"Hər şey qanun çərçivəsində": Azərbaycan Prezidenti medianı necə məhv və ya tabe etdi
“JAMnews”un redaktoru Sofo Bukianın bloqunun orijinalı media nəzarəti platforması “Mediachecker”də dərc edilib.
Üç yaşlı qız çəhrayı gecə paltarında atasının ayaqlarını qucaqlayıb ağlayaraq, onu mənzildən çıxarmaq üçün gəlmiş maskalı polis əməkdaşlarına mane olmağa çalışır. Ata qızına vida edərək, formalı zabitləri izləyir.
Bu dramatik hadisə 2023-cü ilin noyabr ayında Bakıda, jurnalist Əziz Orucovun evində baş verdi.
Bu gün Əziz Orucov saxta ittihamlarla həbsdədir və onun kiçik qızı atasız böyüyür.
Azərbaycan heç vaxt jurnalistlərin rahat çalışa biləcəyi bir ölkə olmayıb, lakin 2023-cü ilin noyabrında başlayan müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalar, hətta yerli standartlarla belə misli görülməmişdi.
O vaxtdan bəri, 100-dən çox jurnalist, vətəndaş cəmiyyəti nümayəndələri, insan hüquqları müdafiəçiləri və ictimai-siyasi fəallar müxtəlif ittihamlarla həbs olunmuşdular.
📌 2025-ci ilin fevral ayında insan hüquqları müdafiəçiləri Azərbaycanda 357 siyasi məhbusun olduğunu açıqlayıblar.
Bu, son 25 ilin rekord həddidir. Siyasi məhbus olan jurnalistlərin sayı xüsusilə artıb.
Həbs edilən jurnalistlərin əksəriyyəti Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi – əvvəlcədən əlbir olmuş bir qrup şəxs tərəfindən valyuta qaçaqmalçılığı törətmək üzrə ittiham olunublar. Rejim bu jurnalistlərin donor təşkilatlardan aldığı qanunsuz maliyyə vəsaitini Azərbaycana gətirdiyini iddia edir.
“Mediya təmizləməsi” o qədər geniş miqyaslı idi ki, bu gün ölkədə demək olar ki, heç bir kritik media orqanı (!) və heç bir (!) müstəqil jurnalist qalmayıb.
📌 Hazırda Azərbaycan jurnalistləri ya sürgündədir, ya həbsdə, ya da ev həbsində.
Repressiyadan yayınıb ölkədə qalanlar isə ya peşələrini dəyişib, ya da rejimə sadiq olublar.
Məsələn, tanıdığım bir jurnalist, 25 illik təcrübəsi olan və beynəlxalq nəşrin redaktoru olmuş şəxs, bu ilin mart ayından bəri məktəbəqədər təhsil müəllimi olaraq çalışır. Onun həmkarı, həmçinin təcrübəli redaktor, daşınmaz əmlak sahəsində çalışır.
“Əvvəllər işləmək mümkün idi. Belə deyək, “manevr sahəsi” vardı. Amma indi bu mümkün deyil. Onlar (hakimiyyət) bütün yolları bağlayıb. Ölkəni tərk etməlisən, ya da jurnalistliyi dayandırmalısan. Amma mən gedə bilmərəm, yaşlı valideynlərim var,” o mənə vəziyyəti belə izah etdi.
Əliyev bunu etməyə necə nail oldu?
“Xarici agent” qanunu, Azərbaycan timsalında
Azərbaycan prezidenti İlham Əliyev təkər ixtira etmədi. O, hakimiyyətdən imtina etmək istəməyən bütün avtoritar liderlər kimi repressiv qanunlar qəbul etdi, məsələn, Gürcüstandakı xarici agentlər haqqında qanunun Azərbaycan ekvivalenti.
Dönüş nöqtəsi 2014-cü ildə, Azərbaycan qanunlarına QHT-lər və qrantlarla bağlı edilən dəyişikliklərlə başladı və bu, xarici maliyyə vəsaitlərinin alınması imkanları ciddi şəkildə məhdudlaşdırdı.
