Birlikdə bir məktəbdə - adilər və qeyri-adilər
2002-ci ilə qədər Ermənistanın bütün təhsil sistemini inklüziv əsaslara keçirmək planı vardı. Lakin ölkənin hazırlığının çoxpilləli yoxlanışından sonra qərara alındı ki, bu addım təxirə salınsın. Hazırda bütün ölkə üzrə 1450 məktəbdən yalnız beşdə bir hissə inklüziv tədris verir. Bununla birlikdə, həm valideynlər, həm də ekspertlər burada çoxlu sayda həll olunmamış problemlər görürlər.
«Məktəb yaxşıdır, çünki indi çoxlu dostum var, onlar məni sevirlər. Müəllimlər və dostlarım arabamda hərəkət etməyimə kömək edirlər – sinifdə düz öz yerimə qədər. Məktəbimizi çox sevirəm», – Gümrü şəhərinin 7 saylı məktəbinin şagirdi Eduard Toriyan deyir.
Onun dayaq-hərəkət sistemində problemləri və nitqlə bağlı çətinlikləri var – bunlar uşaq serebral iflicinin nəticəsidir. Lakin onun və valideynlərinin xəstəliklə inadkar mübarizəsi ciddi irəliləyişə nail olmağa kömək edib.
Eduardın anası xatırlayır ki, onun oğlu əlil arabasında məktəbə yollanmış ilk uşaqlardan biri idi. Ermənistanın regionlarında əlilliyi olan uşaqlar üçün bir neçə il əvvəl ümumtəhsil məktəbləri qəti olaraq əlçatmaz idi.
Təhsil sisteminin inklüziv əsaslara keçidi haqqında qanun artıq 2005-ci ildə qəbul edilmişdi. Lakin az sayda məktəb xüsusi ehtiyacları olan uşaqları qəbul etməyə uyğunlaşdırılıb.
Şirak vilayətində məktəbləri inklüziv tədris sisteminə keçidə 2012-ci ildə uyğunlaşdırmağa başlayıblar. Lakin Eduardın anası buna bir neçə il qalmış qərara almışdı ki, uşağının təhsil alması üçün bütün maneələri dəf edəcək. Hətta onun əminliyinə baxmayaraq, məktəbə daxil olmaq da çətin idi və ailə indiyə kimi bir çox problemlərin öhdəsindən gəlməli olur.
«Məktəb mənim uşağım üçün başqa bir dünyanı açıb. Əvvəlcə uşaqlar çox təəccüblənirdilər, onların gözlərində suallar oxumaq olardı. Sonradan isə alışdılar, oğlumla dostlaşdılar, onun qayğısını çəkməyə başladılar. Amma valideynlər hələ də öyrəşə bilməyiblər. Onlar Eduardla bizə xüsusi nəzərlərlə baxırlar – nəzərdən keçirirlər, öyrənirlər, qiymətləndirirlər, sanki biz başqa planetdən gəlmişik. Bir dəfə uşaqlardan biri anasından soruşdu: “Ana, bu uşaq niyə arabadadır?” O isə laqeydliklə ucadan cavab verdi: “Çünki o xəstə uşaqdır”. Mənim halım dəyişdi», – Ofeliya Toroyan deyir.
O fəxr edir ki, bütün əngəllərə baxmayaraq, sınmayıblar və hətta bir çoxlarına onları normal qəbul etməyi öyrədiblər. Eduard artıq ermənicə və rusca oxuya bilir, ingilis dilini öyrənir, son zamanlar isə biologiya və kimya məşğələlərində iştirak edir. İllər keçdikcə yaxşılığa doğru dəyişikliklər çoxdur və məktəbdə əlilliyi olan uşaqlar üçün şərait yaradılıb. Lakin məktəbə hələ çatmaq lazımdır.
Məktəbə necə çatmalı?
Dayaq-hərəkət sistemi problemləri olan uşaqların valideynlərini ən çox narahat edən məktəbə aparan yoldur.
Vahan hər gün məktəbə özüyeriyənin köməyi ilə yollanır. Küçədəki hər bir çala-çuxuru keçməyə ona anası kömək edir. Ermənistanın ikinci şəhəri olan Gümrüdə isə səkilər o qədər də yaxşı vəziyyətdə deyillər.
Panduslar var, lakin çox vaxt onları elə böyük mailliklə tikirlər ki, idmançılar da əlil arabasında onlardan çətin ki istifadə edə bilsinlər.
«Günrüdəkilər pandus deyil, tramplinlərdir – onlar sıldırım dağ yamacına bənzəyir, əlil arabasında bu panduslarda yıxılmaq olar. Görüntü yaratmaq xatirinə səkidə iki plitə bucaq altında qoyulub, bununla da rahatlıq yox, təhlükə yaradılıb», – Vahanın anası Kristine deyir.
O şikayət edir ki, Gümrüdə dayaq-hərəkət sistemində problemi olan insanlar üçün onların ehtiyaclarına uyğunlaşdırılmış nəqliyyat yoxdur. Onlar taksidən istifadə etməyə məcburdurlar. Hər gün buna 1000 drama (təxminən iki dollar) yaxın pul gedir ki, bu da onların ailəsi üçün böyük xərcdir.
