“Abzas Media”nın direktoru və baş redaktoru həbs edilib
“Abzas Media”da həbslər
Son 24 saat ərzində Azərbaycanda “Abzas Media” müstəqil internet nəşrinin iki əməkdaşı həbs edilib, daha biri saxlanılıb və ikinci gündür ki, ondan xəbər yoxdur. Qaçaqmalçılıqda təqsirləndirilən nəşrin direktoru və baş redaktoru barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
- “Qərb regionda yeni reallıqları qəbul etməli olacaq”. Bakıdan şərh
- “Bizim İvanişvilidən başqa oliqarxımız yoxdur” – Gürcüstan prezidenti Bidzina İvanişvilini açıq tənqid edib
- Yerevanda məişət zorakılığı qurbanlarına necə kömək edirlər? Şəxsi hekayələr
Noyabrın 21-də axşam saatlarında “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı və direktoru Ülvi Həsənli məhkəmə qarşısına çıxarılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bu ittihamla onları 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məhkəmənin qərarı ilə Sevinc Vaqifqızı və Ülvi Həsənli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Məhkəmə iclası başlamazdan saatlar öncə şəhərin bu hissəsində yollar bağlanıb, məhkəmə istiqamətində gediş-gəliş məhdudlaşdırılıb. Jurnalistlər və saxlanılanların yaxınları yenə də Bakının Xətai rayon məhkəməsinin binası önünə gələ biliblər və bir neçə saat məhkəmənin başlanmasını gözləyiblər.
Həsənli və Vaqifqızı məhkəməyə gətirilərkən binanın qarşısında həmkarları ilə polis əməkdaşları arasında mübahisə yaranıb. Hadisə yerindən aparılan canlı yayımlardan da göründüyü kimi, polis jurnalistlərin işinə kobud mane olub. Reportyorlardan biri zorakılıqla saxlanılaraq ərazidən uzaqlaşdırılıb.
Toplaşanların heç biri – nə saxlanılanların yaxınları, nə də jurnalistlər məhkəmə zalına buraxılmayıblar.
Sevinc Vaqifqızı noyabrın 21-də səhər tezdən Azərbaycana qayıdan zaman, təyyarədən enərkən pasport nəzarətindən belə keçmədən polis əməkdaşları tərəfindən saxlanılıb. “Abzas Media”nın baş redaktoru Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. Bir neçə saat sonra o, axtarış aparmaq üçün yaşadığı mənzilə gətirilib.
Vaqifqızını mənzilə daxil olarkən görə bilən həmkarlarının sözlərinə görə, o, saxlanılarkən polis zorakılığına məruz qalıb. Bundan sonra jurnalist həmkarlarına özünü pis hiss etməsi və ürək bulanması barədə məlumat verib.
Axtarışdan sonra jurnalistin vəkili Elçin Sadıqov qeyd edib ki, mənzildə qanunsuz heç nə aşkar edilməyib və heç nə götürülməyib.
Nəşrin direktoru Ülvi Həsənli baş redaktorun həbsindən bir gün əvvəl, noyabrın 20-də səhər tezdən saxlanılıb. Həsənlinin sonradan vəkilinə dediyinə görə, o, iş səfərinə çıxmaq üçün hava limanına gedəndə taksisinin qarşısında maşın dayanıb, mülki geyimli şəxslər onu bu maşına zorla mindiriblər, maşında isə onlardan biri jurnalistin gözünə yumruqla vurub. Çəkilən videoda onun üzündə zərbənin izi də görünürdü.
Jurnalist Bakı şəhər Baş Polis İdarəsinə gətirilib. Ülvi Həsənlinin qeyd etdiyi kimi, onu orada da döyüblər.
“Məndən soruşdular ki, niyə “Abzas Media” korrupsiyadan yazır, Qarabağdakı qələbədən yazmır? Mənə verilən sualların hamısı saytın fəaliyyəti ilə bağlı idi”, – deyə Ülvi Həsənli yayılan səs yazısında bildirib.
Daha sonra “Abzas Media”nın redaksiyasında və Həsənlinin mənzilində axtarış aparılıb. Mənzildə heç nə tapılmayıb, lakin ofisdə 40 min avro məbləğində pul tapıldığı bildirilib.
Ülvi Həsənlinin özü və baş redaktor Sevinc Vaqifqızı bildiriblər ki, bu pullar barədə heç nə bilmirlər və pulların redaksiyaya hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən qoyulduğunu ehtinal edirlər.
Axtarışdan sonra redaksiyanın yerləşdiyi kirayə mənzilin qapısının qıfılı dəyişdirilib və jurnalistlər artıq ofisdə işlərinə davam edə bilmirlər.
Təxminən eyni vaxtda ictimai fəal, “Abzas Media”nın əməkdaşı Məhəmməd Kekalov mülki geyimli şəxslər tərəfindən mənzilindən zorla aparılıb. Onun kompüteri və telefonu da götürülüb. Gənc fəalın valideynlərinin qeyd etdiyi kimi, bu şəxslər özlərini təqdim etməyib və onu hara apardıqlarını açıqlamayıblar.
Vəkil və yaxınları ikinci gündür ki, Kekalovu axtarırlar, lakin ondan heç bir xəbər yoxdur.
“Mən Daxili İşlər Nazirliyi ilə əlaqə saxladım və bildirdim ki, bir gündən artıqdır ki, müdafiə etdiyim şəxs, ictimai fəal Məhəmməd Kekalov haqqında məlumat ala bilmirəm. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatının əməkdaşı ilə mütəmadi əlaqə saxlayıram. Təəssüf ki, Məhəmməd Kekalovla bağlı hələ də heç bir məlumat yoxdur”, – deyə vəkil Rövşanə Rəhimli bildirib.
Kekalovun doğmaları və dostları istintaqa lazım olan ifadəni almaq üçün onun işgəncələrə məruz qalmasından ehtiyat edirlər.