Abxaziya: 1 il abortsuz
foto: Ibrahim Çkadua
Abxaziyada abortsuz bir il keçdi.
2015-ci ilin dekabr ayında Abxaziyada abortların tam qadağası haqqında qanun respublika parlamenti tərəfindən təsdiq edilib. O vaxt 26 deputat “lehinə” və yalnız 3 nəfər “əleyhinə” səs verib.
2016-cı ilin fevral ayında qanun qüvvəyə minib.
Əsas səbəb kimi respublikada demoqrafik problemi həll etmək zərurəti göstərilib. Arqument kimi də aşağıdakı faktlar gətirilirdi:
- orta hesabla ildə 700 rəsmi qeydiyyatdan keçmiş abort həyata keçirilir, bunlardan cəmi 15-i tibbi göstərişlə bağlı olur;
- orta hesabla ildə 2000 uşaq dünyaya gəlir.
Deputatların məntiqinə görə, abortları cinayət əməlinə çevirmək kifayət idi ki, Abxaziyada hər il minə qədər uşaq doğulsun
Bir il keçdi. Nəticələr necədir?
Doğuş sayı dəyişməz qaldı
Qısaca desək, abortların qadağası doğuş səviyyəsinə heç bir təsir göstərmədi. Hələlik 2016-cı il üzrə yekun məlumatlar yoxdur, amma əldə olan məlumatlar onu deməyə əsas verir ki, hər şey olduğu kimi qalıb.
Hər şeyin cavabını qadınlar verməlidir
foto: Ibrahim Çkadua
Amma rəqəmlər sahəsində heç bir dəyişiklik baş verməsə də, insanların həyatında çox ciddi dəyişikliklər baş verdi.
Mədinənin (adı dəyişdirilib) üç övladı var, iki qızı, bir oğlu. Onlar yoldaşı ilə kənddən şəhərə köçüblər və ayağa durmağa çalışırlar. Mədinə evdar xanımdır, yoldaşı yanacaq doldurma məntəqəsində işləyir, maaşı böyük deyil, ehtiyac içində yaşayırlar.
“Elə alındı ki, bu qanundan dərhal sonra uşağa qaldım. Uşaqları sevirəm, o uşağı da istəyirdim. Amma bu üçünü dolandırmağa, qarınlarını doyunca doydurmağa pulumuz çatmırdı, bilirdik ki, dördüncü uşağı heç cür dolandıra bilməyəcəyik”, – Mədinə danışır.
Aborta da çoxlu pul lazımdır, axı bunun üçün qadınlar indi xaricə getməlidir.
Abxaziyadan Gürcüstana abort elətdirməyə getmirlər
Münaqişəyə və cəmiyyətdəki ümumi qınağa baxmayaraq, Abxaziyadan çox sayda insan müalicə almaq üçün Gürcüstana gedir, JAMnews bununla bağlı ayrıca tədqiqat aparıb.
Amma görünür ki, bunun abortlarla heç bir əlaqəsi yoxdur.
Abxaziyaya ən yaxın olan Gürcüstanın Zuqdidi şəhərinin tibb müəssisələrində heç kim qadınların Abxaziyadan abort elətdirmək üçün gəldiyini təsdiq etmədi.
Poliklinikanın müdiri Tamaz Cananşiya JAMnews-a bildirib ki, Abxaziyadan hamilə qadınlar heç vaxt burada qeydiyyatdan keçməyib.
Zuqdididə “Life” klinikasının həkim ginekoloqu Teya Laşxiyanın sözlərinə görə, hamiləlik vaxtı onlara Abxaziyadan, əsasən də Qal rayonundan [əsasən gürcülərin məskunlaşdığı rayondan JAMnews] qadınlar müraciət edir. Amma burada da səbəb doğuş və ginekoloji xəstəliklərin müalicəsidir. “Abxaziyadan heç vaxt heç kim hamiləliyini dayandırmaq üçün müraciət etməyib”, – deyə Teya Laşxiya bildirib.
Zuqdidinin regional xəstəxanasından JAMnews- a bildiriblər ki, son illər ərzində abortlar üzrə statistika əhəmiyyətli dərəcədə dəyişməyib.
İki milyon əhalisi olan Tbilisidə analoji statistikanı yoxlamaq mümkünsüz görünür.
Bu, gözlənilən nəticə idi. Soçidə tamamilə başqa bir mənzərənin üzə çıxacağı da aydın idi.