Dövlətin xərcləri
İnklüziv sistem üzrə təhsil alan uşaq üçün dövlət məktəbə digər uşaqlarla müqayisədə 4-5 dəfə çox vəsait ayırır. Məktəblər hər bir şagird üçün 100-110 min dram (207-228 dollar) alırsa, əlilliyi olan şagirdlər üçün 400-500 dram (830-1040 dollar) alır. Bu məbləğin hesabına məktəblər həmin uşaqlarla məşğul olan müəllimlərin əməkhaqqını ödəyir, şagirdləri yedirir və yol xərclərini qarşılayır.
«Qanuna görə, nəqliyyat xərclərinə 200 dram (40 sent) nəzərdə tutulur. Bilirik ki, bu pulla valideynlər uşağı məktəbə çatdıra bilməzlər. Lakin biz onlara daha çox vəsait ayıra bilmirik. Misal üçün, biz eşitmə problemi olan uşaqlar üçün nəzərdə tutulmuş vəsaitdən ayırıb dayaq-hərəkət sisteminin problemi olan uşaqlar üçün ayrılmış vəsaitə əlavə edə bilmərik.
Biz qrant proqramı və məktəbin qoyuluşları hesabına avtobus almaq istəyirik ki, valideynlərə uşaqlarını məktəbə gətirməkdə kömək edək. Lakin anlayırıq ki, bir məktəb və bir avtobus problemin özünü həll etməyəcək», – Gümrüdəki 7 saylı məktəbin direktoru Qagik Karapetyan deyir.
Şirak vilayəti qubernatorunun müavini Sofya Ovsesyan problemi təhsilin deyil, sosial problem olduğunu hesab edir. Bildirir ki, hazırda müvafiq qanuna dəyişikliklərin edilməsi məsələsi müzakirə olunur. Hər bir uşağın tələbatına uyğun vəsaitin ayrılması və valideynlərin dəstəklənməsinə Sosial Təminat Nazirliyinin cəlb edilməsi nəzərdə tutulur.
İnklüziv tədrisin “gizli” tərəfi aşkarlanıb
Əlilliyi olan uşaqlara dövlətin böyük məbləğdə vəsait ayırması üzündən məktəblər səhhətlərində yüngül problemləri olan uşaqları da inklüziv sistemə daxil etməyə başlayıblar. Belə ki, inklüziv tədrisə ehtiyacları olan uşaqların siyahısında “emosional-iradi pozğunluqları olan” xeyli uşaq var.
Onların valideynləri də bunda maraqlıdır. Uşağın hər gün məktəbdə pulsuz naharı sosial təminatı zəif olan ailələr üçün köməkdir. Uşaqların sənədlərində kiçik problem qeyd olunub – hiperaktivlik, yaxud özünəqapanma.
«Hazırda emosional-iradi problemlər inklüzivlik siyahısından çıxarılıb. Görmə və eşitmə ilə əlaqədar problemlər siyahısına da dəyişikliklər edilib – şərtlər sərtləşdirilib. Misal üçün, yaxındangörmənin aşağı səviyyəsində uşaq inklüziv tədris alan şagirdlərin siyahısına əlavə olunmur», – Şirak administrasiyasının təhsil idarəsinin rəisi Qrayr Karapetyan deyir.
Bu yaxınlarda daha bir korrupsiya sxemi ifşa edilib. Gümrünün iki məktəbində aparılmış yoxlamalar nəticəsində cinayət işlərinə başlanıb. Məlum olub ki, 697-780 dram (1,4 – 1,6 dollar) məbləğində nahar əvəzinə uşaqlara dəyəri cəmi 200 dram (40 sent) olan nahar verilirmiş. Bu yolla 11 milyon dram (təxminən 23 min dollar) mənimsənilib.
Yeni perspektivlər və köhnə problemlər
Bütün təhsil sistemi inklüzivliyə keçəndə az sayda xüsusi məktəb qalacaq ki, həmin məktəblərdə çox ağır problemləri olan uşaqlar təhsil alacaqlar. 2019-cu ildə paytaxtda və ölkənin iki regionunda – Şirakda və Araqatsotnda tamamilə inklüziv təhsilə keçid nəzərdə tutulub.
Hazırda Şirak vilayətində fəaliyyət göstərən 148 məktəbdən 24-də inklüziv tədris tətbiq edilib.
Lakin hələlik məktəblərin zəruri mütəxəssislərlə təminatı məsələsi həll olunmamış qalır. Şirak vilayətinin bir sıra məktəblərində xüsusi pedaqoq və loqoped yerləri vakantdır.
«Nitqi qüsurlu və autizmə düçar olmuş uşaqlar üçün bu cür mütəxəssislərin olması xüsusilə vacibdir. Nitqdən məhrum və yüksək emosionallığı olan uşaqlar, məsələn, yağışın səsindən ağlaya bilər. Lövhədə yazı yazarkən təbaşirin cırıltısı da onlara pis təsir edə, əsəb gərginliyi yarada bilər. Nitqində qüsur olan uşaqlarla isə mütləq loqoped işləməlidir ki, çətinliklər yaranmasın», – psixoloq Armine Ovannisyan izahat verir.
Hələlik xüsusi pedaqoqlar və loqopedlər çatışmır. Kadr probleminin necə həll ediləcəyi məlum deyil, belə ki, bu cür ixtisaslar üzrə təhsil ölkədə yalnız bir ali məktəbdə mövcuddur.