ABŞ-dan Azərbaycan məmurlarına sanksiya təklifi: Təzyiq, yoxsa cəza?
ABŞ-dan Azərbaycan məmurlarına sanksiya
Dina Tiinus başda olmaqla, bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. Bu barədə Turan-ın Vaşinqtondakı müxbirinə Konqresdəki mənbələrdən məlum verilib.
- Aİ nümayəndəsi Gürcüstanda “xarici agentlər haqqında” qanun layihəsi ilə Aİ Direktivi arasındakı fərqi izah edir
- “Qərb Ermənistana ciddi dəstək əvəzinə qeyri-ciddi təklif edir?” Şərh
- Azərbaycanda daha bir müstəqil media rəhbəri həbs edilib
Bu qanun layihəsində “ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan” 40-dan çox Azərbaycan məmuruna – hərbçilərə, hakimlərə, müstəntiqlərə və yüksək vəzifəli şəxslərə qarşı sanksiyalar nəzərdə tutulur. Onlar arasında Müdafiə Nazirliyi, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, DİN, DTX, Penitensiar Xidmət, Dövlət Sərhəd Xidməti və Prezident Administrasiyasının nümayəndələri var.
Qanun layihəsində Bayden administrasiyasına ABŞ qanunvericiliyi, o cümlədən Qlobal Maqnitski Qanunu çərçivəsində 180 gün ərzində qeyd edilən şəxslərə qarşı sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq.
Bu qanun layihəsinin qəbul edilməsi “Azərbaycanda hökumətin müxalifətə qarşı sərt repressiyaları və insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıqla” izah olunur.
Xüsusən, Qubad İbadoğlu da daxil olmaqla, müxalifət liderlərinin, fəalların və hökuməti tənqid edənlərin həbs edilməsi xatırladılır.
Müəlliflər qeyd edirlər ki, 6 mart 2024-cü il tarixində Azərbaycan hakimiyyəti Azərbaycanda müstəqil KİV-lərin davam edən təqibi çərçivəsində Bakıda altı jurnalisti saxlayıb və onlara qarşı əsassız qaçaqmalçılıq ittihamı irəli sürüb.
Qanun layihəsində həmçinin erməni əsirlərin hüquqlarının pozulduğu deyilir. Bu, “Azərbaycan hökumətinin insan hüquqlarına sadiqliyi, ədalətli və möhkəm sülh haqqında danışıqlar aparmaq qabiliyyətini ciddi sual altına qoyur”, deyə sənəddə bildirilir.
Siyasi şərhçi Ərəstun Oruclu hesab edir ki, sanksiyaların tətbiq edilməsi üçün bir neçə səbəb var və təbii ki, ən əsası Azərbaycanda insan haqlarının vəziyyətinin kritik olmasıdır.
“Bu, heç kimin inkar edə bilməyəcəyi bir həqiqətdir. Ancaq bu yeni bir fenomen deyil. Yəni sırf bu il baş verən hadisələrə görə təqdim edilməməli idi və ümid edirəm ki, belə olmayacaq. Biz bilirik ki, Azərbaycanda ən azı Tərtər qırğınından başlayaraq son 7 ildə Azərbaycan vətəndaşlarına qarşı kütləvi cinayətlər törədilib”, – deyə Oruclu vurğulayıb.
Onun sözlərinə görə, eyni zamanda, qanun layihəsində sanksiyalar nəzərdə tutulan şəxslərin siyahısına diqqət yetirilməlidir. Onların arasında, məsələn, ikinci Qarabağ müharibəsi qəhrəmanı, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Hikmət İzzət oğlu Mirzəyev, Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev, 218-ci Komando Briqadasının komandiri, polkovnik Elşən Sanayev xalq aras;nda böyük hörmətə malikdirlər.
“Bu insanlar öz vətənlərini işğaldan azad edib və onlara qarşı sanksiyaların tətbiqi Azərbaycan xalqına qarşı düşmənçilik hərəkətidir”, – deyən ekspert əlavə edib ki, əgər söhbət etnik təmizləmədən gedirsə, istər ikinci Qarabağ Müharibəsi, istərsə də bir günlük əməliyyatlar zamanı mülki əhali arasında itkilər İkinci Dünya Müharibəsindən sonrakı 80 ildə ən azsaylı itkilər olub.
Oruclu qeyd edib ki, heç bir dövlət silahlı separatizmə dözməz və Azərbaycan hökuməti konstitusion borcu olduğu üçün buna son qoymalı idi.
Prokurorluq işçilərinə gəlincə, siyasi şərhçinin sözlərinə görə, onlar “qara siyahı”ya ümumiyyətlə müxaliflərin və fərqli düşünənlərin təqibinə görə deyil, əsasən əsir düşən Ermənistan silahlı qüvvələri hərbçilərinin və separatçıların işlərini araşdırdıqlarına görə düşüblər.
O, Dina Tiitusun anasının yunan əsilli olduğuna və onun ABŞ-da ən böyük və nüfuzlu erməni-amerikan təşkilatı olan Amerika Erməni Milli Komitəsi (ANCA) ilə sıx əməkdaşlıq edən Konqresin Yunan fraksiyasının üzvü olduğuna diqqət çəkib. Onun sözlərinə görə, Tiitusun siyahısını qanun layihəsinin təşəbbüskarlarından biri olan ANCA təqdim edib.
Oruclunun sözlərinə görə, insan haqları məsələsi, eləcə də insan hüquqlarının pozulmasına görə sanksiyalar məsələsi təəssüf ki, daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Dövlətlər arasında münasibətlərdə hər hansı problem yarananda yada düşür.
“Azərbaycan hakimiyyətinin Azərbaycan xalqına, onun hüquq və azadlıqlarına qarşı apardığı siyasətin Qarabağda ermənilərin etnik təmizləmə məsələsi ilə əlaqələndirilməsi Azərbaycan cəmiyyətində bu əmələ qarşı mənfi rəy yaradır. Bu, Azərbaycan cəmiyyətinə “ayı xidməti” kimidir”, – ekspert qeyd edir.