Abxaziya və Cənubi Osetiyadan olan 52 min məcburi köçkün ailəsi indiyə qədər evsizdir - Gürcüstan Xalq Müdafiəçisinin ofisindən bildirilib
Gürcüstanda 52 min qaçqın ailəsinin bu günə qədər öz evi yoxdur. Gürcüstan Xalq Müdafiəçisinin ofisindən bildirilir ki, bu, qeydiyyatdan keçmiş bütün məcburi köçkünlərin 58 faizini təşkil edir.
35927 ailə yaşayış yeri ilə təmin olunub. Onlardan 6174-ü 2008-ci il avqust müharibəsində ev-eşiklərini tərk edənlərdir.
Ombudsmen öz bəyanatında qaçqınlarn uzun illər boyu şəxsi əmlakdan istifadə etmək hüququndan məhrum qaldıqlarına diqqət yetirib:
“Qaçqınların Sxinvali regionunda qalan evlərini yerlə bir ediblər. Abxaziyada isə onlar “sahibsiz” əmlak hesab edilir və de-fakto “dövlətin” mülkiyyətinə çevrilir”
• 1990-cı ildən 2008-ci ilə qədər silahlı münaqişə nəticəsində 278 min 103 vətəndaş məcburi köçkünə çevrilib.
Buradan 200 min nəfəri Abxaziyadan olan qaçqınlardır (o cümlədən də Abxaziyanın Qal rayonundan olan 40 min etnik gürcü); 20-30 min nəfər isə Cənubi Osetiya sakinidir (o cümlədən də Axalqor bələdiyyəsinin minə yaxın sakini). Bu regionlardan olan bir neçə min qaçqın Gürcüstanı tərk edib və başqa ölkələrdə yaşayır.
• 2018-ci il avqustun 7-də avqust müharibəsinin başlanmasının 10 ili tamam olur. Müharibənin aktiv fazasında münaqişə zonasını ümumilikdə 163 min insan tərk edib. Onlardan 36 mini Şimali Osetiyaya qaçıb, çonra isə çoxu hərbi əməliyyatlar bitəndən sonra öz evlərinə qayıdıb.
Əsasən etnik gürcü olan 127 min nəfər Cənubi Osetiyanı və ətraf əraziləri tərk edərək Tbilisinin nəzarəti altında olan yerlərə köçüb. Onlardan yüz mini müharibənin aktiv fazasından sonra evlərinə qayıdıb, 27 min nəfəri isə indiyə qədər qaçqın olaraq qalır.
Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.