Aİ Gürcüstana yardımı dayandıracaqmı və bundan sonra nələr olacaq? Ekspert təhlili
Gürcüstanda müxalifət və hakimiyyət arasında münaqişə, təhlil
“Gürcüstan siyasi dalana doğru daha bir addım atdı. Ölkə üçün Avropa əvəzinə Rusiya orbitinə düşmək təhlükəsi artır” – müstəqil ekspertlərin əksəriyyəti ölkədəki siyasi böhranı belə dəyərləndirir.
Gürcüstanda müxalifət və hakimiyyət arasında razılıq əldə edilməsi ilə bağlı yüksək vəzifəli avropalı moderatorların bir neçə vasitəçilik cəhdi uğursuzluqla nəticələnəndən sonra Avropa Parlamenti ölkəyə qarşı maliyyə sanksiyalarının tətbiq edilməsi ehtimalını səsləndirdi.
Aprelin 1-də Avropa Parlamentinin yeddi nüfuzlu deputatının imzaladığı birgə bəyanatda deyilir ki, 2021-ci ilin oktyabrında Gürcüstan 60 milyon avroluq yardımmı almaya bilər. Bu, Avropa İttifaqının COVID-19 pandemiyası kontekstində Gürcüstan üçün ayırdığı 1,5 milyard lari [438 milyon dollara yaxın] paketin bir hissəsidir.
Bəyanatı imzalayan nüfuzlu deputatlar danışıqlar prosesinin pozulmasında əsasən hökuməti günahlandırıblar. Amma onlar vurğulayıblar ki, müxalifətin üzərinə də böyük məsuliyyət düşür.
Həm müxalifət, həm də hakimiyyət nümayəndələri ilk şərhlərində yenə də məsuliyyəti bir-birinin üzərinə qoymağa çalışıb. Bir neçə məmur da deyib ki, bəyanatda Avropa Parlamentinin yox, sadəcə yeddi deputatının mövqeyi əks olunub.
Amma ekspertlər və siyasi şərhçilər az qala yekdilliklə bildirirlər ki, Şevarnadze dövründən sonra Aİ tərəfindən belə sərt tonla səslənən bəyanat xatırlamırlar.
Bəyanat Gürcüstan üçün “qırmızı xətti” keçdiyinə dair siyasi həyəcan siqnalıdır.
JAMnews bir neçə gürcüstanlı və xarici ekspertlə bu mövzuda söhbət edib.
Hans Fridrix Qudfrod, Tbilisidə İlia Universitetinin professoru
“Avropa Parlamenti deputatlarının məktubu Gürcüstanın siyasi dalana doğru daha bir addımıdır. Bunun nə demək olduğunu dəqiq anlamaq çox vacibdir. Bu, Avropa Parlamentinin aparıcı və nüfuzlu deputatlarından xəbərdarlıqdır, amma bununla belə Gürcüstandan hələ heç bir reaksiya yoxdur. Bu, sanksiya deyil, amma gələcək yardımın şərtidir.
Gürcüstanın ağır iqtisadi vəziyyətini, pandemiyanın gözlənilən üçüncü dalğasını və turistlərin gəlirləri baxımından qeyri-müəyyənliyi nəzərə alaraq bu yardım Gürcüstan üçün çox vacibdir. Bu, valyuta devalvasiyasının davamının qarşısını almaq üçün də lazımdır.
Amma eyni zamanda bu, həm də qarşıdurma dalanından çıxmaq ehtiyacının kəskin olduğuna bir işarədir. Bunu ertələmək olmaz. Ölkəyə mühüm problemlərin həlli ilə məşğul olacaq hökumət lazımdır”.
Avropa Parlamenti məyusdur və Gürcüstana maliyyə yardımını dayandırmağı təklif edir
Gürcüstanda ərzaq kəskin bahalaşıb və inflyasiya yüksək həddədir
Oliver Resner, fəlsəfə elmlər doktoru, Qafqaz və Avropa tədqiqatlarında ixtisaslaşmış professor
“Avropa İttifaqının müdaxilə edib, Gürcüstana daxili siyasət məsələlərinin həllində kömək etməli olması çox şeydən xəbər verir.
Avropa Parlamentinin deputatlarının bəyanatı hər şeydən əvvəl siyasi anlam daşıyır. Bu, hər iki tərəfin – həm hökumət, həm də müxalifətin kəskin tənqididir.
Avropa Parlamentinin məktubu imzalayan bu yeddi deputatının müxtəlif siyasi fraksiyalara aid olduqlarını unutmamaq vacibdir. Bu, sadəcə Avropa Xalq Partiyası deyil, hansı ki, məlum olduğu kimi Vahid Milli Hərəkatı [Gürcüstanın eks-prezident Mixail Saakaşvili ilə assosiasiya olunan müxalifət qüvvəsi] dəstəkləyir.
Bu, əgər ölkə Avropa İttifaqına qoşulmaq istəyirsə, belə yanaşmanın mümkün olmadığı haqda ciddi kontekstli xəbərdarlıqdır.
Mən hesab edirəm ki, Gürcüstanda əslində vəziyyət çox ağırdır. Hər iki tərəf öz mövqeyini və ritorikasını dəyişməlidir. Onlar bir—birlərinə düşmən kimi baxır, əhalini də bu prinsip üzrə bölməyə çalışırlar. Bu cür yanaşma Stalin dövründə olub. Bunu dəyişmək lazımdır, siyasi rəqib rəqibdir, düşmən deyil.
