Abxaziyanın keçmiş vitse-prezidenti hesab edir ki, respublika Rusiya və Belarusun İttifaq dövlətinə daxil olmalıdır. Onun sözlərinə görə, bu, “Abxaziya dövlətçiliyinin məhv olmasının” qarşısını alacaq. Abxaziyada çoxları onun bu mövqeyini mənfi qarşılayıb hətta bunu “xəyanət” də adlandırıblar.
Vladislav Ardzinbanın prezidentliyi dövründə on il (1994-2004) Abxaziyanın vitse-prezidenti olmuş Valeri Arşba respublikanın Rusiya ilə daha sıx əməkdaşlıq yolları axtarmalı olduğuna israr edir.
O, bu ideyanın məqsədyönlü olduğunu “Respublika Abxaziya” dövlət qəzetində dərc etdiyi məqalədə əsaslandırıb.
Arşbanın fikrincə, “həyatı yenidən nəzərdən keçirməyin və çox vacib və xalqımız üçün lazımlı qərarların qəbul etməyin vaxtı yetişib (bu vaxtı ötürə də bilərik )”.
Siyasətçi Abxaziya hakimiyyətindəki bəzi çevrələrin “düşmən Gürcüstanla” siyasi və iqtisadi əməkdaşlığın mümkünlüyü ilə bağlı eyhamlarını çox təhlükəli hesab edir. Arşba Gürcüstanla əlaqələrin əksinə Rusiya ilə daha sıx əməkdaşlığı təklif edir.
“Ölkəni və abxaz millətini qorumaq üçün Abxaziya elitası öz xalqı ilə birlikdə taleyüklü qərar qəbul etməlidir və suverenliyini itirmədən artıq mövcud olan Rusiya və Belarusun İttifaq dövlətinə daxil olmağa hazırlaşmalıdır”, – keçmiş vitse-prezident yazıb.
“Biz hamımız birlikdə bu tarixi qərara gəlməliyik, əks halda millətin və Abxaziyanın gələcəkdə məhv olması prosesinin iştirakçısı olacağıq. Və gələcək nəsillər heç vaxt bunu bizə bağışlamayacaqlar”, – Arşba israr edir.
Sosial şəbəkə istifadəçilərinin keçmiş vitse-prezidentin bəyanatına reaksiyası əsasən mənfi olub – çoxları Arşbanın mövqeyini “xəyanət” adlandırıb.
İttifaq dövləti nədir?
Rəsmən Rusiya və Belarusun İttifaq dövləti Rusiya Federasiyası və Belarus Respublikasının vahid siyasi, iqtisadi, hərbi, gömrük, valyuta, hüquqi, humanitar və mədəni məkanı mərhələli formalaşdırılan dövlətüstü quruluşdur.
Bu quruluşun yaradılması ilə bağlı saziş 1999-cu ildə imzalanıb. Sazişə əsasən, ölkələr arasında sərhədlər faktiki açıqdır, Belarus isə Rusiyanın enerji resurslarından və Rusiya bazarından bir sıra güzəştlərlə faydalanır.
Amma bugünə qədər tərəflər vahid valyuta və vahid siyasi strukturlarla bağlı razılığa gələ bilməyiblər.
Məqalədə təklif edilən terminlər, toponimlər, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düçməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən qeyri-etik sayılan şərhləri silmək haqqını özündə saxlayır.