ABŞ Dövlət Departamenti: Gürcüstanda partiyalar öz maraqlarını ölkənin maraqlarından üstün tutur
ABŞ Dövlət Departamenti Gürcüstan siyasətçilərinin məyus etməsi haqda
ABŞ Dövlət Departamenti Gürcüstanda müxalifət və hökumət arasında ziddiyyətlərdən məyusdur və siyasi böhrana görə ölkə hökuməti xüsusi məsuliyyət daşıyır. Bu haqda Gürcüstanın XİN rəhbəri David Zalkaliani və dövlət katibi Entoni Blinkeniin telefon danışıından sonra “Amerikanın səsi” nəşrində dərc olunan bəyanatda deyilir.
“Birləşmiş Ştatlar istəyir ki, Gürcüstan Avroatlantik inteqrasiya yolu ilə getsin, təhlükəsiz və inkişaf etmiş demokratik ölkə olsun. Amma ölkənin iqtidar partiyası “Gürcü arzusu” ilə müxalifət arasındakı ziddiyyətlər problemlər yaradır”, – bəyanatda deyilir.
“ABŞ Gürcüstanda müxalifətə hakim partiyaya münaqişələrini çözməkdə kömək etmək məqsədilə Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Açıq və şəxsi söhbətlərimizdə biz Gürcüstanın irəliyə getmək imkanı əldə etməsi üçün bütün tərəfləri deeskalasiyaya, konstruktiv dialoqda iştiraka və kompromisə çağırırıq”.
Amerikalı diplomatlar münaqişə tərəflərinin Gürcüstanın maraqlarını şəxsi siyasi maraqlarından üstün tutmadıqları üçün məyusdur.
“İqtidar partiyası və müxalifət kompromis əldə olunması üçün işləməlidir. Hərçənd kompromis əldə etmək üçün xüsusi məsuliyyət iqtidar partiyasının üzərinə düşür. Partiyaların Avropa və Avroatlantik birliklərin dəyərlərinin təməlində dayanan fundamental demokratik normalara həqiqətən də uyğun olaraq davranması hədsiz vacibdir”, – bəyanatda deyilir.
Dövlət Departamenti vurğulayır ki, ABŞ dəfələrlə ən yüksək səviyyədə mövqeyimizi Gürcüstanın siyasi liderlərinə bildirmişik.
Dövlət Departamentinin bəyanatı “Gürcü arzusu” iqtidar partiyasının sədri İrakli Kobaxıdzenin rəhbərliyi altında Gürcüstan nümayəndə heyətinin Vaşinqtona rəsmi səfəri fonunda yayılıb. O, Konqresdə görüşlər keçirir, Amerika prezident administrasiyasının üzvləri və qeyri-hökumət təşkilatlarının üzvləri ilə müzakirələr aparır. O, həmçinin senator Cim Rişlə də görüşməlidir.
Gürcüstanda siyasi böhran 2020-ci ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra başlayıb. Müxalifət seçkilərin nəticələrini tanımayıb və parlamentdəki yerlərini tutmaqdan imtina ediblər.
Bu ilin fevralında Milli Hərəkat lideri Nika Meliyanın həbsindən sonra vəziyyət daha da pisləşib.
Siyasi proseslər indi küçələrdə baş verir, müxalifət və vətəndaş cəmiyyəti fəalları iki əsas tələblə – siyasi motivlərlə saxlanılmış insanların azad edilməsi və növbədənkənar seçkilərin keçirilməsi – mütəmadi mitinqlər keçirirlər. Ölkə tarixində ilk dəfə birpartiyalı parlament fəaliyyət göstərir.
Prosesdə vasitəçi kimi çıxış edən ölkədə akkreditasiyadan keçmiş diplomatlar siyasi böhrandan çıxış yolu tapa bilməyiblər. Aİ-nin Gürcüstana gələn yüksək vəzifəli məmurları da heç nəyə nail olmayıb – əvvəlcə ölkəyə Avropa Şurasının prezidenti Şarl Mişel, daha sonra isə iki dəfə onun xüsusi nümayəndəsi Kristian Denielson gəlib. Baş nazir Qaribaşvili vəziyyətin müzakirəsi üçün Brüsselə də dəvət olunub. Bütün görüşlər və raundlar fayda verməyib.