Z nəsli və əmək təşkilatlanması: Dəyərlərlə formalaşan mübarizə
Z nəslinin əmək təşkilatlanması
Z nəsli harada yaşamasından asılı olmayaraq daha ədalətli, insani və mənalı iş şəraiti axtarır. Onlar yalnız gəlir üçün deyil, həm də dəyərlərinə uyğun mühitdə işləmək istəyirlər.
Hərçənd Azərbaycanda bu nəsil hələ geniş təşkilatlanma imkanlarından məhrumdur, onların sosial media üzərindən göstərdikləri fərdi müqavimət formaları alternativ bir fəallığının əsasını qoyur.
Son illərdə əmək bazarında mühüm dəyişikliklər baş verir: Uzaqdan iş modelinin yayılması, işçilərin rifahına yönəlik tələblərin artması bu dəyişikliklərin əsas xəttini təşkil edir. Bu prosesə təkan verən qüvvələrdən biri isə texnologiya və sosial ədalət anlayışı ilə formalaşan Z nəslidir.
Bu nəsil həm klassik əmək hərəkatlarının təcrübəsindən, həm də yeni dövrün şəffaflıq, inklüzivlik və etik istehlak kimi dəyərlərindən bəhrələnərək əmək hüquqları sahəsində yeni mübarizə formaları yaradır.
Bu yazıda, Azərbaycanda yaradılmış İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Nilufər Məmmədrzayeva “JAMnews” üçün Z nəslinin müxtəlif ölkələrdə iş yerlərində təşkilatlanma təcrübələrindən və bu prosesləri hərəkətə gətirən motivasiyalardan bəhs edir.
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycanda fəaliyyət göstərən alternativ həmkarlar ittifaqı təşkilatıdır. Əsas məqsədi işçilərin əmək, sosial və iqtisadi hüquqlarını qorumaq, iş şəraitini yaxşılaşdırmaq və işçi istismarına qarşı mübarizə aparmaqdır.
Dəyərlərlə formalaşan iş münasibətləri

Z nəslini fərqləndirən əsas cəhətlərdən biri işi yalnız gəlir mənbəyi kimi deyil, həm də dəyərləri ilə uzlaşan bir fəaliyyət kimi görməsidir. “Deloitte” şirkətinin 2024-cü ildə 44 ölkədə apardığı sorğuya əsasən, respondentlərin 86 faizi iş yerində rifah hissi üçün çalışdıqlarını və işin bir məqsədə xidmət etməsinin vacib olduğunu vurğulayıb.
Bu nəslin nümayəndələri öz etik prinsipləri ilə ziddiyyət təşkil edən tapşırıqlardan imtina etməyə, hətta işdən ayrılmağa meyillidirlər. Sorğu iştirakçılarının yarısı məhz bu səbəbdən müəyyən tapşırıqları yerinə yetirməkdən boyun qaçırdığını, digərləri isə ümumiyyətlə işdən istefa verdiyini bildirib.
Mənfi ekoloji təsir, qeyri-inklüziv davranış, iş yerində bərabərsizliyin təşviqi, işçi rifahına laqeyd yanaşma kimi hallar Z nəslinin təşkilatlanma səbəbləri kimi önə çıxır. Onlar yalnız işçi deyil, eyni zamanda daha vicdanlı istehlakçı kimi də davranmağa çalışırlar: “fast fashion”dan uzaq durur, təyyarə səyahətlərini azaldır, veqan və ya vegeteriyan qidalanma seçir, elektrikli avtomobillərə üstünlük verirlər.
“Starbucks” baristalarının mübarizəsi
ABŞ-də “Starbucks” işçilərinin təşkilatlanma təcrübəsi bu prosesin konkret nümunələrindəndir. Baristalar sadəcə xidmət göstərməkdə deyil, eyni zamanda mağaza daxilindəki böhran vəziyyətlərini də idarə etməkdə mükəlləfdirlər. Hətta iş elanlarında belə münaqişələrin həllinə meyilli namizədlər axtarılır. Buna baxmayaraq, işçilər bu ağır şərtlərdə rəhbərlikdən kifayət qədər dəstək görmədiklərini deyirlər.