Soçi çox bahalı olan abort yeri kimi
“Soçidə abort etdirmək” sorğusuna cavab olaraq Google Soçinin 16 tibb müəssisəsinin ünvan və telefonlarını göstərdi. Siyahıdakı bu tibb mərkəzlərindən birinə zəng zamanı məlum oldu ki, price-da üstü örtülü şəkildə “aybaşı dövrünün korreksiyası” kimi qeyd olunan manipulyasiyanı bir dəfəyə həyata keçirmək mümkündür.
USM müayinəsi, manipulyasiya və əməliyyat sonrası baxış da daxil olmaqla hər şeyə 2-3 saat vaxt sərf olunacaq. Qiymət də hamiləliyin dövründən asılı olaraq 5500-dən 11 000 rubla qədər dəyişəcək [100$-200$ arası].
“Adımın gizli saxlanacağına ümid edə bilərəmmi və klinikada vətəndaşlığım barədə məlumatlar vacibdirmi?”, – deyə dəqiqləşdirdik.
“Hər şey tam gizlidir, müqavilədə xidmət kodla göstəriləcək, vətəndaşlığınız isə bizi maraqlandırmır.
Belə çıxır ki, pulu və sərbəst hərəkət etmək imkanı olan Abxaziya sakini bir gün ərzində istəyini həyata keçirə bilər.
Əslində isə hər şey o qədər də asan deyil. Abortun qiymətinə Soçiyə nəqliyyatla gediş haqqını da əlavə etmək lazımdır. Abxaziyada dövlət işçisinin orta əmək haqqı 6-10 min rubl arasıdır. Yəni əksər qadınlar üçün respublikadan kənarda peşəkar və təhlükəsiz abort etdirmək tələb olunan məbləğ çox böyükdür.
Qanuna qarşı arqumentlər
Abxaziyanın səhiyyə naziri Anzor Qoovanın bu qanuna münasibəti lap əvvəldən birmənalı şəkildə neqativ idi.
Nazir deyir ki, həmkarları qanun layihəsinə baxılan zaman deputatlara vəziyyəti başa salmağa çalışır, eyni zamanda deyirdilər ki, tibbi göstərişlər var, ana və körpənin həyatına təhlükə ola biləcək ağırlaşmalar var.
“Orta əsrlər” sözünü Suxum sakini Kristina Bazba da istifadə edib:
“İki uşaq anasıyam. Yoldaşımla üçüncü uşaq barədə də düşünürük. Amma hələlik bu, mümkün deyil, çünki münasib iş, maaş yoxdur, dövlət də kömək etmir. Çoxuşaqlı ailələrin yardıma, evə ehtiyacı var, qanunu qəbul edənə qədər hələ çox işlər görülməliydi”.
Bu gün Abxaziyada büdcədən maddi yardım ancaq üç və daha artıq uşaq analarına verilir. Yardım orta hesabla ayda bir uşağa görə min rubl [təxminən $15] təşkil edir.
Bu yaxınlarda Abxaziyada yaradılan “Azhara” xeyriyyə fondu üçüncü və hər sonrakı uşağa görə 100 min rubl [təxminən $1,700] ödəyəcək, amma yalnız etnik abxaz ailələrinə. Hər halda 2016-cı ilin oktyabr ayında fondun təsisçilərindən biri, parlament deputatı Leonid Çamaqua fondun məqsədlərini bu cür müəyyən edib.
JAMnews abortların tam qadağası haqqında qanun qəbul ediləndən bir il keçəndən sonra daha geniş rəy mənzərəsini almaq üçün Suxumda blis-sorğu keçirdi. Sorğu olunan çox sayda kişidən heç biri bu suala cavab vermək istəmədi. Buna görə də respondentlər ancaq qadınlar oldu.
Həyata təhdidə çevrilən abortlar
İki uşaq atası olan Aslan Aqrba deyir ki, abort qadağası mənasızdır.
“Abort elətdirmək istəyən bunun üçün çox sayda üsul tapacaq. Cütlük uşağı dünyaya gətirməmək qərarını veribsə, heç bir qanun onları bu fikirdən daşındıra bilməyəcək”.
Təcrübə göstərir ki, hazırda əməliyyatı etdirmək üçün lazım olan həmin o böyük məbləğ də qərarı dəyişməyə gətirib çıxarmayacaq.
“Abortu ev şəraitində etdirməyin xeyli üsulu var, – həkim-ginekoloq İlona Aqrba-Kobaxiya deyir. – Texniki cəhətdən hər şey çox asandır. Bu, üç gün və tərkibində prostaqlandin olan beş həb məsələsidir”.
