Rəy: "Oğurlamaq, sui-qəsdə məruz qoymaq və qətlə yetirmək, İlham Əliyev rəqiblərinə qarşı bunların hər birini həyata keçirə bilər”.
Mühacir bloqerlərin istintaqa çağırılması barədə fikirlər
Keçmiş siyasi məhbus, Gürcüstanda oğurlanaraq Azərbaycan hökümətinə təhvil verilmiş azərbaycanlı jurnalist Əfqan Muxtarlının fikrincə azərbaycanlı siyasi mühacirlər, xaricdə yaşayan bloqerlər və digər siyasilərin həyatı təhlükədədir.
Azərbaycan Respublikası Baş Prokurorluğu mühacirətdə olan azərbaycanlı bloqerlər Qabil Məmmədov, Elşad Məmmədov, Məhəmməd Mirzəli və Qurban Məmmədovu prokurorluğun İstintaq İdarəsinə ifadə verməyə çağırıb çağırıb.
Bu barədə Baş prokurorluqdan bildirilib.
Onlar terrorçuluğa çağırış, konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı açıq çağırışlar etmək, Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, kütləvi iğtişaşlar edilməsinə dair açıq çağırışlar etmək və digər cinayətlərdə ittiham edilirlər
“Hamısı əvvəlki qondarma ittihamlardır və mən qondarma cinayət işini Almaniya Ali Məhkəməsində qazanmışam”.
Bu sözləri Qabil Məmmədov feysbuk hesabında yazıb. Onun fikrincə hazırda bu ittihamların aktuallaşdırılması Almaniyadakı seçkilərdən sonra yeni kanslerin Azərbaycan höküməti tərəfindən nəbzinin yoxlanılması üsuludur:
“İlham Əliyevin kansleri təbrik etmək metodu budur”.
Deputat: “İstintaqa çağırılanlar Ermənistan və ermənipərəst siyasi qüvvələrin təbliğat maşınıdır”

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Elman Nəsirov Pravda.az-a açıqlamasında mühacirətdə olan siyasi bloqerlərin istintaqa dəvət edilməsi barədə bu sözləri deyib:
“Bu, həqiqətdir ki, beynəlxalq anti-Azərbaycan dairələri, xüsusilə Ermənistan və ermənipərəst siyasi qüvvələr ölkəmizə qarşı dezinformasiya yayır, təbliğat maşınını işə salır, yalan, iftira dolu məlumatları tirajlayırlar. Çirkin niyyətlərini həyata keçirmək üçün müxtəlif üsul, vasitə və mexanizmlərdən istifadə edirlər.
Belə mexanizmlərdən biri də formaca azərbaycanlı olub, məzmunca bu millətin, dövlətin düşməni olan şəxsləri ələ almaqdır. Bir çox hallarda tərəddüd edirlərsə, pul, “mükafatlandırma” yolu ilə onları xalqımıza, dövlətimizə qarşı düşmənə çevirirlər. Onsuz da onların xisləti belə idi. Nəhayət, bu nankorluqlarından, xislətlərindən, şəxsiyyətsizliklərindən, xəyanətkar olmalarından bəhrələnirlər. Çünki xüsusi xarici xidmət orqanları hər adama yaxınlaşıb, onu öz əllərinə keçirə bilməzlər. Bu insanlar elə mahiyyətcə ermənipərəstdirlər. Soyadlarında “yan” hissəciyi olmasa belə, əslində ermənidən seçilmirlər. Bir çox hallarda ermənidən çox erməni olmağı bacarırlar.
Təbii ki, belələrinə qarşı Azərbaycan dövlətinin sərt, prinsipial mövqeyi var və onların cinayət məsuliyyətinə cəlb edilmələri zərurətə çevrilib. Dəfələrlə parlamentdə də bu və digər məsələlər müzakirə edilib.
