Allahın unutduğu cənnət
Azərbaycanın Xınalıq kəndi dəniz səviyyəsindən 2100 — 2200 metr hündürlükdə yerləşir və burada heç vaxt bilmirsən ki, kəndə duman çöküb yoxsa bu, buluddur. Burada təxminən 2000 sakin yaşayır, onlar əsasən heyvandarlıqla məşğul olurlar – ilin isti vaxtında dağ yamaclarında qoyun otarır, qışda qar yağanda isə qışlağa, daha isti yerlərə enirlər.
Xınalığa aparan yol təhlükəlidir, amma məhz bu təhlükə kəndi turistlər üçün cəlbedici edir. Buranın gözəl mənzərəsi var, amma bura həmişə mənzərə üçün deyil, sivilizasiyanın toxunmadığı qədimliyi görmək üçün gəliblər.
Xınalıq sakinləri qədim dövrlərdən özlərini ketşli, kəndi də Ketş adlandırırlar, özlərinin dediyinə görə, Nuh əyyamından qalan Ketş dilində danışırlar. Məşhur Xınalıq arxitekturasına gəlincə, burada əldəqayırma kərpicdən tikilən pəncərəsiz, içəridən xalça ilə örtülmüş evlərdə yaşayırdılar, ocağın tüstüsü tavandakı deşikdən çölə çıxırdı.
Evlərin damları yamacın yuxarısında yaşayan qonşular üçün “küçə rolunu oynayırdılar. Xınalığın özü təpənin zirvəsinə yapışan çoxlu sayda qaranquş yuvalarına bənzəyirdi.
İndi evlər getdikcə daha “sivil görünüş alır və geniş reklam olunan kənd adi Azərbaycan kəndlərindən birinə çevrilir, amma onun reputasiyası hələ də turistləri cəlb edir.
Xınalıq, 2014-cü il. Foto: Aleksandr və Yevgeniya Nəcəfovlar
Turistlər buradakı mənzərəni seyr edir, gözəl dağ havası udur və Xınalıq onlara cənnət guşəsi kimi görünür.
Bəs yerli sakinlər bu haqda nə düşünür?
Kəndin girişində bizi ilk qarşılayan iki oğlan uşağı Rəşad və Murad oldu. Qarabuğdayı üzlərində al yanaqlar, kobud və quru dərili əllər. Sonra mənə başa saldılar ki, buna səbəb yerli iqlimdir – buranın qışı çox sərt keçir.
Həyətdə yaşlı qadın üç qəşəng qızın – nəvələrinin əhatəsində paltar yuyur. Salamlaşandan sonra Diləfrüz xala məni dəvət edib, yanında daşın üstündə oturmağı təklif edir. Onların həmin bu “cənnətdə həyatları haqqında uzun-uzadı söhbət edirik.
Söhbət uzun və ümidsiz “eeh…dən başlayır.
“Televizorda həmişə göstərirlər ki, ölkəmizdə hər şey yaxşıdır. Bəs bu yaxşı hardadır, qızım? Biz burada çətinliklə dolanırıq. Allaha şükür, heç olmasa qış qurtardı.
Diləfrüz xalanın sözlərinə görə, təxminən 5 il əvvəl dövlət Xınalıq kəndinin sakinləri üçün evlərin təmiri və başqa ehtiyaclar üçün sosial yardım ayırıb. Amma onlar elə də heç bir kömək almadılar.
“Yardım ayrılıb, bəs kimə gedib çatıb?! Savadsız adamlarıq. Bizi aldatdılar, dedilər bura qol çəkin. Biz də çəkdik. Dedilər ki, tezliklə bizə təzə pəncərələr gətirəcəklər, təmirlə bağlı kömək edəcəklər. Bəs harada qaldı bu? Nə xəbər var, nə ətər. Pulumuzu xərcləyir, özümüzü də aldadırlar.
Əslində Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Xınalıq kəndinin tarixi ərazisi “Xınalıq Dövlət tarixi-memarlıq və etnoqrafiya qoruğu elan edildi.
“AzərTac informasiya agentliyi dövlət başçısının 2006-cı ildə kəndə baş tutan səfəri barədə yazdı.
“Mən ki aldatmıram, – həmsöhbətim bir neçə dəfə təkrar edir, – ölkə inkişaf edir, bəs bizə burada yazıqları gəlmir? İmkan olsaydı, Bakıya köçərdik.
Sakinlərin sözlərinə görə, kənddə peşəkar tibbi xidmət demək olar ki, yoxdur. Qadınlar evdə doğur, keysəriyyə əməliyyatı lazım olanda isə qadını Quba şəhərinə aparırlar. Bu da əlli kilometrlik yoldur, onun da ilk beş kilometri maşınların güclə getdiyi dar dağ yolundan keçir.
Ehtiyac olduqda müayinəyə gələn, doğuş zamanı kömək edən bir neçə tibb bacısı var.
“Uşaqlara yazığım gəlir. Bütün günü neyləsinlər bunlar? Park yox, əyləncə yox, məktəbdə əlavə dərslər yox, – Diləfrüz xala danışır.
Uşaqların çoxu məktəbə 8, 9 yaşlarında gedir. Buna səbəb bir qayda olaraq ailənin imkanının olmamasıdır.
“Sentyabrda məktəbə gedən uşaqlar üçün yardım ayırdılar. 2 dəftər və bir albom bağışladılar, – o istehzalı təbəssümlə bir daha təkrar edir, – 2 dəftər və bir albom, sağ olsunlar, nə deyim!
Həmsöhbətimin pensiyası 60 manatdır [təxminən 40 dollar].
Hərdən Diləfrüz xala sözünü kəsib, harasa uzaqlara gözlərini dikib, pıçıltıyla deyir:
“Hamı gəlir, jurnalistlər, fotoqraflar, yazıçılar, ya da eləcə turistlər. Hamı haqqımızda yazır, şəkil çəkir, buranın cənnət olduğunu deyirlər.
Amma kəndin qonaqları sakinlərin yerinə olsaydılar, Xınalıq onların gözündə cənnət olardı? Tibbi xidmət və yollar olmadan yaşamaq çox romantikdir, amma insanlar bir neçə əsr bundan əvvəl olduğu kimi, çoban həyatının bütün çətinliklərini yaşamalıdırlarmı?