Dərman preparatları ilə abort təcrübəsi Rusiyada son illərdə çox geniş yayılıb. Rusiyanın əczaçılıq bazarını təhlil edən DSM Group agentliyinin məlumatlarına görə, abort üçün preparatları təkcə klinikalarda istifadə etmirlər, həm də adi apteklərdə böyük həcmdə satılır.
Soçidə aptek şəbəkəsinin sorğu telefonu bu cür preparatların satıldığı bir neçə aptekin ünvanını göstərdi, amma həm də qeyd olunurdu ki, onlar ancaq həkim resepti ilə buraxılır.
Amma bu həbləri həmin şərtə əməl etmədən, internetlə də sifariş etmək olar. Soçiyə çatdırılma 2-3 gün çəkəcək, abort üçün lazım olan dozanın qiyməti təxminən 4,000 rubldur [təxminən $70].
Abortların tam qadağası haqqında qərarı dəstəkləməkdə davam edənlərin arqumentləri
İqnati atanın fikrincə, müasir tibbin sayəsində qadınlar nə etdiyini yaxşı bilir.
“Hamı uşağın inkişafını göstərən bətn daxili çəkilişlərlə tanışdır. Bir qayda olaraq, qadın bu barədə düşünmək istəmir, “ictimai fikrin” təsiri altına düşür. İctimai fikir isə ona deyir ki, onun öz seçimini etmək haqqı var. Kilsə xüsusiylə vurğulamır ki, abort günahdır. Biz qadınlara o fikri aşılamaq istəyirik ki, hətta hamiləliyin ilk həftələrində də bu, artıq canlı insandır”, – İqnati ata deyir.
Arzuolunmaz hamiləlik haqqında xəbər əlbəttə ki, heç də həmişə və hamıda abortla nəticələnmir. Daha bir Suxum sakini olan və öz əsl adının hallanmasını istəməyən Asida deyir ki, artıq Rusiyaya abort elətdirmək üçün getməyə hazırlaşırdı:
“İki övladım varıydı və birdən qanundan sonra hamilə olduğumu bildim. Amma yoldaşım təkid etdi ki, heç bir abort olmayacaq, iki uşaq olan yerdə, üçüncü də olacaq. Təbii ki, maddi durumumuz ağırdır, amma qızım artıq səkkiz aylıqdır, adı Sofiyadır, onu çox sevirik və indi onu dünyaya gətirmək istəmədiyimi düşünmək çox qəribədir”.
Hüquq müdafiəçiləri etiraz edir
Abxaziyada hüquq müdafiəsi hərəkatının bir neçə nümayəndəsi təkid edir ki, abortların qadağası haqqında qanunun qəbul edilməsi fundamental insan haqlarının pozulmasıdır.
“Bu, qadın hüquqlarının tam tapdalanmasıdır, – hüquq müdafiəçisi Leyla Luşba deyir. – Bu, problemin xəyali həlli çox sayda qadınları gizlicə abort elətdirməyə məcbur edir. Xristian dəyərlərinə etiqad edən insanlar başqalarını qəhrəmanlıq etməyə məcbur etməməlidir”.
- Abortları tam qadağan edən qanunun qəbulu ilə Abxaziya aşağıdakı ölkələrə qoşulub: Anqola, Əfqanıstan, Banqladeş, Venesuela, Qvatemala, Qonduras, Misir, İndoneziya, İraq, İran, İrlandiya, Yəmən, Kolumbiya, Livan, Liviya, Mavritaniya, Mali, Nepal, Nikaraqua, BƏƏ, Oman,Paraqvay, Papua Yeni Qvineya, Salvador, Suriya, Çili və Filippin
- 2015-ci ildə Rusiya hökuməti ölkədə tibbi göstərişlərlə edilməyən abortlara görə cinayət məsuliyyətini tətbiq etməyi təklif edən qanun layihəsini dəstəkləməkdən imtina etdi.
- 2013-cü ildə Gürcüstan parlamentinə də ağır demoqrafik vəziyyətlə bağlı abortları qadağan etmək haqqında təklif daxil olub. Amma bu, cəmiyyətdə fikir ayrılığına səbəb oldu və təklif rədd edildi. Bu gün Gürcüstanda abortu hamiləliyin 12-ci ayına qədər elətdirmək olar.
- Dünyada orta hesabla hamiləliklərin 21 faizi süni şəkildə dayandırılır. Bu abortlardan 25 faizi ananın həyatına təhdidlər və daha 12 faiz dölün inkişaf anomaliyalarına görə edilir.