ABŞ Dövlət Departamenti bəyan edib ki, Azərbaycanda hərbi xidmətdən imtina etmək mümkün deyil
ABŞ Dövlət Departamenti bəyan edib ki, Azərbaycanda dini səbəblərə görə həqiqi hərbi xidmətdən imtina etmək mümkün deyil. Baxmayaraq ki, Azərbaycan vətəndaşlarının bu hüququ ölkə konstitusiyasında tanınıb. Bu barədə ABŞ hökumətinin dərc etdiyi “Dünyada dini azadlıqlar haqda 2021-ci il üzrə hesabat”ında deyilir.
- Avropada yaşayan bloqer Azərbaycan hakimiyyətini ona qarşı sui-qəsd təşkilində ittiham edir
- İlham Əliyev: “Biz sərhədləri müəyyən ediriksə, DQ-nın hansı statusundan söhbət gedə bilər?”
- Bakıda ilk dəfə LGBTQİ+ problemlərindən bəhs edən yerli bədii film nümayiş olunub
ABŞ Dövlət Departamenti “Dünyada dini azadlıqlar haqda 2021-ci il üzrə hesabat”ını açıqlayıb.
Hesabatın Azərbaycana həsr olunmuş hissəsində qeyd olunur ki, ölkə əhalisinin 96 faizi müsəlmanlardan ibarətdir, onların da təxminən 65 faizi şiələr, 35 faizi isə sünnilərdir.
Əhalinin 4 faizi başqa dinlərə etiqad edir. Bu dini qruplara Rus Pravoslav Kilsəsi; Gürcü Pravoslav Kilsəsi; Erməni Apostol Kilsəsi; Yeddinci Gün Adventistləri; Molokan Kilsəsi; Roma Katolik Kilsəsi; digər xristianlar, o cümlədən yevangelist kilsələr, baptistlər və Yehova şahidləri; yəhudilər; bəhailər daxildir.
Etnik azərbaycanlılar əsasən müsəlmanlar, qeyri-müsəlmanlar isə ruslar, gürcülər, ermənilər və digər milli azlıqlardır.
Ölkədə Beynəlxalq Krişna Şüuru Cəmiyyəti də fəaliyyət göstərir.
Dövlət Departamenti vurğulayır ki, bu məlumatlar Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2011-ci ildə dərc olunmuş statistik materiallarına əsaslanır.
Vicdan məhbusları və onların əfv edilməsi
Dövlət Departamentinin hesabatında qeyd olunub ki, 2021-ci ilin martında prezident İlham Əliyev yüzlərlə məhbusu əfv edib, insan haqları qurumları tərəfindən siyasi məhbus kimi tanınan bir çox dini fəallar da həbsdən azad olunub.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ötən il ərzində ölkədə din və ya etiqad azadlığının pozulması ilə bağlı üç qərar çıxarıb.
Alternativ xidmətlə bağlı problem
“Konstitusiya hərbi xidmətin şəxsi inanclara zidd olduğu “bəzi hallarda” alternativ xidmətə icazə versə də, dini zəmində də daxil olmaqla, alternativ xidmətə icazə verən heç bir qanunvericilik yoxdur”, – hesabatda deyilir.
Qeyd olunur ki, Azərbaycanda hərbi xidmətdən boyun qaçırma cinayət məcəlləsinə əsasən iki ilədək müddətə azadlıqdan məhrumetmə və ya məcburi hərbi xidmətə çağırma ilə cəzalandırılır.
ABŞ hökuməti konstitusiyanın tələb etməsinə baxmayaraq, Azərbaycan hakimiyyətinin əqidəsinə görə hərbi xidmətdən imtina edənlər üçün məcburi hərbi xidmətə mülki alternativi hələ də tətbiq etmədiyinə diqqət çəkir.
Belə ki, 2021-ci il oktyabrın 7-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2018-ci ildə hərbi xidmətdən yayınma ittihamı ilə bir il şərti cəzaya məhkum olunmuş Yehova şahidləri Emil Mehdiyev və Vahid Əbilovun işi üzrə qərar çıxarıb. Avropa Məhkəməsi qərarda hökumətin hər iki şəxsin insan hüquqlarını pozması ilə bağlı etirafını qəbul edib və hər birinə 3500 avro təzminat və məhkəmə xərcləri ödənməsini təsbit edib.
AİHM-nin oktyabr qərarı ilə hökumət tərəfindən haqları pozulduğu üçün təzminat ödəməli olduğu əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin sayı 7-yə çatıb.
İl ərzində hökumət etiqadına görə hərbi xidmətdən imtina edənlərlə bağlı siyasətini dəyişməyə potensial hazır olduğunu bildirib.
Əvvəllər bu cür qaydalara qarşı çıxan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı Azərbaycan Ermənistanla 2020-ci il müharibəsində qələbə qazandıqdan sonra bildirib ki, ölkədə dini baxışlarına görə hərbi xidmətə çağırışdan azad olunmaq qaydasının tətbiqi zamanı gəlib çatıb. O, bu ideyanı deputatlar arasında təbliğ etməyə hazır olduğunu bildirib.
Lakin həmin ilin sonunda prezident administrasiyasının sözçüsü bildirib ki, alternativ xidmət məsələsi müzakirə olunmur.
Qarabağdakı dini obyektlərin taleyi haqqında
ABŞ Dövlət Departamentinin hesabatında vurğulanır ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 27 sentyabr 2021-ci ildə qəbul etdiyi “Ermənistan və Azərbaycan arasında münaqişənin/Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri” adlı qətnamədə deyilir:
“Uzun müddətdir davam edən münaqişə həm Ermənistanın, həm də Azərbaycanın məsuliyyət daşıdığı regionun mədəni irsinə və əmlakına fəlakətli təsir göstərib”.
AŞPA “6 həftəlik müharibə zamanı mədəni irsə qəsdən dəymiş ziyanı və Şuşadakı kilsənin qəsdən atəşə tutulmasını, habelə münaqişə zamanı və ondan sonra digər kilsə və qəbiristanlıqların dağıdılmasını və ya zədələnməsini” pisləyib.
Qətnamədə həmçinin qeyd edilir ki, AŞPA “keçmiş dağıdıcılıq fonunda Azərbaycanın nəzarətinə keçmiş bir çox erməni kilsələrinin, monastırların, o cümlədən Dadivank monastırının, habelə xaçkarların və digər mədəni irsin gələcək taleyindən narahatdır”.
Qətnamədə “Azərbaycanda “erməni” mədəni irsi hesab olunanların “Qafqaz Albanıyası” irsini kimi təbliğ edilməsi ilə bağlı narahatlıq ifadə edilir”.
Hesabatda qeyd olunur ki, Azərbaycanın müsəlman əhalisi də minalanmış ərazilərin olması səbəbindən keçmiş münaqişə zonasında məscidlərə gedə bilmir.