Oreqon ştatının Eugene şəhərindəki iki “Starbucks” filialının işçiləri məktubla müraciət edərək, mağazaların “yüksək insidentli” statusda olduğunu, fiziki təhlükəsizlik problemlərinin həll olunmadığını bildiriblər. Onların sözlərinə görə, bəzi hallarda baristalar cinsi qısnama və psixoloji təzyiqə məruz qalır. Bəzən isə müştərilər təcili tibbi və psixoloji yardıma ehtiyac duyur.
Buradakı baristalar özlərini “təhsilsiz sosial işçi” adlandırırlar.
“Starbucks İşçiləri Birliyi”
Bu problemlərdən əlavə, “Starbucks” gənc işçi qüvvəsindən faydalanır, çünki onun əməkdaşlarının bir çoxu valideynlərinin səhiyyə xidmətlərinə çıxış imkanından istifadə edə bilir. Bu isə onların “Starbucks”dan bu cür təminatları tələb etmə ehtimalını azaldır.
Onların çoxu tam ştatlı iş rejimində çalışmadığına görə əlavə müavinətlərə də uyğun gəlmirlər. Bütün bu səbəblərdən çıxış yolu kimi yüzlərlə “Starbucks” işçisi həmkarlar ittifaqı yaradıb. Hazırda artıq 18 mağazada təşkilatlanma baş tutub.
“Starbucks İşçiləri Birliyi”nin təkcə ABŞ-də doqquz mindən çox filialı olan dünyanın ən böyük şəbəkələrindən biri ilə mübarizəsi onu göstərir ki, təşkilatlanmanın kifayət qədər çətin olduğu xidmət sektorunda belə sindikat qurmaq mümkündür.
Amazon nümunəsi
2024-cü ilin dekabrında “Amazon” işçiləri də kollektiv müqavilə hüququ tələbiylə aksiyalara başladılar. Aksiyalarda təxminən 600 nəfər iştirak etsə də, onların təmsil olunduğu həmkarlar ittifaqı on minlərlə işçini əhatə edirdi. Etirazların səbəbi isə “Amazon” rəhbərliyinin həmkarlar ittifaqını tanımaqdan və danışıqlara başlamaqdan imtina etməsi idi.
Aksiyalarda iştirak edənlərin əksəriyyəti şirkətin əsas yükünü daşıyan anbar işçiləri idi.
Koreya: sədaqət modelinin sonu
Cənubi Koreya nümunəsində Z nəsli klassik “şirkətə sədaqət” modelindən uzaqlaşır. Ölkədə gənclər valideynlərinə verilmiş vədlərin artıq keçərli olmadığını görərək daha tələbkar mövqe tutur, çünki onların böyük hissəsi artıq güclü təhsilə və uzun iş saatlarına baxmayaraq sabit gəlir və sosial təminat əldə edə bilmir.
Gənclər artıq valideynlərinin təbii olaraq sahib olduqlarını təmin edə bilmirlər. Bundan əlavə, Cənubi Koreya həftəlik iş saatlarının ən çox olduğu ölkələrdən biridir. Bu, adətən Cənubi Koreyanın sürətli iqtisadi inkişafının səbəbi kimi görülür. Keçmişdə insanlar bir şirkətdə işləyib təqaüdə çıxana qədər orada qalırdılar, beləcə, onlar sabit iş və gəlirlə təmin edilirdilər. Əvəzində isə işçilərdən uzun saatlar boyunca işləmək və şirkətə tam sadiqlik göstərmək tələb olunurdu.
Hətta 2023-cü ildə iş həftəsinin 69 saata qaldırılması planı da gənclərin etirazları nəticəsində ləğv olunmuşdu.
