vəzifəyə başladığı ilk gün isə bu barədə sərəncam imzaladı.
Prezident ABŞ ilə Meksika sərhədində fövqəladə vəziyyət elan etdi. O, bu addımın hakimiyyət orqanlarına qeyri-qanuni miqrantların “basqınını” dayandırmağa imkan verəcəyini qeyd edib. Tramp həmçinin vurğulayıb ki, bu “faciəvi vəziyyət” Baydenin hakimiyyəti dövründə yaranıb. O isə ABŞ tarixində “ən böyük deportasiyanı” planlaşdırır.
Rəsmi məlumatlara görə, ölkədə 10 milyondan çox qeyri-qanuni miqrant yaşayır. NBC News Trampdan soruşub ki, o, hüquqi statusu olmayan hər kəsi deportasiya etməyi planlaşdırırmı? Prezident belə cavab verib:
“Düşünürəm ki, bunu etmək lazımdır. Bu, çox çətin vəzifədir. Amma bizim qaydalarımız, tənzimləmələrimiz, qanunlarımız var”.
Hazırda ABŞ-də minlərlə qeyri-qanuni erməni miqrant da yaşayır. Onlar gecə saatlarında qapılarının döyüləcəyindən və dərhal deportasiya ediləcəklərindən ehtiyat edirlər.
JAMnews-un müxbiri Qayane Mkrtçyan ABŞ-də həmyerliləri ilə görüşüb. Onlar öz hekayələrini, qorxularını və ümidlərini onunla bölüşüblər.
Turist vizası ilə “Amerika arzusunun” arxasınca
27 yaşlı Levon Sirunyan xəyallarının ölkəsinə turist vizası ilə daxil ola bilib. Bu, onun həyatının dönüş nöqtəsi olub. ABŞ-yə çatdıqdan sonra Levon Ermənistana dönməyəcəyinə qəti qərar verib. Bu qərarı həyatının ən vacib və hətta taleyüklü addımı adlandırır:
“Amerika hər zaman insanları özünə çəkib. Mən də onlardan biri idim. Təbii ki, bura çatdıqdan sonra anlayırsan ki, arzu sadəcə arzudur. ABŞ-də real həyat isə çətinliklər və problemlərlə doludur. Həm çətindir, həm də maraqlı. Bu, mənim üçün yeni bir ölkədir, yeni bir modeldir. Bu problemlərdən keçməyə çalışıram və eyni zamanda özümü təsdiqləmək, ayağa qalxmaq istəyirəm. Uzaqdan hər şey çox cəlbedici görünür. Amma bu çətinlikləri öz dərində hiss edəndə hər şeyi daha yaxşı anlayırsan.”
Televiziya prodüseri olan Levon hazırda Los-Ancelesdə avtomobil xidmətləri göstərən bir şirkətdə menecer kimi çalışır. Həftəlik 750 dollar maaş alır. ABŞ-də qalma müddətini pozduğuna görə qətiyyən peşman deyil. O, ölkəyə altı aylıq vizayla daxil olub.
Valideynlərini Yerevanda qoyub. Burada xalasının ailəsi ilə birlikdə yaşayır. İş icazəsi var, vergi ödəyir. Yaşıl kart almaq üçün müraciət edib və cavab gözləyir.
Digər miqrantlar kimi Levon da ABŞ-nin kütləvi deportasiyanı nəzərdə tutan yeni miqrasiya siyasətindən xəbərdardır.
“Mənim ətrafımda hələ ki heç kəsi deportasiya etməyiblər. Amma bilirəm ki, cinayət törətmiş, kriminal işi olan, məhkəmə qərarı ilə cəzası olan şəxslər deportasiya ediləcək. Onlara, bəli, təhlükə var.
Amma ölkəyə qanuni yolla daxil olanların narahat olmasına ehtiyac yoxdur. Yeri gəlmişkən, Meksika üzərindən ABŞ-yə daxil olanlar da qanuni miqrant hesab olunurlar, çünki onlar sərhədi keçərkən ABŞ hakimiyyətinə müraciət edərək sığınacaq istəyiblər. Özü də çox fərqli səbəblərlə. Ola bilər ki, hansısa qanun maddəsini pozublar, amma qeyri-qanuni miqrant sayılmırlar. Bu, turist vizası ilə gələnlərə də aiddir”, – Levon əminliklə deyir.
