Azərbaycan hökuməti AİHM-in 7 qərarına əsasən ümumilikdə 230 min avrodan çox kompensasiya ödəyəcək
AİHM-in Azərbaycanla bağlı qərarları
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 30-dan çox ərizə üzrə 7 qərar və qərardad elan edib. Baxılan işlər arasında jurnalist Fikrət İbişbəylinin, müxalifətçi siyasətçi, keçmiş siyasi məhbus Yadigar Sadıqlının, eləcə də bir qrup LGBT fərdinin şikayətləri var. Hökumət bütün bu hallara görə ümumilikdə 230 min avrodan çox təzminat ödəməyi öhdəsinə götürüb.
- AİHM Azərbaycanla bağlı daha 10 şikayətə baxıb
- “Məni tualetə getməyə qoymurdular, başıma və boynuma vururdular”. Azərbaycanlı keçmiş siyasi məhbuslar başlarına gələnlər haqda
- Avropa Məhkəməsi 2023-cü ildə Azərbaycanla bağlı 40 qərar qəbul edib
Hökumət LGBT fərdlərinin hüquqlarının pozulduğunu qəbul edib, lakin şikayətçilər məhkəmənin qərarından narazı qalıblar
Aprelin 11-də AİHM 24 nəfər LGBT fərdinin birgə şikayəti üzrə qərarını elan edib. Şikayət 2017-ci ilin sentyabrında polis reydləri zamanı qanunsuz saxlanılmalarla bağlıdır. Onlar iddia edirlər ki, onların saxlanılması və sonradan inzibati həbs edilmələri qanunsuz və özbaşına olub, yalnız cinsi oriyentasiyalarına əsaslanıb.
Onlar həmçinin polis məmurları və təcridxana əməkdaşlarının onlara qarşı pis rəftar etməsindən, müvafiq orqanların bununla bağlı səmərəli araşdırma aparmamasından, habelə, həbsdə olan zaman məcburi tibbi müayinəyə məruz qalmalarının qanunsuzluğundan şikayət ediblər.
Ərizəçilər İnsan Haqları Konvesiyanın 3, 5, 6, 8 və 14-cü maddələrinin pozuntusuna məruz qaldıqlarını iddia ediblər.
Bu işdə də hökumət kommunikasiya mərhələsində iddia edilən pozuntuların bir qismini etiraf edib. Hökumət ərizəçilərə mənəvi zərər əvəzi 125 min avro, xərc və məsrəflər əvəzi ümumilikdə 3 min avro ödəməyi öhdəliyinə götürüb.
Ərizələrin araşdırılması zamanı məhkəmə 1 ərizəni ərizəçinin vəfat etməsi, daha 4 ərizəni digər səbəblərdən baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.
Hökumətin təktərəfli bəyanatında əksini tapanların məzmununu, habelə təklif olunan kompensasiyanın məbləğlərinin digər oxşar işlərdə təyin edilmiş məbləğlərə uyğun olmasını nəzərə alan Avropa İnsan Hüquqları Məhkəməsi qalan 19 ərizəyə baxılmasının hökumətin bəyannaməsi əsasında başa çatdırılmasının doğru olmasına qərar verib. Məhkəmənin qərardadına görə, hökumətin təklif etdiyi 125 min avro 19 ərizəçi arasında bölünməli, ərizəçilərin hüquqi təmsilçilərinə isə 3 min avro ödənilməlidir.
Lakin ərizəçilərin maraqlarını təmsil edən hüquqşünas Səməd Rəhimli Turan-a bildirib ki, ərizəçilər təklif olunan “barışıq” ilə razılaşmır və mahiyyəti üzrə qərar əldə olunmasına çalışırlar.
Rəhimli izah edib ki, hökumətin təktərəfli bəyanatı LGBT fərdlərinin hüquqlarının pozulmasında əli olan təhlükəsizlik qüvvələrinin və digərlərinin qanunsuz hərəkətlərini araşdırmaq üçün hakimiyyətin üzərinə heç bir öhdəlik qoymur. Mahiyyəti üzrə qərarın olmaması da Azərbaycanda ayrı-seçkiliyə qarşı qanunun qəbuluna imkan vermir.
Ərizəçilərin adları açıqlanmır. Onların bəzisi növbəti təqiblərdən çəkinərək Azərbaycanı tərk ediblər.
Məlumat yaymağa görə cərimə, seçki və sərbəst toplaşmaq hüquqlarının pozulması
“Avropa Məhkəməsi Gündəliyi” saytı xəbər verir ki, AİHM Azərbaycandan bir sıra digər işlərlə bağlı da qərar elan edib.
Belə ki, jurnalist Fikrət İbişbəyli 2022-ci ildə Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı məlumat yaydığına görə 500 manat cərimə olunmasından şikayətlənib. Hökumət onun hüquqlarının pozulduğunu etiraf edib və ona 2250 avro təzminat ödəməyə razılaşıb.
“Yadiqyar Sadıqlı və başqaları Azərbaycana qarşı” işində 15 müxalifətçi və vətəndaş cəmiyyəti fəalının 9 fevral 2020-ci il parlament seçkiləri zamanı hüquqlarının pozulması ilə bağlı şikayətləri bir araya gətirilib.
Hakimiyyət orqanları ərizəçilərin hüquqlarının pozulmasını etiraf edib və onların hər birinə 4500 avro məbləğində təzminat ödəməyə razılaşıblar.
Daha 9 ərizəçi analoji şikayətlə müraciət edib və bu şikayətlər “Sakit Məmmədov və digərləri Azərbaycana qarşı” işində birləşdirilib. Bu halda da hökumət barışıq təklif edib və mənəvi ziyana görə ərizəçilərə 4750 avro ödəməyə razılaşıb.
Günel Səfərovanın şikayəti seçkilər zamanı hüquqlarının pozulması ilə bağlı olub, lakin Strasburq məhkəməsi ilə kommunikasiyanı davam etdirmədiyi üçün onun şikayəti baxılanlar siyahısından çıxarılıb.
Sərbəst toplaşmaq azadlığının pozulması ilə bağlı şikayətlərlə bağlı daha 10 ərizəçinin hər birinə 1750 avro ödəniləcək.