Azərbaycanda "korrupsiya mədəniyyəti": Maliyyə pozuntuları və cəzalandırmada selektivlik
Azərbaycanda “korrupsiya mədəniyyəti”
2025-ci ilin ilk yarısına dair açıqlanan Hesablama Palatasının (HP) hesabatı Azərbaycanda dövlət vəsaitlərinin istifadəsində struktural problemlərin aktuallığını itirmədiyini göstərir.
Audit yoxlamaları nəticəsində aşkarlanan 65 milyon manatlıq maliyyə pozuntusu və 17,8 milyon manatlıq birbaşa büdcə zərəri ölkədə maliyyə intizamının zəifliyini bir daha təsdiqləyir. Lakin ən diqqətçəkən məqam nə bu rəqəmlərin böyüklüyü, nə də pozuntuların mahiyyətidir.
Əsas sual budur: bu qədər aşkar sui-istifadə və korrupsiya hallarının olmasına baxmayaraq, niyə sadəcə “seçilmiş şəxslər” məsuliyyət daşıyır?
Bu sual təkcə cari hesabat ili ilə məhdudlaşmır, son illər boyunca dəfələrlə təkrar olunan struktur problemin simvoluna çevrilib. Prezident ailəsinin korrupsiya qalmaqallarından tutmuş, icra başçılarının yeyintilərinə qədər – bu yerli və beynəlxalq korrupsiya faktlarını törədənlər əsasən cəzasız qalır. Cəzalananlar isə qısa müddət sonra sərbəst buraxılırlar.
Hesablama Palatasının hesabatları: rəqəmlər, qurumlar və nəticəsizlik

Rəqəmlər
2024-cü il üzrə Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatında büdcə vəsaitlərinin istifadəsində genişmiqyaslı qanun pozuntuları aşkarlanıb. Parlament komitəsində müzakirə olunan həmin hesabatda qeyd edilir ki, 2024-cü ildə aparılmış 42 audit tədbirinin 80%-dən çoxunda büdcə qanunvericiliyinin və digər sahələrin tələblərinin pozulduğu üzə çıxıb.
Xüsusilə, dövlət satınalmalarında ciddi nöqsanlar qeydə alınıb. Palatanın nəticə rəyi göstərir ki, 2024-cü ildə dövlət satınalmalarının 57%-i müsabiqəsiz, birbaşa müqavilələrlə həyata keçirilib. Bu isə şəffaflıqdan kənar böyük göstəricidir. Audit yoxlamaları nəticəsində ümumilikdə 575 milyon manata yaxın maliyyə pozuntusu aşkarlanıb, bunun təxminən 113 milyon manatı dövlət büdcəsinə birbaşa zərər kimi qiymətləndirilib.
Bu faktlar dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsi sahəsində ciddi problemlərin olduğunu göstərir. Palatanın məlumatına görə, bəzi hallarda büdcə vəsaitləri funksional təyinatdan kənar istifadə olunub, artıq xərclər nəqliyyat, hədiyyələr və beynəlxalq tədbirlərə yönəldilib, həmçinin satınalma planlarının yerləşdirilməməsi, müqavilələrin vaxtında icra olunmaması kimi qanun pozuntularına yol verilib.
2025-ci ilin ilk yarısı üzrə iyul ayında açıqlanan son hesabatda da bənzər mənzərə müşahidə olunub. Palatanın məlumatına görə, 2025-in ilk 6 ayında 65 milyon manatlıq pozuntu faktı aşkarlanıb və bunun 17,8 milyon manatı birbaşa büdcə zərəri kimi dəyərləndirilib. Yenə də büdcə vəsaitlərinin funksional təyinatdan kənar xərclənməsi, artıq xərcləmələr (nəqliyyat xidməti, hədiyyə alınması, beynəlxalq tədbirlər və s.) və satınalma prosedurlarının pozulması kimi hallar qeyd edilib.
Palatanın yarımillik hesabatında adı çəkilən pozuntu hallarına yol vermiş qurumların adları ictimaiyyətə açıqlanmayıb.