Dövlət, QHT-lərin aldıqları bütün qrantları Ədliyyə Nazirliyində qeydiyyata almasını tələb edirdi və eyni zamanda qeydiyyatı rədd etmək hüququnu özündə saxlayırdı.
Nəticədə 50-dən çox beynəlxalq təşkilat Azərbaycandan çıxdı.
Lakin kulminasiya nöqtəsi 2022-nin fevralında İlham Əliyev tərəfindən imzalanan “Media haqqında” Qanun oldu ki, bu da birbaşa jurnalistlərə təsir etdi.
Yeni qanun jurnalistlərin xaricdən hər hansı bir pul almaq, qrant, ödəniş və ya maaş qəbul etməsini qadağan edirdi və həmçinin onları Birləşmiş Dövlət Reyestrində qeydiyyata alınmağa məcbur edirdi, bu da hökumətə geniş şəxsi məlumat siyahısını təqdim edirdi.
Qanun həmçinin kimlərin jurnalist olaraq çalışa biləcəyini tənzimləyir, peşəyə giriş üçün ciddi kriteriyalar qoyur. Məsələn, yalnız Azərbaycan vətəndaşları (xarici iştirak olmadan) media orqanına sahib ola bilər. Jurnalist kimi qeydiyyata alınmış şəxs ali təhsilli olmalı, əmək müqaviləsi və kriminal qeydi olmamalıdır. Başqa sözlə, əsasən beynəlxalq media ilə çalışan frilanserlər avtomatik olaraq qeyri-qanuni elan edilmişdi.
Əlavə olaraq, yeni qanuna əsasən, dövlət ölkədəki hadisələrin “qərəzli işıqlandırılması” səbəbilə istənilən media orqanının lisenziyasını ləğv edə bilər. Bu müddəa faktiki olaraq senzuranı qanuniləşdirdi.
Gözlənildiyi kimi, bu qanun Əliyevin hökumətinin əlində güclü bir repressiya alətinə çevrildi.
Azərbaycanda müstəqil medianın fiziki olaraq iqtisadi təzyiqlərlə, polis reydləri ilə və məhkəmə qadağaları ilə məhv edildiyi yeni bir dövr başladı.
Repressiya: həbslər və təqiblər
📌 2024-cü ildə Azərbaycan həbs edilmiş jurnalistlərin sayına görə dünyanın ilk on ölkəsinə daxil oldu.
Son illərdə jurnalistlər “böhtan” səbəbilə deyil, iqtisadi və kriminial saxtakarlıq ittihamları ilə, məsələn “qaçaqmalçılıq”, “vergidən yayınma”, “qanunsuz varlanma” ilə daha çox həbs olundular.
Nəticədə, 2025-ci ilin əvvəlinə qədər, bir neçə jurnalist “valyuta qaçaqmalçılığı” ittihamı ilə istintaq müddətini həbsxanada keçirdi.
Bu ittihamlar yalnız fərdlərə deyil, bütün redaksiya qruplarına qarşı irəli sürülmüşdü.
Bu cür kütləvi həbslərin birincisi 2023-cü ilin noyabrında baş verdi, polis Abzas Media müstəqil nəşrinin ofisində axtarış aparıb, böyük miqdarda avro kəşf edəndə.
Nəşrin rəhbərləri Ülvi Həsənli və Sevinc Vaqifqızı həbs olundu. Həbs olunan jurnalistlərin həmkarları polisin pulları ofisə yerləşdirdiyinə əmin idi. Tezliklə nəşrin digər əməkdaşları da qaçaqmalçılıq ittihamı ilə həbs olundu. Onların bir çoxunu 8-dən 12 ilə qədər həbs cəzası ilə gözləyir.
Aydınlaşdıraq: beynəlxalq fondun iş üçün etdiyi ödəməni almaq belə, qanun pozuntusu kimi qiymətləndirilə bilər.