Müharibə təhlükəsi ABŞ-a getmək səbəbi kimi
Nune Avanesyan oğlu ilə birlikdə 2023-cü ildə Meksika sərhədindən keçərək ABŞ-a daxil olub. Bir il sonra onlara onun həyat yoldaşı da qoşulub. ABŞ-a köçə bilmək üçün onlar Yerevandakı mənzillərini və avtomobillərini satıblar. Minlərlə insan kimi Meksika sərhədini keçmək üçün 25 min dollar ödəyiblər.
“Ərim bizimlə gəlmədi, çünki pul ancaq mənə və oğluma çatdı. Mən bura gözəl həyat üçün gəlmədim. Əsla yox! Mənim də, ərimin də işi var idi, öz ölkəmizdə normal yaşayırdıq. Amma oğlumun orduya çağırılması fikri ilə barışa bilmirdim. 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra anladım ki, onun hərbi xidmət keçməsinə dözə bilmərəm. Yalnız buna görə Ermənistanı tərk etmək qərarına gəldik. Bu, mənim üçün çox çətin oldu. Orada valideynlərim, bütün yaxınlarım qaldı. Vətən üçün darıxıram. Amma o müharibə zamanı gördüklərimiz dəhşətli idi. Yaxşısı budur, qürbətdə yaşayaq, amma oğlum sağ və salamat olsun”, – deyə Nune köçmək səbəblərini izah edir.
Əri və onların 18 yaşlı oğlu kuryer kimi çalışır, yemək çatdırılması ilə məşğuldurlar. Nune pedaqoqdur, amma hazırda mağazada satıcı kimi işləyir.
“Burada yaşamaq çətindir. Təkcə ev kirayəsi üçün 2250 dollar ödəyirik. Üstəlik vergilər, digər xərclər, vəkilə qonorar. Bununla yanaşı, qeyri-müəyyənlik içində yaşayırıq. Məhkəmə işimiz 2027-ci ilə təyin olunub. Bilmirik, məhkəmə hansı qərarı verəcək. Əgər müharibənin yenidən başlama təhlükəsi olmasaydı, ölkəmi tərk etməzdim. Meksika sərhədini necə çətinliklə keçdik, ABŞ-yə necə gəlib çatdıq… İndi isə özümə daim sual verirəm – doğrudanmı biz bunu istəyirdik: evdən, ölkədən, doğmalardan uzaqda yaşamaq?”, o deyə o danışır.
Nune deportasiya ilə bağlı gəzən söhbətlərdən narahatdır. Onun əri Meksika sərhədinin tam bağlanmasından əvvəl keçə bilənlərdən olub:
“Yaxşı ki, vaxtında gələ bildi. Heç olmasa, indi bir yerdəyik. Amma bilmirik, bizi nə gözləyir. Deyirlər ki, gecə qapını döyüb, birbaşa hava limanına aparıb deportasiya edə bilərlər. Açığı, bunun bizə aid olub-olmadığını bilmirik. Amma heç nəyi istisna etmirik. İndi burada çoxları qorxu və çaşqınlıq içində yaşayır, gələcəyin necə olacağını bilmir”.
2808 Ermənistan vətəndaşı deportasiya ilə üz-üzədir
Hələ yanvar ayında, vəzifəsinin icrasına başladıqdan dərhal sonra Tramp ABŞ tarixində qanunsuz miqrantların ən irimiqyaslı deportasiyası planını elan etmişdi:
“Amerika tarixində ən kütləvi deportasiyanı başa çatdırmağa hazırlaşırıq. Bizim seçimimiz yoxdur. Seçim yoxdur, çünki bu, heç bir ölkəyə sabitlik gətirmir”.