“Bloqerlərin Azərbaycana gəlişi yaxın perspektivdə baş tutacaq”
Sapı özümüzdən olan baltalar əslində siyasətə söyüş texnologiyasını gətiriblər. Çünki belə intellektdən uzaq, savadsız, biliksiz insanlardan anti-Azərbaycan, ermənipərəst dairələr başqa necə istifadə edə bilərlər? Kitabları, məqalələri, ağıllı mövqeləri ilə? Yox, çünki savadsız məxluqlardırlar. Bilirlər ki, bizim mentalitet söyüş ritorikasını qəbul etmir. Qabil Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli kimilərə qarşı artıq Baş Prokurorluq cinayət işi açıb. Konkret aprel ayı üzrə müddət göstərilib ki, Prokurorluğun İstintaq İdarəsinə gəlsinlər.
Bu məxluqlar yaşadıqları ölkələrin hüquq-mühafizə orqanlarına arxayın olmaq istəyirlər. Həmin məxluqların ön sırasında dayanan Qabil Məmmədov Almaniyada yaşayır. Arxayındır ki, Almaniya hüquq-mühafizə orqanları onu verməyəcək. Məhəmməd Mirzəli isə Fransada yaşayır və güman edir ki, Azərbaycan-Fransa münasibətlərinin gərginliyi fonunda Fransa onu Azərbaycana təqdim etməyəcək.
Yalnış düşüncədir. Məncə, onların dünyaya gəlişləri, doğulmaları təbiətin bir səhvidir. Yenə də səhv edirlər. Mütləq onlar ölkəyə gətiriləcəklər, sadəcə söhbət zamandan gedir. Yəqin ki, uzun vaxt almayacaq. Yaxın perspektivə ümid bəsləyirik. Azərbaycanın hüquq-mühafizə orqanları bu istiqamətdə işləyir.
Qabil Məmmədovu 24 cinayət işi üzrə məsuliyyət gözləyir. Dələduzluq və bu kimi əməlləri öz yerində. Xüsusilə, ona qarşı terrorçuluğa dəstək, terrora çağırış kimi konkret cinayət maddələri üzrə iş açılıb. Bu, Avropanın özündə də çox təhlükəli cinayət növü hesab edilir.
Almaniyanın da, Fransanın da, digər üzdəniraqların məskunlaşdıqları ölkələrin hüquq-mühafizə orqanları da bu reallığa diqqət yetirəcəklər. Çünki terror hər yerdə terrordur, bəşəri cinayətdir”.
“Azərbaycan hakimiyyəti dünya boyu bütün kriminal ünsürləri bu vəsaitlərlə satın alıb istədiyini edə bilər”

Jurnalist Əfqan Muxtarlı “JAMnews”a deyir ki, o həbs olunan vaxt da Elman Nəsirov bənzəri açıqlama vermişdi.
Elman Nəsirov bildirib ki, “Əfqan Muxtarlı Gürcüstan xüsusi xidmət orqanları ilə Azərbaycan xüsusi xidmət orqanlarının birgə əməkdaşlığı çərçivəsində Azərbaycana gətirilib”. Daha sonra isə deputat , ümumiyyətlə, həmin müsahibəni verdiyini təkzib edib.
“Mən tam əminliklə deyirəm ki, mühacirlərin əksəriyyətinin yaşadığı Almaniya vəı Fransa hökümətləri Azərbaycanla əməkdaşlıq etməyəcəklər. Çünki Azərbaycan hakimiyyətinin mahiyyəti bu dövlətlərə bəllidir.
Azərbaycan mühacirlərin ekstradisiyası, xüsusən də, Qabil Məmmədovla bağlı Almaniya hökümətinə dəfələrlə müraciət edib. Bununla bağlı Almaniyada istintaq və məhkəmə prosesi keçirilib. Qabil Məmmədovun xeyrinə qərar çıxarılıb. Azərbaycan hakimiyyətinin iddiaları tamamilə rədd edilib.