Yalnız Milli Məclisə təqdim olunan hesabatdan məlum olur ki, pozuntular müxtəlif dövlət qurumlarında aşkarlanıb.
Qurumlar
Palatanın 2023-cü il üzrə hesabatında Sumqayıt Tibb Mərkəzi (TƏBİB), Naxçıvan Dövlət Universiteti (Təhsil Nazirliyi), Gənclər və İdman Nazirliyi, ləğv olunmuş Bakı Nəqliyyat Agentliyi, Mədəni İrsin Qorunması Xidməti, Kino Agentliyi, Gəncə Şəhər Xəstəxanası (TƏBİB) və “AzTV” QSC kimi qurumların fəaliyyətində aşkarlanan qanun pozuntularının materialları Baş Prokurorluğa göndərildiyi qeyd olunub.
Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında şəhərsalma və arxitektura sahəsində aşkar edilmiş pozuntu üzrə materialın Dövlət Təhlükəsizliyi Xidmətinə ötürüldüyü bildirilib. Ümumilikdə Palata sədri qeyd edib ki, ötən il (2024) üzrə 8 nəzarət tədbirinin materialları hüquq-mühafizə orqanlarına göndərilib və daha ciddi hüquqi tədbirlərin görülməsi üçün prosesə dəstək verilib.
Bunun nəticəsi olaraq bəzi işlər üzrə istintaq başlanıb. Məsələn, Palatanın Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-cü illəri əhatə edən auditinin materialları əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi xüsusilə külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlayıb.
Nəticəsizlik
Lakin ümumən yüksək vəzifəli şəxslərin bu pozuntulara görə cəzalandırılması nadir haldır. Palata rəhbərliyi aşkarlanan hüquqpozmalara dair adları açıqlamır və adətən həmin materiallar hüquqi prosedur üçün prokurorluğa göndərilməklə kifayətlənir. Yəni fakt var, amma cavabdeh yoxdur.
Hazırkı məlumata görə, Hesablama Palatasının aşkarladığı nöqsanlara görə hər hansı nazirin və ya iri məmurun işdən çıxarılması və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə açıq ictimai məlumat yoxdur. Yalnız ayrı-ayrı hallarda, məsələn, yuxarıda qeyd edilən AMEA işi üzrə, araşdırma aparıldığı məlumdur.
Cəzasızlıq mühiti: hüquqi boşluqlar və siyasi iradənin selektivliyi

Formal olaraq Azərbaycanda korrupsiyaya qarşı mübarizə mexanizmləri mövcuddur. Lakin bu mexanizmlərin tətbiqi selektiv və qeyri-effektivdir. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və digər qurumlar daha çox yerli səviyyəli məmurları hədəfə alır. Yüksək vəzifəli şəxslərə münasibətdə isə toxunulmazlıq mühiti hökm sürür.
Məsələn, 2020-ci ildən sonra Neftçala, İmişli, Biləsuvar, Şəmkir kimi rayonların icra başçıları korrupsiya ittihamı ilə həbs olunsalar da, onların çoxu sonradan cəzalarının yüngülləşdirilməsi və ya vaxtından əvvəl azadlığa buraxılması ilə gündəmə gəlib. Digər tərəfdən, AMEA-da aparılan auditə görə cinayət işi açılmış, amma bu istintaqdan da ictimai nəticə çıxmayıb.
Hüquqi boşluqlar
Azərbaycan daxilində rüşvətxorluq və mənimsəmə ittihamı ilə müxtəlif səviyyələrdə bir çox məmura qarşı cinayət işləri açılıb. Xüsusən, son illərdə yerli icra hakimiyyəti başçılarına qarşı aparılan anti-korrupsiya əməliyyatları ictimaiyyətin diqqətini çəkib.