Daha sonra ABŞ-nin Miqrasiya və Gömrük Nəzarəti Xidməti (ICE) hansı ölkədən nə qədər miqrantın deportasiya ediləcəyini göstərən siyahı dərc etdi. Bu siyahıya görə ABŞ-ı 2808 erməni, 3518 rusiyalı, 3103 türkiyəli, 709 azərbaycanlı, 38 677 braziliyalı və 37 908 çinli tərk etməlidir.
Ermənistanın Diaspora İşləri üzrə baş komissarı Zare Sinanyan isə bu haqda belə deyib:
“2000-dən çox Ermənistan vətəndaşının deportasiyası ilə bağlı qərardan xəbərdarıq, lakin, əslində, qanunsuz miqrantların sayı daha çoxdur. Onlardan neçəsinin artıq deportasiya edildiyi bizə məlum deyil. Bu məsələ ilə başqa qurumlar məşğul olur. Deportasiya olunan vətəndaşlar diasporanın bir hissəsi sayıla bilməzlər, çünki ABŞ-də qanunsuz yaşayıblar.”
May ayının əvvəlində isə Donald Tramp ABŞ tarixində ilk dəfə olaraq qanunsuz miqrantlar üçün könüllü şəkildə öz ölkəsinə qayıtma proqramının başladılmasına dair fərman imzaladığını elan etdi.
“ABŞ-də qalan qanunsuz miqrantlar cəzalara, o cümlədən qəfil deportasiyaya məruz qalacaqlar. Haraya və necə – bunu yalnız biz müəyyən edəcəyik. Bütün qanunsuz miqrantlara səslənirəm – öz pulsuz uçuşunuzu indi rezerv edin”, – deyə o, “Truth” sosial platformasında yazıb.
ABŞ prezidenti bildirib ki, artıq mobil tətbiq istifadəyə verilib və həmin platforma vasitəsilə insanlar vətənə bilet sifariş edə bilərlər. Könüllü şəkildə ölkədən gedənlərə isə “çox vacib çıxış bonusu” təqdim olunacaq. Sonradan məlum olub ki, bu bonus 1000 dollar məbləğində “təqaüddür”.
Könüllü şəkildə ölkəni tərk etməyənləri isə Tramp “sərt nəticələr”, “ağır cəzalar”, uzunmüddətli həbs, eləcə də mülk və gəlir müsadirəsi ilə hədələyib.
Miqrasiya üzrə mütəxəssislər bildirirlər ki, Trampın bu fərmanı gözlənilən idi. Onlar həmçinin təsdiqləyirlər ki, əgər miqrantlar könüllü şəkildə ölkəni tərk etsələr, onlara öz ölkələrinə pulsuz aviabilet və pul mükafatı veriləcək.
Könüllü deportasiya olunmaq istəyənlər hələ ki, yoxdur
56 yaşlı Marine Martirosyan ABŞ-a 2019-cu ildə turizm vizası ilə gəlib. Ailəsi Ermənistanda qalıb. O, ABŞ-də müxtəlif işlərdə çalışaraq pul qazanıb və ailəsinə göndərib. Nəticədə həm Ermənistandakı ailəsini dolandırıb, həm də böyük bir borcu ödəyə bilib. İndi, 6 il keçdikdən sonra vətənə qayıtmaq istəmir.
“2029-cu ilə qədər işləməyə icazəm var. Vergilərimi vaxtında ödəyirəm. Ailəmin də bura köçməsini çox istəyərdim, amma indi hər şey daha da çətinləşib. Əlbəttə, burada ixtisasıma uyğun işlə məşğul olmuram, amma buna görə məyus deyiləm. Çünki qazandığım pullar mənə vacib problemləri həll etməyə kömək etdi. Əlbəttə, ciddi narahatlıqlarım var. Bir dəqiqədən sonra nə olacağını bilmirəm. Trampın miqrasiya siyasəti qorxudur, ən gözlənilməz addımlar mümkündür. Mən isə hər şeyə hazıram. Amma hələlik mənə toxunmurlar, ona görə də könüllü deportasiyanı düşünmürəm. Bəlkə də bu, sadəcə insanları qorxutmaq üçün olan siyasətdir?”, – deyə Marine düşünür.
Amerikada erməni miqrantlar
Azərbaycanda xəbərlər