Elman Nəsirovun o fikri ilə razıyam ki, Azərbaycan hakimiyyəti ölkə xaricində İlham Əliyevin rəqiblərinə, tənqidçilərinə qarşı xüsusi əməliyyatlar keçirib. Məni, Rauf Mirqədirovu və digərlərini oğurladılar. Qətllər həyata keçirirlər. Bu qətllərin ən sonuncusu Fransada Vidadi İsgəndərliyə qarşı həyata keçirilib.
Bundan əlavə Bayram Məmmədov Türkiyədə, Vüqar Rza Belçikada müəmmalı şəkildə həyatını itirib. Hüseyn Bakıxanov Gürcüstanda, Tiflis şəhərində açıq şəkildə qətlə yetirilib. Bütün bunları nəzərə alanda azərbaycanlı siyasi mühacirlər, bloqerlər və digərlərinin həyatı təhlükədədir.
Hazırda İlham Əliyevin idarəsində xalqdan oğurlanmış və nəzarətsiz milyardlarla vəsait var. Bu vəsaitlərlə Azərbaycan hakimiyyəti dünya boyu bütün kriminal ünsürləri bu vəsaitlərlə satın alıb istədiyini edə bilər. Bunun bir nümunəsini də Məhəmməd Mirzəliyə qarşı sui-qəsd cəhdində gördük.
Oğurlamaq, sui-qəsdə məruz qoymaq və qətlə yetirmək, İlham Əliyev rəqiblərinə qarşı bunların hər birini həyata keçirə bilər”.

Qabil Məmmədov oğurlanmağı və qətlə yetirilməyi ilə bağlı “JAMnews”a açıqlamasında bunları deyib:
“İlham Əliyev bizi qaçıra da bilər, öldürə də. Bizim əlimizdən gələn bacardığımız qədər özümüzü müdafiə etməkdir. Çünki nun əlində milyardları var və istədiyi kimi terror və təxribat törədə bilər”.
Hüquqşünas: Hökümət mühacirətdə olan fəaliyyəti də aradan qaldırmaq istəyir

Hüquqşünas Səməd Rəhimli “Toplum TV”-yə açıqlamasında deyir ki, hüquqi porsedura görə, növbəti mərhələdə istintaqa çağırılanlar ya İnterpol ya da Avropa Şursasının ekstradisiya konvensiyası vasitəsi ilə beynəlxalq axtarışa verilə bilərər.
“Məsələ burasındadır ki, əgər həmin şəxslərin yaşadıqları ölkədə qaçqınlıq statusu varsa, onların Azərbaycana qaytarılmsı mümkün deyil.
Hökumət ölkə daxilində vətəndaş cəmiyyətini sıradan çıxarandan sonra bunu beynəlxalq arenaya daşıyır ki, mühacirətdə olan fəaliyyəti də aradan qaldırsın.
Bu, hökumətin 2023-cü ildən bəri aktiv tətbiq olunan repressiyasının müəyyən bir formada davamıdır. Bu repressiya ilk növbədə “söyüş müxalifəti”ni və ya vətəndaş cəmiyyətindən bir nəfəri əhatə edə bilər. Lakin zamanla öz hədəfini genişləndirə bilər”.
Kontekst
Elşad Məmmədov 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayına kimi internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi və saxlanılması, həmçinin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı açıq çağırışlarda ittiham edilir.
Məhəmməd Mirzəli 2018-ci ilin əvvəllərində hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin zorakılıqla müşahidə edilən kütləvi iğtişaşlar edilməsinə dair açıq çağırışlar etməkdə ittiham edilir.
Qurban Məmmədov 19 aprel, 8 iyun, 15 iyun və 7 avqust 2019-cu il tarixlərində internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışılar etməkdə ittiham edilir.
Cinayət Məcəlləsinin 24 maddəsi ilə ittiham olunan Qabil Məmmədov isə 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə 10 nəfəri aldatmaqda, həmin şəxslərdən 29 597 manat pul almaqda, həmçinin, sosial media hesablarından açıq terrorçuluğa çağırışlar etməkdə ittiham edilir.
Mühacir bloqerlərin istintaqa çağırılması barədə fikirlər