2020-ci ildən başlayaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir neçə rayon icra hakimiyyətində xüsusi əməliyyatlar həyata keçirdi. Nəticədə Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Ağstafa, Yevlax, Kürdəmir, Şəmkir kimi rayonların icra başçıları həbs olundu. Bu icra başçılarının əksəriyyəti rüşvət alma, dövlət vəsaitini mənimsəmə və səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunaraq məhkəmə qarşısına çıxarıldı. Məsələn:
- İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev 2020-ci ilin mayında həbs edildi və sonradan məhkəmənin hökmü ilə 12 il azadlıqdan məhrum edildi (apellyasiya şikayətinə əsasən cəzası 8 il 6 aya endirilib). İstintaq onun rüşvət alaraq vəzifəsindən sui-istifadə etdiyini sübut edən sübutlar təqdim etmişdi.
- Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev də rüşvətxorluğa görə həbs olunaraq ilkin instansiyada 11 il həbs cəzası aldı (sonradan cəza 8 il 3 aya endirildi).
- Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev 2020-ci ildə DTX əməliyyatı ilə saxlanıldı və məhkəmə ona 10 il həbs cəzası təyin etdi (Ali Məhkəmə 2024-cü ildə cəzanı 6 il 2 aya endirdi). Onun və komandasında olan bəzi vəzifəlilər rüşvət qarşılığında icazələr verdikləri və büdcə vəsaitini taladıqları məlum olmuşdu.
- Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov 2021-ci ildə həbs edildi və məhkəmə onu vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, rüşvətalma və cinayət yolu ilə əldə edilmiş vəsaitləri leqallaşdırma ittihamları ilə təqsirli bilərək 11 il 6 ay həbs cəzasına məhkum etdi (apellyasiya instansiyası cəzanı 10 il 6 aya qədər azaldıb). Onun işində də rayon büdcəsinin korrupsiya ilə talan edilməsi, dövlət tenderlərinin qohum-əqrəbaya verilməsi kimi faktlar ifşa olundu.
- Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev 2020-ci ildə tutuldu və 9 il həbs cəzası aldı, lakin o, 2021-ci ildə həbsxanada COVID-19-dan vəfat etdi.
- Yevlax şəhərinin sabiq icra başçısı Qoca Səmədov da korrupsiya ittihamı ilə 7 il 3 aylıq həbs cəzası aldı, sonradan cəzası yüngülləşdirilərək 2023-cü ildə şərti azadlığa buraxıldı.
- Kürdəmir rayonunun sabiq icra başçısı Ceyhun Cəfərov 2020-ci ildə rüşvət alma ittihamı ilə həbs olunmuş və 8 il 6 aylıq cəza almışdı; apellyasiya və kassasiya instansiyalarından sonra cəza 4 il 6 aya endirildi və 2025-ci ilin əvvəlində o, həbs müddətini başa vuraraq azadlığa çıxdı.
Bunlar yalnız bəzi nümunələrdir. Ümumilikdə son illərdə 10-dan çox icra başçısı və yüksək rütbəli yerli məmur korrupsiya əməllərinə görə məsuliyyətə cəlb olunub.

Həmçinin, sabiq nazirlərdən bəziləri də hədəfə gəlib. Məsələn, keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2021-ci ildə vəzifədə olarkən böyük məbləğdə rüşvət almaqda ittiham edilərək həbs olundu (istintaq onun nazirlikdə tenderlər qarşılığında sistemli rüşvət sxemi qurduğunu iddia edir). O, hazırda məhkəmə prosesinin bitməsini ev dustaqlığında gözləyir.
Bundan əvvəl, 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük korrupsiya qalmaqalı ortaya çıxmış, nazirin müavinləri və departament rəhbərləri həbs edilmiş, nazir Əli Abbasov isə vəzifədən azad olunmuşdu (amma özü həbs edilmədi).
2013-2014-cü illərdə keçmiş Milli Təhlükəsizlik Nazirliyində generalların bir qrupunun sahibkarlardan reketlik yolu ilə milyonlarla pul tələb etdikləri üzə çıxmış, bu işlə bağlı nazirliyin bir sıra yüksək vəzifəliləri (o cümlədən nazir müavini) həbs olunmuşdu.
