Gürcüstandakı seçkilər Rusiyada necə dəyərləndirilib?
Gürcüstanda az əvvəl baş tutan səs-küylü prezident seçkilərini Rusiyada maraqla izləyirdilər. Məsələn, xarici işlər naziri Sergey Lavrov Gürcüstanın yeni prezidenti seçilən hakimiyyətyönlü namizəd Salome Zurabişvili ilə bağlı müsbət fikirdədir.
Rusiya Tbilisi ilə yaxşı münasibətlərin inkişafına köklənib və Zurabişvilinin Gürcüstan prezidenti seçilməsindən sonra konstruktiv əməkdaşlığa ümidlidir – Lavrov dekabrın 7-də jurnalistlərə bildirib:
“Biz Zurabişviliyəbütün gürcülərin prezidenti oolmağı arzulayırıq… Mənə elə gəlir ki, Rusiya Gürcüstanın əsas ticarət tərəfdaşıdır – böyük turist axını baxımından da. Biz konstruktiv əməkdaşlıq üçün daha çox yollar axtarırıq”.
• Gürcüstan prezidentliyi uğrunda kim mübarizə aparırdı və bu seçki nə ilə yadda qalacaq?
• Siyasi art – Gürcüstan prezidentliyinə namizədlərin plakatları
Gürcüstanda yeni prezident seçimini Rusiya mediası da fəal şərh edir. Amma məlumatı verən resursun yönündən – hakimiyyətyönlü, yoxsa müstəqil – asılı olaraq dəyərləndirmə bir-birindən kəskin fərqlənir.
Qısa müqayisəli icmalı təqdim edirik.
Hökumətyönlü media
Məlumatları cəmləsək, belə təsəvvür yaranır ki, Gürcüstanda prezident seçkilərinin nəticələrini dəyərləndirən zaman Rusiyanın hökumətyönlü mediası bu dörd vəziyyəti əsas kimi qəbul edib:
• “Gürcüstanın yeni prezidenti Rusiya ilə əməkdaşlıqdan imtina edib”(Газета.ру)
• “ABŞ Gürcüsyanın yeni seçilən prezidenti Salome Zurabişvili ilə ikitərəfli və regional məsələlər üzrə məhsuldar əməkdaşlığa ümid edir” (TASS)
• “Gürcüstanın eks-lideri Mixail Saakaşvilinin tərəfdaşları prezident seçkilərindən sonra kütləvi iğtişaşlar təşkil ediblər” (“Zvezda” telekanalı)
• “Zurabişvili prezident sarayına köçməyəcək və işə piyada gedib-gələcək” (Birinci kanal)
Seçkilər haqda ən optimist qiymətləndirməni xaricdə yaşayan rusdiilli auditoriya üçün nəzərdə tutulan Sputnik resursu edib:
“Salome Zurabişvili kifayət qədər təcrübəli və bacarıqlı siyasətçidir… Siyasətdə qadın amili Gürcüstan üçün yeni deyil. Tarixən belə gətirib ki, qadınlar yaxşı siyasətçi və liderlərdir. …bu namizəd yetəri qədər yaxşıdır”.
Rusiyanın müstəqil mediası
Bu media düşərgəsində əsas vurğu Gürcüstanın daxili siyasətindəki qarşıdurma və “rusiyapərəst – qərbpərəst” anlayışları arasındakı münaqişə vurğulanır:
• “Gürcüstan prezidentliyinə hər iki namizədin kampaniyası rəqibin Moskvaya qarşı loyallığı üzərində qurulub” (“Novaya qazeta”)
• “Gürcüstanın böyük faciəsi odur ki, iqtidar partiyası hakimiyyəti ötürmək əvəzinə, saxtalaşdırma və informasiya müharibəsi vasitəsilə əlində saxlamağa çalışır.Saakaşvili necə olsa da, 2012-ci ildə məğlubiyyətini etiraf etdi və hakimiyyətin ötürülməsini təmin elədi”(“Kavkazskiy uzel”).
Rusiyada sosial şəbəkələr
Əgər tanınmış müəlliflərin, blogerlərin və istifadəçilərin müzakirələrini izləsək, burada kifayət qədər kəskin dəyərləndirmələr səslənir.
Çoxları Gürcüstan cəmiyyətində demokratik komponentin yetişmədiyini yazır. Digərləri isə Rusiya cəmiyyətindəki daha böyük əskiklik haqda xatırladır.
Məsələn, tanınmış rusiyalı publisist və ictimai xadim Aleksandr Osovtsev öz Facebook səhifəsində yazıb:
“İnzibati resurslardan, satın almadan və saxtakarlıqdan kütləvi istifadə etmədən Gürcüstanda seçkilərin nəticələrini sosioloji və elektoral təsəvvür etmək mümkün deyil. Belə olmur”.
Şərhçilərdən biri ona oradaca belə cavab verib: “Olur – Rusiyada”.
“Gürcüstanda seçkilərdə oldum”, – digər bloger yazır. – “Maraqlıdır ki, burada proses ümumilikdən bizdən daha yaxşı təşkil olunub. Məsələn, seçici siyahılarında seçicilərin fotoları var. Və bülleten verilərkən, pasportdakı fotosiyahıdakı foto ilə tutuşdurulur. Bundan başqa, hər səs verənin əlinə ultrabənövşəyi işıqda görünən xüsusi boya ilə işarı qoylur. Bununla da “karusellərlə” mübarizə aparırlar”.
Həmçinin ötən seçkilərin belə bir xarakteristikası da səsləndirilib – “kölgələrin müharibəsi”:
“Salome Zurabişvilinin arxasında İvanişvilinin “kölgəsi” dayanır, baxmayaraq ki, o özünü ondan ayırmağa çalışır və ilk növbədə bunu Rusiyaya qarşı kəskin bəyanatlar hesabına edir. Seçkiləri uduzan Qriqol Vaşadzenin [müxalifətin namizədi] arxasında “kölgə” kimi Mixail Saakaşvili dayanır”.
Daha bir təkrarlanan xarakterik fikir:
“Gürcüstanda seçkilər seçicilərin satın alınması, inzibati resursların tətbiqi, bir-birini çirkaba batırmaqla keçib. Amma bu yenə də seçkidir, çünki bu real mübarizədir. Bizdə Rusiyada isə ölülərin məzarlıqdakı yarışıdı”.