Apellyasiya Məhkəməsi Anar Məmmədlini həbsdə saxlayıb
“Abzas Media işi” – Anar Məmmədli
Mayın 6-da Bakı Apellyasiya Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib və Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu barədə vəkil Elmar Sülehmanov məlumat verib.
Vəkil birinci instansiya məhkəməsinin bir sıra pozuntulara yol verdiyinə diqqət çəkib.
“Xüsusən, məhkəmə cinayət-prosessual qanunvericiliyə zidd olaraq, prosesin audioyazısının aparılmasını təmin etməyib”, – deyə vəkil Turan-a bildirib.
Bundan başqa, məhkəmənin qərarında vəkilin vəsatətləri göstərilməyib. Məhkəmə həmçinin vəkilin ona iş materialları ilə tanışlıq üçün şərait yaradılması haqqında ərizəsini təmin etməyib.
Vəkil Süleymanov qeyd edilən pozuntular haqqında Məhkəmə-Hüquq Şurasına, Bakı Apellyasiya Məhkəməsinin və Xətai Rayon Məhkəməsinin sədrinə yazılı şikayət verib.
“Mən bugünki məhkəmə iclasında da bunu ifadə etdim”, – deyə vəkil qeyd edib.
Müdafiə tərəfi bir daha Məmmədlinin həbsdə saxlanılması üçün əsas olmadığını bildirib.
“Biz həbs üçün əsas görmürük. Anar Məmmədli istintaqdan gizlənməyib”, – deyə Süleymanov vurğulayıb.
Müdafiə tərəfi həmçinin Məmmədli barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadə hədləri) maddələrinin pozulduğunu bildirib.
Məmmədli özü də etirazını bildirib və cinayət işinin onun ictimai fəaliyyəti ilə bağlı olduğunu deyib.
Məmmədli aprelin 29-da saxlanılıb. Növbəti gün ona qarşı CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
O, “Abzas Media işi” üzrə istintaqa cəlb edilib. Hazırda bu iş üzrə Məmmədli də daxil olmaqla, 8 nəfər həbsdədir.