Beynəlxalq araşdırmaların ortaya çıxardığı faktlar
Bundan başqa, “Panama Sənədləri” (2016) və “Paradise Sənədləri” (2017) kimi sızmalar da Azərbaycanla əlaqəli məlumatlar ehtiva edirdi. Məsələn, Panama sənədlərində Prezident Əliyevin qızları Leyla və Arzu Əliyevanın offşor şirkətlər vasitəsilə Azərbaycanın telekommunikasiya sektorunda paylara sahib olduğu ortaya çıxmışdı.
Belə ki, mobil rabitə sektorunda fəaliyyət göstərən “Azercell” şirkətinin keçmiş investorları ilə bağlı araşdırmalar zamanı Əliyeva bacılarının dolayısı yolla pay aldıqları məlum olmuşdu. “Paradise Papers” sızması zamanı isə baş nazirin müavini Yaqub Eyyubovun oğlu vasitəsilə xaricdə şirkətlərə malik olduğu haqda məlumatlar yayılmışdı (bunlar da hökumət tərəfindən təkzib edilmədi, sadəcə şərh verilmədi).

Bu sxemin faş olmasından sonra Avropada bir sıra hüquqi araşdırmalar başlandı: məsələn, İtaliyada AŞPA üzvü olmuş Luka Volontenin Azərbaycan tərəfindən rüşvət alması təsdiqləndi və o, 2021-ci ildə korrupsiya cinayətinə görə məhkum olundu. Almaniyada Bundestag-ın keçmiş üzvü Eduard Lintner Azərbaycandan külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 2024-cü ildə şərti cəza aldı (Transparency International bunu “Azerbaijan Laundromat” işi üzrə tarixi bir məhkəmə qərarı kimi qiymətləndirdi).
Həmçinin UNESCO kimi qurumlarda Azərbaycanın imicini yaxşılaşdırmaq üçün də bu pullardan istifadə olunduğu məlum olub.
Bu hadisələr sübut edir ki, Azərbaycan hakim elitası beynəlxalq aləmdə belə korrupsiya vasitəsilə öz maraqlarını irəli aparmağa çalışıb.
“Laundromat” pulları eyni zamanda bahalı lüks malların, Avropada mülklərin alınmasına, hökumətə yaxın biznesmenlərin sərvət yığmasına sərf edilib.
2017-ci ildə OCCRP konsorsiumu tərəfindən üzə çıxarılan “Azərbaycan laundromatı” nəhəng pul yuma və rüşvət sxemini idi. Konsorsium ortaya çıxardı ki, 2012-2014-cü illərdə Azərbaycan rəhbərliyinə bağlı şəxslər və onların şərikləri tərəfindən
Avropada nüfuz qazanmaq və pulları təmizləmək məqsədilə 2,9 milyard dollar məbləğində gizli fond yaradılıb.
Dörd Britaniya offşor şirkəti vasitəsilə idarə olunan bu sluş-fund 2 il ərzində 2,5 milyard avrodan çox vəsaiti yüzlərlə tranzaksiya ilə “yuyub” müxtəlif təyinatlara yönəldib.
Əliyevlərin ofşor şəbəkələri vasitəsilə bu qədər əmlakı necə əldə etdiyi sualları hökumət tərəfindən cavabsız buraxıldı. Prezidentin ailəsi iddialarla bağlı şərh verməkdən imtina etdi. Pandora sənədləri bir daha göstərdi ki, Azərbaycan hakim ailəsi ölkəxaricində böyük sərvətlər toplayıb və bunlar gizli yollarla leqallaşdırılıb.
Bu faktlar onillərdir yerli və beynəlxalq qurumlar tərəfindən korrupsiyada ittiham olunan Əliyev ailəsinin gizli sərvətlərini açıq şəkildə nümayiş etdirdi. Britaniya mətbuatı hətta Kraliyyətin mülklər idarəsinin də Əliyev ailəsindən Londonda $90 milyon dəyərində bina aldığına dair məlumat yaydı.
Ümumən 17 mülkiyyət gizli offşor şirkətlər vasitəsilə əldə edilib.
Ən diqqətçəkən məqam odur ki, Prezident Əliyevin oğlu Heydər Əliyev cəmi 11 yaşında ikən Londonda Mayfair bölgəsində dörd böyük mülkün sahibi kimi qeydiyyata alınıb. Məsələn, 2009-cu ildə ailə dostunun adına alınmış 44,7 milyon dollarlıq bir binanın mülkiyyəti cəmi bir ay sonra balaca Heydərin adına keçirilib.
