ABŞ və Fransa səfirləri Şuşa səfərindən niyə imtina ediblər? Şərhlər
ABŞ və Fransa səfirləri Şuşaya getməyiblər
Azərbaycan prezidentinin köməkçisi ABŞ və Fransa səfirlərinin Şuşa səfərindən imtinasını sərt qınayıb və bunu ölkənin “ərazi bütövlüyünə qarşı hörmətsizlik” adlandırıb. ABŞ-ın Azərbaycandakı səfirliyi cavab bəyanatı yayıb. Birləşmiş Ştatların Bakıdakı keçmiş səfiri qeyd edib ki, “sülh sazişi olmadan o da səfərə qatılmazdı”. Azərbaycanlı politoloqun fikrincə, hər iki ölkənin səfiri əvvəl-axır Şuşa və Laçına səfər etməli olacaq.
- Bağlı sərhədlər: Azərbaycan hakimiyyəti qonşularla quru sərhədlərini niyə açmaq istəmir?
- Azərbaycan “ABŞ-ın Minsk Qrupunu “reanimasiya” etmək cəhdinə” etiraz edir
- Türkiyə Ukraynada nəyə nail olmağa çalışır? Bakıdan baxış
Nə baş verib?
Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərə və planlara, postmünaqişə dövründə minatəmizləmə əməliyyatlarına və şəhərsalma potensialının istifadə edilməsinə, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans təşkil edilib.
Konfransın işində Azərbaycanın rəsmi şəxsləri, həmçinin Türkiyə və Azərbaycanda fəaiyyət göstərən və Bakıda akkreditasiyadan keçmiş diplomatik korpus nümayəndələri, o cümlədən də xarici ölkə səfirləri və beynəlxalq təşkilat təmsilçiləri iştirak edib.
Fransa vəABŞ-ın Azərbaycandakı səfirləri Şuşa səfərində iştirak etməyiblər.
““Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”, – Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: “Mən də getməzdim”
“ABŞ səfiri olsaydım, Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlanmayana qədər bu ərazilərə мən də getməzdim”.
Bunları “Turan”a müsahibəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997) Riçard Kozlariç qərbli diplomatları Şuşaya səfərdən imtinası ilə bağlı Bakının narazılığını şərh edərkən deyib.
Kozlariçin sözlərinə görə, belə səfərlərin məqsədi “şəkil çəkdirmək imkanıdır”.
“Mən ora dəvət olunduğum üçün yox, istədiyim vaxt gedərdim”, – o əlavə edib.
ABŞ səfirliyinin cavabı
ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ Səfirliyinin Azərbaycan hökumətinin Şuşaya getməklə bağlı dəvətinə açıq şəkildə etinasızlıq göstərməsi barədə açıqlamasına cavab verib.
Səfirliyin sözçüsü Amerikanın Səsinin sorğusuna cavabda bildirib: “ABŞ inanır ki, davamlı dialoq, davamlı əlaqə vasitəsilə, o cümlədən yüksək səviyyələrdə, biz uzunmüddətli və hərtərəfli sülhə kömək etmək üçün mümkün olan hər şeyi edə bilərik. Daha əvvəl dediyimiz kimi, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur”.
Səfirlikdən həmçinin bilirilib ki, diplomatik korpusun əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər.
“Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir,” – ABŞ səfirliyinin cavabında deyilir.
Fransa tərəfi Azərbaycan prezidentinin köməkçisinin bəyanatına reaksiya verməyib.
Bakıdan şərh
“ABŞ və Fransanın səfirləri Şuşaya niyə getmək istəmirlər? Bu sualı mən adı çəkilən ölkələrdən birinin səfirinə, digərinin isə müşavirinə vermişəm” — “Atlas” analitik mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.
“Cavablarından aydın olub ki, Şuşaya səfər etmək üçün hər iki səfir öz ölkələrinin rəsmilərinin icazəsini almalıdırlar. Belə bir icazə olmadığına görə, ABŞ və Fransa səfirləri Bakının Şuşaya səfər etmək dəvətindən hər dəfə imtina edirlər”, – o əlavə edib.
Ekspert bildirir ki, bu halda belə bir sual yaranır: Vaşinqton və Paris niyə Azərbaycandakı səfirlərinin Şuşaya səfərlərinə icazə vermir?
“Görünür, bu, Şuşanın yerləşdiyi məkanla bağlıdır. Misal üçün eyni səfirlər işğaldan azad olunan Ağdam və ya Füzuliyə səfərdən imtina etmirlər. Şuşa isə keçmiş Dağlıq Qarabağ ərazisidir və ABŞ-la Fransa səfərdən imtina etməklə demək istəyirlər ki, bölgənin “statusu” müəyyənləşməlidir.
Halbuki, ikinci Qarabağ müharibəsindən sonra prezident İlham Əliyev dönə-dönə vurğulayıb ki, Qarabağa heç bir status verilməyəcək. Vaşinqton və Parisdəki dairələr erməni lobbisinin qəzəbindən də ehtiyat edirlər. Hər iki səfir Şuşaya getsələr, erməni lobbisi onların Xankəndiyə də enmələrini tələb edəcək, separatçılarla görüşə isə rəsmi Bakı icazə verməyəcək.
ABŞ və Fransanın mənasız inadkarlığına baxmayaraq, bir müddət sonra hər iki ölkənin səfiri həm Şuşaya, həm də Laçına səfər edəcəklər. Başqa alternativləri yoxdur. Vaşinqtonla Paris ermənilərin xətrinə dəyməsin deyə Azərbaycanla münasibətləri soyutmaqmı istəyir?” – Elxan Şahinoğlu sual edib.