Abxaziya hökumətinin xarici işlər naziri Daur Kovenin başçılığı altında nümayəndə heyəti Nikaraqua prezidenti Daniel Orteqinin yanvarın 11-də Manaquanın mərkəzi meydanında baş tutan inauqurasiya mərasimində iştirak edib. Səfər çərçivəsində nümayəndə heyəti həm də respublikanın bir sıra nazirliklərinin rəhbərləri ilə görüşlər keçirib.
Abxaziyanın nümayəndə heyəti Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopeslə görüşüb. Bundan başqa, Daur Kovenin “Facebook” səhifəsində bildirdiyinə görə, nümayəndə heyətinin səfər proqramı çox zəngin olub: “Ayrı-ayrı nazirliklərdən və qurumlardan olan həmkarlarla, həmçinin prezident administrasiyasının nümayəndələri ilə görüşlər keçirilib. Bizim ikitərəfli əməkdaşlığımızla bağlı məsələlər müzakirə olunub. Mütləq hər şeyi danışıb, göstərəcəyik”.
Abxaziya bloqosferində XİN rəhbərinin bu səfərini Suxumun Latın Amerikası istiqamətində aktivləşməsinin yeni fazası kimi qiymətləndiriblər. Kovedən əvvəl Abxaziya XİN-nə 2011-ci ildən 2016-cı ilin sentyabr ayına qədər başçılıq edən Vyaçeslav Çirikbanın vaxtında xarici əlaqələrin inkişafında əsas istiqamət kimi Avropa götürülüb. Abxaziyanın müstəqilliyini Nikaraquadan başqa Venesuelanın da tanıdığı Latın Amerikası ilə münasibətlər isə həmişə ikinci dərəcəli məsələ olub.
Çirikba xarici işlər naziri olduğu beş il ərzində bir dəfə də olsun Latın Amerikası dövlətlərinə səfər etməyib. Bundan başqa, Venesuela prezidenti Uqo Çavesin dəfni zamanı da rəsmi Suxum vida mərasiminə Abxaziya Respublikasının Venesueladakı səfirini göndərməklə kifayətləndi ki, bu da Abxaziyanın öz daxilində XİN-in fəaliyyətinin ciddi tənqidinə səbəb oldu.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.