Siyasi iradənin selektivliyi
Bütün bu hadisələr göstərir ki, ölkə daxilində müəyyən korrupsiya hallarına qarşı hüquq-mühafizə orqanları seçici formada tədbirlər görür. Əsasən siyasi çəkisi o qədər də böyük olmayan və artıq nüfuzdan düşmüş vəzifəlilər məsuliyyətə cəlb olunur.
Əvəzində isə, dövlətin ali hakimiyyətində təmsil olunan şəxslərin korrupsiya halları hüquqi müstəvidə toxunulmaz qalır. Məsələn, “Pandora sənədləri”ndə ifşa olunan Prezident ailəsinin Londonda mülklər alması və ya “laundromat” vasitəsilə ölkədən milyardların çıxarılması kimi faktlarla bağlı ölkə daxilində heç bir cinayət işi açılmayıb.

Bu kimi beynəlxalq araşdırmalara rəsmi reaksiya da verilmir. “Transparency International”ın 2024 CPI hesabatında Azərbaycana dair qeyd edilir ki, ölkədə yüksək səviyyəli korrupsiya halları cəzasız qalır və siyasi elitanın toxunulmazlığı fonunda korrupsiya ilə mübarizə təsirsizdir.
Həqiqətən də, hazırki prezident İlham Əliyev 2003-cü ildən bəri korrupsiya ilə mübarizəni prioritet elan etsə də, onun ailəsi və ən yaxın çevrəsi müxtəlif beynəlxalq hesabatlarda korrupsiya piramidasının zirvəsində göstərilir.
Müstəqil medianın susdurulması və ictimai nəzarətin iflici
2023-cü ilin sonlarından etibarən Azərbaycanda hökumət tənqidçilərinə və müstəqil mətbuata basqılar kəskin güclənib. “AbzasMedia”, “Meydan TV” kimi korrupsiya araşdırmaları ilə tanınan müstəqil media platformaları uzun müddətdir sistemli basqılara məruz qalırlar. Onlara dövlət qeydiyyatından keçməyə əsassız imtina edilib, ofislərinə polis tərəfindən reydlər təşkil olunub, əməkdaşları saxta ittihamlarla həbsə atılıb, onların və ailə üzvlərinin bank hesabları dondurulub.
Məsələn, “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, direktor müavini Məhəmməd Kekalov və iqtisadçı ekspert Fərid Mehralızadə kimi şəxslər valyuta qaçaqmalçılığı, vergidən yayınma, çirkli pul yuyulması və sənədlərin saxtalaşdırılması kimi ittihamlarla günahlandırılaraq 7,5 ildən 9 ilədək həbs cəzasına məhkum edildilər.

“Amnesty International” yazır ki, jurnalistlərə qarşı irəli sürülən bu ittihamlar əsassızdır və məhkəmə prosesində heç bir tutarlı sübut təqdim edilməyib. Həbs olunan media əməkdaşları həbsxanalarda ağır şəraitlə və sağlamlıq problemləri ilə üzləşir, lazımi tibbi yardımdan məhrum qalır, bəziləri hətta fiziki zorakılıq və təhdidlərə məruz qaldıqlarını bildirirlər.
Həmçinin 2024-cü ilin dekabrında “Meydan TV” ilə əlaqəli jurnalistlər, Aynur Qənbərova, Aytac Əhmədova, Xəyalə Ağayeva, Natiq Cavadlı, Ramin Cəbrayılzadə və Aysel Umudova və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov eyni gündə saxlanılaraq barələrində istintaq müddəti üçün həbs-qətimkan tədbirləri seçildi. İstintaq prosesi hələ də davam edir.

Bu həbslərin hamısı formal iqtisadi ittihamlar (qaçaqmalçılıq, vergidən yayınma və s.) üzərindən aparılsa da, həqiqətin hökuməti tənqid edən, korrupsiya faktlarını araşdırmaları ilə üzə çıxaran müstəqil səsləri susturmağa yönəlik siyasi motivlər olduğu geniş ictimaiyyət və beynəlxalq təşkilatlar tərəfindən bəyan edilir.
