Koronavirus: pandemiya episentri – ABŞ. Bundan sonra nə və hansı səbəbdən olacaq?
Cəmi bir həftə ərzində ABŞ-da yoluxma halları dörd dəfə artıb. Xəstəxanalar böhran yaşayır, avadanlıq və materiallar çatmr
Əhalisinin sayına görə dünyanın üçüncü ölkəsi olan Birləşmiş Ştatlar (330 milyon nəfər) koronavirusa yoluxanların sayına görə artıq Çin və İtaliyanı geridə qoyub.
Cəmi bir həftə ABŞ-da yoluxanların sayı dörd dəfə artıb. “Microsoft” şirkətinin banisi Bill Qeyts epidemiya pikinin aprelin sonunda yaşanacağını ehtimal etmişdi.
Martın 30-a olan məlumata əsasən, ABŞ-da xəstələnənlər 142,735, ölənlər isə 2,489 nəfərdir.
CNN-in məlumatına görə, bazar ertəsi martın 23-ünün birinci yarısına qədər ABŞ-da 414 nəfər ölüb.
Yalnız bir həftə sonra, bazar ertəsi martın 30-da səhər saatlarında ölənlərin sayı artıq 2,485 nəfərə çatıb, Vayominq və Havay hələlik ölüm xəbəri verməyən son iki ştatdır.
Ağ Evdə Koronavirus üzrə yaradılan hədəf qrupunun üzvü doktor Entoni Fauçi bildirib:
“ABŞ-da yoluxan insanların bir milyon nəfərə qədər yüksəlməsi çox mümkündür”.
Prezident Donald Tramp martın 29-da brifinq zamanı vəziyyəti daha faciəvi proqnozlarla təsvir edib:
“Əgər [koronavirusdan] ölüm sayını 100 min və ya daha az civarda saxlaya bilsək, bizim çox yaxşı iş gördüyümüzü deyə bilərik”.
Niyə ABŞ-da faciəvi vəziyyət yaranıb?
Yol verilən səhvlər
ABŞ-da xəstəliyin kəskin yayılması hakimiyyətin buraxdığı bir sıra səhvlərin nəticəsidir. Amerika epidemioloqları bildirirlər ki, hər şeydən əvvəl qlobal səbəb haqda danışırlar:
Hətta Çini bürümüşkən belə epidemiyaya qeyri-ciddi münasibət göstərilib.
Bu səhvin nəticəsində xəstəxanlarda hər şeyin faciəvi şəkildə çatışmazlığı yaranıb: maskalar, həkimlər üçün müdafiə avadanlığı, xəstəliklə mübarizə üçün əsas vasitə olan ağciyərlərin süni ventilyasiya apparatları.
Nyu Yorkda həkimlər: “Hər şey kəskin şəkildə çatışmır”
Ən çox yoluxma halları Nyu Yorkda qeydə alınıb. CNN-in hesablamalarına əsasən, martın 30-u səhər saatlarına qədər ən azı 59,513 nəfər yoluxub və 965 nəfər ölüb.
“Bizdə hər şey kəskin çatışmır”, – bunlar Nyu York ştatının Lonq-Aylend xəstəxanasının anesteziologiya şöbəsinin adının açıqlanmasını istəməyən müalicə həkiminin sözləridir.
“Mən düşünmürəm ki, bu, xəstəxananın günahıdır, onlar təkrar-təkrar tələb edirlər, amma heç nə almırlar”, – o, CNN-ə deyib .
Həkim bir dəfə istifadə üçün nəzərdə tutulan müdafiə vasitələrini necə təmizləyib yenidən istifadə etdiklərini təsvir edib.
O deyib ki, xəstəxanalarda artıq dezinfeksiya salfetləri qalmayıb.
Amma ən böyük problem ağciyər ventilyasiyası üçün apparatların çatışmamasıdır və həkimlər narkoz avadanlıqlarından bu cür ventilyatorlar kimi istifadə etməyə başlayıblar.
“Bizdə kritik vəziyyətdə olan xəstələr o qədər çoxdur ki, biz avadanlıq və material qıtlığı şəraitində heç nə edə bilmirik”, – həkim deyib.
Nyu York ştatının qubernatoru Endryu Kuomo dəfələrlə bəyan edib ki, koronavirusa yoluxan pasiyentlərin müalicəsi üçün ştata ən azı 30 min ağciyər ventilyasiyası apparatı lazımdır, amma əllərində bunun yalnız kiçik bir hissəsi qədər apparat var.
Bu mənzərəni ABŞ-ın müxtəlif ştatlarının digər xəstəxanalarının həkimləri də təsvir edir.
Bununla yanaşı mərkəzi hökumət tərəfindən xüsusi olaraq təyin edilən koronavirusla mübarizə koordinatoru son məqama qədər ölkə xəstəxanalarında maska, müdafiə avadanlıqları və ağciyər ventilyasiyası apparatlarının çatışmazlığını inkar edirdi.
Söhbət eyni zamanda ondan gedir ki, epidemiyanın tüğyan etməsinə baxmayaraq ABŞ-da hələ də nisbətən az sayda sakin testdən keçirilir.
Həyata keçirilən tədbirlər
- Epidemiya miqyası dərk ediləndən sonra – epidemioloqların dediyi kimi çox gec – ABŞ hakimiyyəti tədbirlər görməyə başlayıb.
- Sərhədlər bağlanıb.
- Ştatlar bir-birinin ardınca fövqəladə vəziyyət elan edib ki, bu da qubernatorlara sərt karantin rejimi tətbiq etməyə və vətəndaşların hərəkətini kəskin məhdudlaşdırmağa imkan verir.
- Prezident Tramp iri avtomobil (Ford, General Motors) və digər şirkətləri ağciyərlərin süni ventilyasıyası apparatlarının istehsalına başlamağa çağırıb. Əks təqdirdə onları buna “Hərbi vəziyyətdə istehsal fəaliyyəti haqda” qanunun köməyi ilə məcbur etməklə hədələyir.
- Xəstəxanalarda həkim çatışmazlığını doldurmaq üçün ABŞ-ın tibb kolleclərində vaxtından əvvəl buraxılış imtahanları elan oluna bilər.
- ABŞ-ın hərbi dəniz donanması Nyu York limanına üzən hospital yönləndirib, çünki Amerikanın məhz bu şəhəri koronavirusdan ən
- çox ziyan görüb.
Pandemiya və işsizlik
Amerika hakimiyyəti və əhalisi pandemiyanın özü qədər həm də onun doğuracağı iqtisadi nəticələrdən – istehsalın, ticarətin azalmasından və ardınca gələcək işsizlikdən qorxur.
İqtisadi böhranın aradan qaldırılması və biznesin dəstəklənməsi üçün hökumət ölkə tarixində misilsiz məbləğ ayırıb – 2 trilyon dollar.
Bu məbləğin 250 milyardı vətəndaşlara və ev təsərrüfatlarına birbaşa yardımdır.
Bill Qeytsin proqnozu
Qeyts ailəsinin xeyriyyə fondu koronavirusla mübarizəyə 100 milyondan çox vəsait ayırıb.
“Microsoft” şirkətinin banisi Bill Qeytsin səsləndirdiyi proqnoza əsasən ABŞ-da epidemiyanın pik həddi aprel ayının sonunda yaşanacaq.