Müstəqil azərbaycanlı ekspertlərinin fikrincə, tənqidçi, lakin nisbətən kiçik onlayn nəşrlərin jurnalistlərinin həbsi, jurnalistlərin ümumi təhdid olunması üçün güc nümayişi idi:
“Onlar məqalələrində dediklərinə görə deyil, başqalarına mesaj göndərmək üçün təqib edilir. Bu mənada qurban nə qədər zərərsiz və günahsız olsa, psixoloji təsir daha böyükdür,” hüquq müdafiəçisi Eldar Zeynalov belə deyib.
Beynəlxalq tədqiqatlar həmçinin Azərbaycan hökumətinin “Pegasus” casus proqramı vasitəsilə jurnalistləri izlədiyini ortaya qoydu, bu proqram onların telefonlarına quraşdırılmışdı.
Başqa bir detal: 2014-cü ildə Azadlıq Radiosunun Azərbaycan bürosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılovanın həbsi zamanı qadın jurnalistin həbs edilməsi ağlasığmaz görünürdü. Bu gün Azərbaycan həbsxanaları qadın jurnalistlər və aktivistlərlə doludur.
Sürgündəkilər
Bir çox Azərbaycan jurnalisti həbsdən qaçmaq üçün ölkəni tərk etmək məcburiyyətində qaldılar. Lakin sürgündə belə, onlar özlərini təhlükəsiz hiss etmirlər – kəşfiyyat xidmətləri onları izləməyə davam edir və onların Azərbaycanda qalan ailə üzvlərinə təzyiq göstərilir.
Sürgündə olan Azərbaycan jurnalistləri bir neçə onlayn media platforması yaratdılar və ölkə daxilindəki freelancer jurnalistlərinin köməyi ilə işlərini davam etdirdilər.
Belə platformalardan biri Almaniyaya köçmüş araşdırmaçı jurnalistlər tərəfindən yaradılmış Meydan TV-dir.
Nəşr Azərbaycanda geniş bir freelancer şəbəkəsinə malik idi: onlar adətən anonim yazırdılar, lakin fəal işləyirdilər və illərlə tənqidi hesabatlar və araşdırmalar hazırlayırdılar.
Lakin, “Meydan TV” artıq Azərbaycanda fəaliyyət göstərə bilmir — 2024-cü ilin sonuna qədər onun doqquz jurnalisti həbs olundu, bundan sonra nəşr yerli jurnalistlərlə əməkdaşlığı dayandırmağa qərar verdi.
Eyni taleyi digər beynəlxalq media orqanları da yaşadı — əvvəllər azərbaycanlı jurnalistlər risklərə baxmayaraq onlarla əməkdaşlığı davam etdirirdilər, lakin 2025-ci ildən bu, mümkün olmadı.
Beynəlxalq reaksiya: narahatedeici səssizlik
Bir tərəfdən, beynəlxalq ictimaiyyət Azərbaycanda baş verənlərə dair narahatlığını daim ifadə edir. Digər tərəfdən, tənqidçilərin qeyd etdiyi kimi, kifayət qədər qətiyyətli hərəkət etmir və diplomatik səssizliyi qoruyur, çünki əsasən Azərbaycanın təbii resursları ilə maraqlanır.
Ən son nümunə: 2024-cü ilin sonunda Azərbaycan böyük bir beynəlxalq forum, BMT İqlim Konfransı (COP29) keçirdi. Foruma toplaşan xarici qonaqlar ölkə həbsxanalarında yüzlərlə siyasi məhbusun saxlanılmasından narahat olmadılar.
Bu səbəbdən Azərbaycanda tez-tez deyilir ki, ölkənin əsas problemi neftdir və Əliyevin hökuməti buna və digər təbii resurslara güvənir.