Həmçinin siyasi prosesə əhali cəlb olunmalıdır, insanlar məsuliyyətin bir hissəsini öz üzərinə götürməlidirlər. Mən tərəflərin heç birindən belə bir yanaşma görmürəm. Onlar sadəcə dövlət resursları üzərində nəzarəti ələ keçirmək üçün bir-biri ilə mübarizə aparırlar.
Bu arada cəmiyyət qətiyyən siyasi maraqlar qrupları üzrə yaşamır və öz diqqəti ilə bu və ya digər siyasətçilərə bölünmürlər. Hökumət də, müxalifət də seçki ərəfəsində ancaq populist vədlər verir, amma avtoritar yanaşma ilə hərəkət edirlər.
Hibrid rejimin nəticəsi də elə budur – demokratiyaya doğru heç bir real addım atılmır”.
Kaxa, Qoqolaşvili, Rondeli Fondunun Avropa Tədqiqatları Mərkəzinin direktoru, Avropa İttifaqında Gürcüstanın diplomatik missiyasının keçmiş rəhbəri:
“Avropa Parlamentinin Gürcüstana ən dost münasibətdə olan deputatların bu cür bəyanatla çıxış etməsi çox pisdir.
Bəli, onlar sadəcə yeddi deputatdır, amma onların hamısı Avropa Parlamentində kifayət qədər mühüm vəzifə tutur. Onların sorğuları da tamamilə şüurludur.
Gəlin, unutmayaq ki, Gürcüstan əhali sayına görə ən çox yardımı məhz Avropa İttifaqından alır. Mən şübhə edirəm ki, elə indi maliyyə yardımının növbəti tranşının dayandırılması haqda qərar qəbul ediləcək. Söhbət Gürcüstanda daxili böhrandan gedir, amma bu o demək deyil ki, Gürcüstanda, məsələn, Lukaşenkonun Belarusda elədiyi kimi bir şey edilib. Fundamental insan haqlarının pozulması və buna bənzər heç nə olmayıb.
Amma əgər biz 2024-cü ildə Aİ üzvlüyünə müraciət etmək və namizəd statusu almaq, yaxud Aİ-nin Gürcüstanın namizədliyinə nəzərdən keçirdiyinə dair bir eyham istəyiriksə, biz ölkədə vəziyyəti radikal dəyişməliyik.
İndi baş verənlər başa çatmalıdır. Siyasi partiyaların qarşılıqlı dözümsüzlüyü dayandırılmalıdır. Bu baş verməsə, Gürcüstan Avropa İttifaqına daxil olmaq üçün müraciət edə bilməyəcək. Buna görə çox vacibdir ki, bütün siyasi qüvvələrin öz partiya maraqlarını arxa plana itələməyi bacarsın. Onlar anlamalıdırlar ki, bizim başqa çıxış yolumuz yoxdur”.
David Aprasidze, siyasi elmlər doktoru, İliya Universitetinin professoru:
“Bu məktub ölkə üçün həm yaxşıdır, həm də pisdir. Yaxşıdır ki, biz tək olmadığımızı hiss edirik, Avropa da Gürcüstanın gələcəyinin qeydinə qalır. Amma bu ölkədə siyasətçilərin nə qədər məsuliyyətsiz olmasının ortaya çıxması çox pisdir.
Siyasi qruplar ölkənin taleyini sadəcə öz şəxsi taleləri ilə bağlayırlar. Kompromis, siyasi razılaşma onlar üçün yaılnız hökumət başında özləri dayandıqları zaman qəbulediləndir. Bu, bütün oyunçulara aiddir.
Necə kimsə ökəyə qarşı sanksiyaların tətbiq edilməsini dəstəkləyə bilər? Amma təəssüf ki, mən başqa çıxış yolu görmürəm. Arzu olunan nəticə, əlbəttə ki, müxalifətin və hökumətin ağlını başına toplamasından ibarətdir. Amma mümkün olmazsa, siyasi gərginləşmə şəraitində biz həqiqətən də Rusiya orbitinə düşə bilərik, bu da Gürcüstan üçün tamam məhv olmaq deməkdir.
Mən yenə də ümid edirəm, Gürcüstan Qərb üçün o qədər vacibdir ki, biz onlar tərəfindən yarı-məcburi metodların köməyilə hər hansı nəticəyə nail olacağıq”.
Vano Çxikvadze, Avropa İnteqrasiyası Proqramının rəhbəri:
“Avropa Parlamenti deputatlarının məktubu hər şeydən əvvəl siyasi anlam daşıyır. Hakimiyyətin bəyanatın sadəcə yeddi nəfərə aid olduğu haqda şərhləriçox qeyri-ciddidir.
İlk dəfə deyilir ki, Gürcüstan və Avropa İttifaqı arasındakı münasibətlər karta qoyulub. Bu, bizim siyasətçilər tərəfindən yaxşı düşünülməlidir. Bunun hamıya dəxli var, baxmayaraq ki, hakimiyyət üzərində həmişə daha çox məsuliyyət olur.
Hamı anlamalıdır ki, Rusiya orbitinə qayıtmaq təhlükəsi var. Hamı da una görə məsuliyyət daşıyır. Bu bəyanat bunun baş verməməsi üçün vəziyyətin düzəldilməsi üçün xəbərdarlıqdır.
Maliyyə hissəsinə gəlincə, ümumilikdə 75 milyon avro itirmək Gürcüstanın iqtisadiyyatına və maliyyə stabilliyinə ağır zərbə olacaq”.