Aktivistlər hüquq-mühafizə orqanlarında zorakılığa məruz qaldıqlarını deyirlər
Hüquq-mühafizə orqanlarında zorakılıq
Bir neçə fəal Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər. Baxmayaraq ki, hökumət rəsmiləri məhbuslara qarşı zorakılıq faktlarını qəti şəkildə təkzib edir.
- Gürcüstan “3+3” formatında danışıqlarda iştirakdan niyə imtina edir? Bakıdan şərh
- “İnanırdıq ki, qayıdacaq”. İtkin düşmüş azərbaycanlı hərbçinin nəşi 30 il sonra tapılıb
- “Qərb öz səhvlərini təkrar edəcəkmi?” Bakıdan şərh
“Stula bağlayıb, bütün gecə bölmənin həyətində saxlayıblar”
Bu yaxınlarda 30 sutka inzibati həbs cəzası alan fəalın anası oğlunun polis idarəsində zorakılığa məruz qaldığını bildirib. Möhyəddin Orucovun anası Təranə Orucova deyir ki, “indi onun böyrəklərində problem yaranıb”.
Məhyəddin Orucov oktyabrın 19-da xırda xuliqanlıq və polis əməkdaşının qanuni əmrinə tabe olmamaqda ittiham olunaraq həbs edilib. O, özünü təqsirli bilməyib və həbsinin sosial şəbəkələrdə dövlət başçısı İlham Əliyevin ünvanına tənqidi fikirlər paylaşması ilə bağlı olduğunu bildirib.
Fəalın anası Təranə Orucova bildirib ki, saxlanıldığı gün o, polis bölməsində ağır şəkildə döyülüb, sonra stula bağlanaraq bütün gecəni bölmənin həyətində saxlanılıb.
“İndi onun böyrəklərində problem yaranıb, sidik ifrazında problem yaşayır. Yoldaşımla bölmə rəisinin yanına getdik. Soruşduq ki, oğlumuza kim işgəncə verib, hansı polis əməkdaşı onu bu günə qoyub? Rəis dedi, hesab elə ki, mən onu döymüşəm, nə olub ki?” – fəalın anası bildirib.
“Baş prokurorla görüş tələb edirəm, ondan hesab soracam”
Jurnalist Nurlan Qəhrəmanlı (Libre) də həbs olunarkən Baş Prokurorluğun İstintaq İdarəsində zorakılığa məruz qaldığını bildirib.
Reportyorun sözlərinə görə, sentyabrın 21-də prokurorluq əməkdaşları onu evdən elə ev paltarında aparıblar, əynini dəyişməyə belə icazə verməyiblər. O, həmçinin bildirib ki, Baş Prokurorluğun İstintaq İdarəsində sosial şəbəkələrdə yazdıqlarına görə döyülüb. Daha sonra isə məhkəmə qarşısına çıxarılaraq “qadağan olunmuş məlumatların yayılmasına” görə 30 sutka inzibati həbs edilib.
Qəhrəmanlı oktyabrın 22-də cəzasını çəkdikdən sonra azadlığa buraxılıb. Oktyabrın 24-də isə o, Baş Prokurorluğun qarşısında təkadamlıq aksiya keçirərək baş prokuror Kamran Əliyevlə görüş, həmçinin saxlanıldığı zaman ondan götürülən telefonunun geri qaytarılmasını tələb edib.
Aksiya zamanı o, Baş Prokurorluğun binasının qarşısındaca polis tərəfindən saxlanılıb. Tezliklə jurnalist sərbəst buraxılıb.
“Tibbi müayinədə keçə bilmədiyim üçün Gürcüstana getdim”
Oktyabrın 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Həbibov bir müddət əvvəl mülki geyimli şəxslər tərəfindən döyüldüyünü bildirib. O, deyib ki, oktyabrın 11-də axşam saatlarında Qızıldaş qəsəbəsində (Bakıdan 25 km cənubda) mülki geyimli 3 nəfər onu saxlayıb qara rəngli avtomobilə zorla mindiriblər.
Fəalın sözlərinə görə, onu kəndin kənarına aparıb, dəyənəklərlə döyməyə, ağır təhqirlər yağdırmağa başlayıblar.
“Mənə dedilər ki, “Ayağımıza dolaşmayın”, “Hakimiyyətə gəlmək istəyirsiz? Buna imkan verməyəcəyik”. Döydükdən sonra məni buraxdılar”, – Həbibov deyib.
Həbibovun bədənində zorakılıq izləri qalıb. Fəal bildirir ki, Sabunçudakı 3 saylı xəstəxanada rentgen və ultrasəs müayinəsi aparılıb, qançırlar və döş qəfəsinin zədəsi qeydə alınıb.
Hadisədən sonra Qaradağ rayonu 38-ci Polis Bölməsinə müraciət edib. Amma bu vaxta qədər onun xəsarətlərini müəyyən etmək üçün tibbi ekspertizaya göndərməyiblər.
“Polisin biganə yanaşmasına, siyasi fəaliyyətimlə bağlı təhdidlərə, dəyənəyin də sıravi vətəndaşlarda yox, polisdə olmasına görə, düşünürəm ki, bu şəxslər mülki polis əməkdaşları olublar. Polis işə baxmasa, yəqin ki, yuxarı instansiyalara müraciət edəcəm”, – Həbibov əlavə edib.
İndi o, Gürcüstandadır. Fəal qeyd edib ki, Azərbaycanda müayinədən keçə bilməyib, ona görə də oktyabrın 17-də Tbilisiyə gedərək orada tibbi müayinədən keçməli olub.
Hər üç faktla bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan jurnalistlərin sorğusuna cavab olaraq bildirilib ki, bütün bu iddialar əsassızdır.