Seul Dövlət Elm və Texnologiya Universitetindən Jung Heung-jun tərəfindən aparılan tədqiqata əsasən, Z nəsli əvvəlki nəsillərlə müqayisədə sindikatlaşmağa daha meyillidir və əmək fəallığının iş şəraitini yaxşılaşdıracağına dair daha nikbin baxışa sahibdir.
Fransa nümunəsi
2023-cü ildə Fransa hökumətinin təqaüd yaşını artırmaq planı kütləvi etirazlara səbəb oldu. Bu etirazların önündə gənclər dururdu. Universitetlərdə və məktəblərdə dərslər boykot olundu, tələbə birlikləri və həmkarlar ittifaqları birgə fəaliyyət göstərdi.
Universitetlərdə və məktəblərdə dərslər boykot edildi, tələbə birlikləri və həmkarlar ittifaqları ilə koordinasiyalı fəaliyyət quruldu.
Etiraz aksiyaları bir müddət sonra daha da zorakı hal aldı. Belə ki, gənclərdən ibarət bir qrup kütlədən ayrılaraq avtobus dayanacaqlarını dağıtdı və bir avtomobili yandırdı. Qanun qüvvəyə minsə də, etirazlar qısa müddətdə geniş vüsət aldı və minlərlə gənc tələbə, aktivist küçələrə çıxdı.
Azərbaycan: kollektiv təşkilatlanmadan fərdi müqavimətə
Azərbaycanda isə siyasi mühitin məhdudiyyətləri səbəbilə kollektiv təşkilatlanma daha çətindir. Ölkədə bu nəslin əmək təşkilatlanmasına nəzər saldıqda daha fərqli müşahidələr etmək olar. Belə ki, Azərbaycandakı Z nəsli adları sadalanan digər ölkələrdəki gənclərdən fərqli olaraq elə də nəzərəçarpan aktivlik göstərə bilmir. Bunun isə səbəblərindən biri sindikat ənənəsinin olmamasıdır. Rəsmi həmkarlar ittifaqlarının sadəcə formal xarakter daşıması və müstəqil birliklərin mövcud olmaması səbəbilə gənclər klassik mənada kollektiv təşkilatlanmadan uzaq dururlar.
Dövlət özü də Azərbaycan gəncləri üçün imkanların artırılmasına kömək etmək məqsədi ilə konkret addımlara dair qənaətbəxş plan təqdim etmir.
BMT və Azərbaycan arasında imzalanmış Əməkdaşlıq Çərçivəsi sənədində gənclərin məşğulluğu və təhsili inkişafın əsas dayaqlarından biri kimi təqdim olunur. Amma bu, dövlət səviyyəsində konkret və inandırıcı tədbirlərlə müşayiət olunmur.
Küçə aksiyalarının və müstəqil təşəbbüs qruplarının qarşısının zorakılıqla alınması təcrübəsi də gəncləri fundamental azadlıqlarından məhrum edərək onları iş yerində, universitetdə üzləşdiyi haqsızlıqlarla mübarizə aparmasını əngəlləyir.
Bunun əvəzində isə sosial mediada işəgötürənlərin adının çəkildiyi anonim postlar, iş şəraiti ilə bağlı şəxsi hekayələrin yayılması və ictimai qınaq formalaşdırma cəhdləri geniş yayılıb.
İndi gənclər daha çox “freelance” iş rejiminə, fərdi razılaşmalara və xarici ölkələrdən, məsafəli iş imkanlarına üstünlük verirlər. Bu, həm sistemə inamsızlığın, həm də alternativ əmək dəyərlərinin müəyyən qədər formalaşdığının göstəricisidir. Hərçənd Azərbaycanda bu nəsil hələ geniş təşkilatlanma imkanlarından məhrumdur, onların sosial media üzərindən göstərdikləri fərdi müqavimət formaları alternativ bir fəallığının əsasını qoyur.
Z nəslinin əmək təşkilatılanması