ABŞ prezidenti son nəticədə Rusiyanın agenti ola bilərmi?
2016-cı ildə Donald Trampın ABŞ prezidenti seçildiyi seçkilərə Rusiyanın mümkün müdaxiləsinin təhqiqatı prosesində bəzi aralıq nəticələr var.
İstintaq 2017-ci ilin may ayının 17-də başlayıb, məhz həmin vaxt ABŞ Konqresi bu prosesin başlanmasına səs verib. Xüsusi prokuror kimi FTX-nin keçmiş direktoru Robert Müller təyin olundu.
Elə o vaxt Amerikanın şəbəkə nəşri olan Lawfare öz oxucularına ABŞ prezidenti Donald Trampın Rusiya hakimiyyəti ilə razılaşmasının yeddi mümkün inkişaf ssenarisini – hadisələrin təsadüfi cərəyanından tutmuş, casusluğa qədər – təqdim etmişdi.
•Ukrayna və Rusiya: müharibədə rəqiblər, yaxud ticari tərəfdaşlar?
•Stalin, Putin, Puşkin – rusiyalıların qəhrəmanlar
İndi, bunun üstündən bir il keçmiş başqa Amerika nəşri – Wired — bu günə kimi təhqiqatçılar qrupunun açıqladığı məlumatları analiz edərək, nəticələrini həmin o yeddi ssenari ilə müqayisə edib. Wired-in gəldiyi nəticə: istintaq artıq ilk dörd nisbətən yumşaq ssenarilərdən imtina edib və müzakirələr beşinci ssenari səviyyəsində gedir.
Yeddi ssenari
№1. Söhbət hadisələrin və təsadüflərin inanılmaz dərəcədə üst-üstə düşməsindən gedir
№2. Trampı rusofillər əhatə edir
№3. Rusiya xüsusi xidmət orqanlarının əməliyyatı olub, amma konkret olaraq Trampa istiqamətlənməyib
№4. Rusiya kəşfiyyatı ABŞ prezidentinin seçkilərinə fəal şəkildə təsir etməyə cəhd edib – lakin Trampın bundan xəbəri olmayıb
№5. Rusiya kəşfiyyatı ABŞ prezidentinin seçkilərinə fəal şəkildə təsir etməyə cəhd edib və Tramp bunu bilirdi, yaxud bilməli idi
№6. Rusiyanın əlində Trampa qarşı ifşaedici materiallar var
№7. ABŞ-ın fəaliyyətdə olan prezidenti Rusiyanın agentidir
Bugünkü təhqiqat №5 və №6 variantları arasında seçim edir
Wired-dəki məqalənin müəllifləri xatırladırlar ki, hazırda ABŞ-ın fəaliyyətdə olan prezidentinin adı bir yox, iki cinayət işinin istintaqında hallanır:
•Rusiyanın Amerikadakı prezident seçkilərinə müdaxiləsi haqqında iş,
•Pornoaktrisa Stormi Denielsə Donald Trampla eşq macərası haqqında məlumatlar yaymaması üçün qeyri-qanuni ödənişlər haqqında iş.
Birinci işi xüsusi prokuror Robert Müller, ikinci işi isə Nyu-York prokurorluğu aparır.
Bu iki iş çərçivəsində Trampın seçki qərargahının keçmiş başçısı Pol Manaforta və onun şəxsi hüquqşünası Maykl Koenə qarşı irəli sürülmüş ittihamları analiz edərkən nəşr qorxunc nəticəyə gəlir – indi №5 və №6 variantları arasında seçim etmək lazım gəlir.
Bu isə o deməkdir ki: Rusiya kəşfiyyatı Amerikadakı prezident seçkilərinə fəal şəkildə müdaxilə edib və Tramp bunu bilirdi, yaxud da bilməli idi. Və ya Rusiya tərəfində Trampa qarşı ifşaedici materiallar mövcuddur.
Trampı necə ələ alınblar – Wired-in versiyası
Wired nəşrində dərc olunmuş məqalənin müəllifləri hesab edirlər ki, 2016-cı ilin yayından başlayaraq, Rusiya kəşfiyyatı dəfələrlə yoxlamağa çalışıb ki, “Trampla iş görmək” olar, ya yox.
Bu məqsədlə onun ailə üzvlərindən – kürəkəni Cared Kuşnerdən və oğlu kiçik Donald Trampdan, vəkili Naykl Koendən, seçki qərargahının əməkdaşı Corc Popadopulosdan və milli təhlükəsizlik üzrə prezidentin gələcək müşaviri Maykl Flinndən istifadə olunub.
Onların hamısı nəinki Moskva tərəfdən gələn təkliflərə fəal şəildə cavab verirdilər, hətta özləri də hər cür əlaqələrə və danışıqlara təşəbbüs göstərirdilər. O cümlədən, Trampın şirkətinin Rusiya paytaxtındakı tikinti layihəsi fəal müzakirə olunurdu.
Bu layihə həyata keçirilmədi, lakin danışıqlar prezident seçkiləri kampaniyası dövründə və Trampın seçilməsindən sonra aparılıb.
Wired yazır: Tramp dəfələrlə Rusiyada biznes maraqlarının olmasını inkar edib və Rusiya tərəfi bilirdi ki, bu yalandır – bu isə özü özlüyündə onun əlinə ABŞ prezidentinin şantajı üçün alət verirdi.
Nəşr həmçinin Trampın Rusiyaya səfərləri zamanı əldə edilmiş ifşaedici materialların Rusiya hakimiyyətinin əlindı olması barədə çoxsaylı məlumatların mövcudluğunu da xatırladır.
Ən aşkar olan ən inandırıcıdır?
Wired iddia edir ki, ən aşkar ssenari ən inandırıcı olan senaridir.
Bu isə ondan ibarətdir ki, Trampın Rusiya hakimiyyəti ilə biznes əlaqələri prezident seçkilərində razılaşmaya çevrilib.
Nəşr ekspertiza üçün aparıcı amerikalı analitik Ceffri Tobinə müraciət edib. Onun nəticəsi belədir:
«Donald Trampın Rusiya ilə işgüzar danışıqlar aparması və eyni zamanda bu ölkəyə qarşı siyasəti dəyişməyi təklif etməsinə qiymət verilməsi vacibdir».