Beynəlxalq təşkilatların geri çəkilməsi
Azərbaycan hakimiyyəti 2014-2015-ci illərdə qəbul etdiyi qanunvericilik dəyişiklikləri və qərarlarla bir çox beynəlxalq QHT-nin ölkədə fəaliyyətini ya tamamilə dayandırıb, ya da ciddi məhdudiyyətlər yaradıb. Xüsusilə, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar da bu basqılardan kənarda qalmayıb.
Ən diqqətçəkən nümunə “Transparency International” (Beynəlxalq Şəffaflıq Təşkilatı) ilə əlaqəli yerli qurum, “Şəffaflıq Azərbaycan” İctimai Birliyi olub. Bu qurum 2000-ci illərin əvvəllərindən Azərbaycanda fəaliyyət göstərərək korrupsiya ilə bağlı hüquqi yardım və maarifləndirmə layihələri icra edirdi. Lakin 2014-cü ildən sonra xarici qrantların qeydiyyatı ilə bağlı hökumətin yaratdığı əngəllər nəticəsində “Şəffaflıq Azərbaycan”ın layihələri dalana dirəndi.
2017-ci ilin avqustunda “Şəffaflıq Azərbaycan” öz Bakı ofisini bağlamağa məcbur olduğunu elan etdi. Qurum bildirirdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində fəaliyyət göstərən Bakı ofisi və regional antikorrupsiya mərkəzlərinin işi dayandırılır. Səbəb isə yeni qrantın Ədliyyə Nazirliyində qeydiyyata alınmaması idi.
“Şəffaflıq Azərbaycan”ın bağlanması ölkədə korrupsiya ilə mübarizədə vətəndaş cəmiyyətinin rolunu daha da zəiflətdi.
Beləliklə, bugün Azərbaycan daxilində beynəlxalq antikorrupsiya təşkilatları və donor qurumların demək olar ki, heç biri aktiv fəaliyyət göstərmir. Bu da o deməkdir ki, korrupsiya ilə mübarizədə müstəqil vətəndaş nəzarəti və beynəlxalq dəstək əhəmiyyətli dərəcədə zəiflədilib.
“Transparency International”ın Korrupsiya Qavrama İndeksi də bunu əks etdirir. 2024-cü il üçün Azərbaycan cəmi 22 bal toplayaraq 180 ölkə arasında 154-cü yeri tutub (0 – çox korrupsiyalı, 100 – təmiz). Bu, ölkədə korrupsiyanın sistematik xarakter daşıdığına və hökumət əleyhinə səs çıxaranların olmamasının nəticəsi olaraq cəzasızlıq mühitinin formalaşdığına işarədir.
Nəticə: korrupsiya adi hal alıb, cəzasızlıq isə qaydaya çevrilib
Azərbaycanda maliyyə pozuntularına dair rəqəmlər hər il artır, amma bu pozuntuların arxasında dayanan şəxslər toxunulmazdır. İctimaiyyətə təqdim olunan hesabatlar real məsuliyyət mexanizminə çevrilmir.
Müstəqil medianın sıradan çıxarılması, beynəlxalq təşkilatların fəaliyyətsizləşdirilməsi və məhkəmə sisteminin siyasi təsirdə olması şəraitində korrupsiyaya qarşı mübarizə yalnız formal ritorika səviyyəsində qalır.
Həqiqi dəyişiklik yalnız siyasi iradə, müstəqil məhkəmə və güclü ictimai nəzarət vasitəsilə mümkündür. Əks halda, korrupsiya Azərbaycan reallığının normalı olmağa davam edəcək.
Hələlik isə üfüqdə hökümətin sifarişlərini icra edən məhkəmə sistemi, sıxışdırılmış vətəndaş cəmiyyəti və yalnız məmur icmasına xidmət edən siyasi iradə var.
Azərbaycanda “korrupsiya mədəniyyəti”