Müşahidəçilər həmçinin qeyd edirlər ki, ölkədə vəziyyət hər yeni prezident seçkisindən sonra daha da mürəkkəbləşir. Daha dəqiq desək — İlham Əliyevin hər yeni “seçkisi”ndən sonra. Qeyri-rəsmi bir qayda halına gəlib ki, hər dəfə “seçkilər”dən sonra repressiyalar güclənir.
Əlavə olaraq, ekspertlər deyirlər ki, Əliyev qlobal təmizləmə üçün uyğun bir an seçdi: ABŞ öz seçki kampaniyası ilə məşğul idi və Avropa Ukraynadakı müharibəyə diqqət yetirirdi.
Bu gün, tamamilə qeyri-müəyyən bir dünyada, Əliyev seçdiyi kursu daha cəsarətlə davam etdirir, çünki heç kim onu dayandıra bilmir.
İndi nə baş verir?
2003-cü ildən fasiləsiz olaraq ölkəni idarə edən İlham Əliyev hakimiyyətin vertikalını gücləndirməyə davam edir.
Müstəqil mediaya qarşı onillik mübarizənin nəticələri artıq aydındır və Azərbaycanın vətəndaşlarına əhəmiyyətli təsir göstərir.
Ölkədə informasiya monopoliyası qurulub – əhalinin əksəriyyəti xəbərləri yalnız hökumətyönlü televiziya kanallarından alır, burada Azərbaycan heç bir problemi olmayan firavan bir ölkə kimi təqdim olunur.
Rəsmi təbliğat mediada üstünlük təşkil edir – hər gün Qarabağın geri alınmış torpaqları, böyük infrastruktur layihələri və Əliyev ailəsi haqqında hesabatlar yayımlanır.
Korrupsiya qalmaqalları və səlahiyyət sui-istifadəsi halları işıqlandırılmır. Müxalifət ya görməzdən gəlinir, ya da “dövlət düşmənləri” kimi təqdim olunur.
Hər hansı bir etiraz, istər sosial, istərsə də ekoloji, ya tamamilə görməzdən gəlinir, ya da qəsdən marjinal bir hadisə kimi təqdim olunur.
Müstəqil jurnalistika olmadan, korrupsiya və bürokratik sui-istifadə daha da dərinləşib. Əliyev ailəsinin və onların yaxın çevrəsinin ofşor sxemlərini, torpaq fırıldaqlarını, polis sui-istifadəsini, həbsxanalarda işgəncələri və dövlət vəsaitlərinin mənimsənilməsini araşdırmaq üçün heç kim qalmayıb.
İctimai nəzarətin olmaması şəraitində, hökumət rəsmiləri onlara yönəlmiş tənqidi sözlərin onlayn mediada və ya televiziyada yayımlanmayacağına əmindirlər.
Bakı hökumətini birbaşa əhatə edən yüksək səviyyəli beynəlxalq korrupsiya araşdırmaları ölkə daxilində heç vaxt müzakirə olunmur, çünki media bu məsələdə susur.
Hökumətlə xalq arasındakı əlaqə demək olar ki, kəsilib. Müstəqil media olmadan vətəndaşlar artıq problemlərini ictimai şəkildə müzakirə etmək imkanına malik deyillər.
“Bu, yalnız müstəqil jurnalistləri deyil, bütün cəmiyyəti hüquqlarından məhrum edir,” deyə bir jurnalist bildirir.
Bu prosesin başqa bir ciddi nəticəsi isə, “beyin axını”dır – jurnalistlər, analitiklər və ictimai fəallar ölkə daxilində inkişaf perspektivləri olmadığı üçün mühacirət etməyə məcbur olurlar.
Hökumətin media və vətəndaş cəmiyyətinə qarşı mübarizəsi açıq-aşkar qeyri-bərabər olub. Müxalifət zəiflədilib və parçalanıb, vətəndaş cəmiyyəti məhv edilıb. Ölkə susur, bu sükut yalnız rəsmi hökumət bəyanatları ilə pozulur.