Əsəd rejiminin çöküşü və Yaxın Şərqdə yeni dövrün başlanğıcı. Bakıdan baxış
Suriyada Əsəd rejiminin çöküşü
Suriyada 53 illik Əsəd rejimi süquta uğradı. Atası Hafiz Əsəddən sonra hakimiyyətə gələn Bəşər Əsəd ailəsi ilə birlikdə artıq Moskvaya sığınıb.
Suriyada dövlət çevrilişi ilə həyata keçən hakimiyyət dəyişikliyi ölkənin gələcəyini hansı yönə dəyişəcək, bu proseslər Yaxın Şərqdə geosiyasi vəsiyyətə necə təsir edəcək, regionda yeni qüvvələr balansı necə nizamlanacaq?
- Azərbaycan və Ermənistan sülh prosesində irəliləyişlərdən danışır
- Gürcüstanda fəalların ofislərində və mənzillərində axtarışlar. Müxalifət liderlərindən biri Nika Qvaramiya döyülərək saxlanılıb
- “Meydan TV”nin əməkdaşları qaçaqmalçılıq ittihamı ilə saxlanılıblar, jurnalistlər siyasi təqib olduğunu bildirirlər
Azərbaycanın “Şərqə Baxış” analitik mərkəzinin ekspertləri bu suallar ətrafında mövzunu təhlil ediblər.
Suriyanın daxilindəki qüvvələr arasında güc bölgücü
“Əsəd sonrası Suriya barədə proqnoz verməkdə tələsməmək faydalı olar. Son proseslər bir daha onu göstərdi ki, Yaxın Şərqdə köklü dəyişikliklər üçün cəmi bir həftə belə kifayət edir.
İndi əsas sual Dəməşqdəki güc mübarizəsinin nə vaxt və kimlər arasında başlayacağıdır. Çox fərqli ideologiyaları və maraqları təmsil edən müxalif qrupları birləşdirən əsas amal Əsədin devrilməsi idi. Bu mənada, Əsəddən sonra iqtidar mübarizəsində bu qrupların bir-birini boğazlaması qaçılmaz olacaq və həmin günlər elə də uzaqda deyil.
Demək olar əksəriyyəti silahlı olan sekulyar, sünni, sələfi, təkfirçi, xristian, dürzi, ərəb, kürd, türkmən və digər müxalif qruplar 50 ildir siyasi və iqtisadi gücü əlində saxlayan nüsəyri elita ilə dil tapıb, keçid hökumətini qurmağı bacarmalıdır.
Aydındır ki, hökumət daxilindəki müəyyən qüvvələrlə müxalifət arasında ilkin razılıq mövcud olub və Əsədin sürətli devrilməsində bu məsələ xüsusi rol oynadı.
Keçid hökuməti həmçinin, Suriya ərazisində hərbi mövcudluğu olan xarici qüvvələr arasında balansı da tapmalıdır. Çox fraksiyalı bir keçid hökuməti və yeni konstitusiya mübahisələri yəqin ki, qansız ötüşməyəcək.
Amma Suriyada bütün qrupları özündə ehtiva edən çoxsəsli bir demokratik sistemin qurulacağını gözləmək də ən azı sadəlövhlük olardı.
“Ərəb Baharı” prosesinin üç örnəyində hakimiyyət olduqca qanlı vətəndaş müharibəsindən sonra devrildi: Liviya, Yəmən və Suriya. Liviya və Yəməndə mərkəzi hakimiyyətin devrilməsindən sonra müharibə vaxtı güclənmiş silahlı qrupları cilovlaya biləcək bir qüvvə qalmadı və ölkənin bölünməsi qaçılmaz oldu.
Bunu demək nə qədər acı olsa da, mövcud şərtlərdə Suriyanın ərazi bütövlüyünü və unitar strukturunu sadəcə yeni bir diktator xilas edə bilər. Əks halda Suriyanı da Liviya ssenarisi gözləyir.
Bəs, Suriyanın yeni diktatoru kim ola bilər? Bir çoxları HTŞ (Heyət Təhrir əş-Şam) lideri Əbu Məhəmməd əl-Qolaniyə işarə edir.
Qolani həqiqətən də çox unikal fiqurdur. Onun İŞİD-də başlayan, Əl-Nusrədə yüksəlişə keçən opportunist karyerası HTŞ-də pikə çatıb. Bugünlərdə Qərb mətbuatının keçmiş cihadçıdan rəğbət bəslənən mötədil siyasi lider yaratmağa çalışması da Qolaninin namizədliyini önə çıxarır.
Bununla belə, mən Qolaninin Suriyaya rəhbərlik edə biləcəyinə şübhə ilə yanaşıram. Tarixdəki inqilabların dəyişməyən bir prinsipi var: inqilab ilk növbədə öz övladlarını yeyir. Əsədin devrilməsində əsas pay sahibi olan Qolani bir çoxları üçün açıq hədəfdir. Bu mənada onun özü də inqilabın ilk qurbanlarından ola bilər.
Uzun sözün qısası, Əsəd sonrası Suriya barədə nikbin danışmaq çətindir”.
Yaxın Şərq üçün yeni dövr və xarici qüvvələrin regionda mövqe nizamlanması
“Əsəd hakimiyyətinin sonu həm Suriya, həm də Yaxın Şərq üçün yeni bir dövrün başlanğıcıdır. Sözsüz ki, son proseslərin əsas qalibi Türkiyədir. Ərdoğan enişli-çıxışlı Suriya strategiyasında düzgün vaxt seçimi və kəskin həmlələr edərək, ölkəsi üçün əlverişli vəziyyət yarada bildi. Təbii ki, ölkənin Suriya strategiyasının birbaşa icraçısı Hakan Fidanın da rolunu ayrıca vurğulamaq mütləqdir.
Yarım əsrdir davam edən Əsəd sülaləsinin xarici siyasətdəki ən böyük səhvi qonşu Türkiyə ilə ikitərəfli münasibətlərini yanlış hesablamalar üzərində qurması idi.
Hafiz Əsəd 80-90-cı illərdə PKK-nı hərtərəfli dəstəkləyərək, Türkiyə ilə münasibətlərdə terroru təzyiq vasitəsi olaraq istifadə etməyə çalışırdı. Türkiyənin təzyiqlərindən və müharibə ultimatumundan sonra Hafız Əsəd 1998-ci ildə Abdullah Öcalanı Suriyadan qovmağa məcbur olsa da, Suriyanın “PKK oyunu” Türkiyənin cənubdakı qonşusunu daimi təhdid kimi görməsini və ilk fürsətdə Əsəd ailəsinin devrilməsini şərtləndirdi.
Təsadüfi deyil ki, Ərəb baharı dövründə Əsəd hakimiyyəti büdrəyərkən, ən ağır zərbələr məhz şimaldan – Türkiyədən vurulmağa başladı. Bəşər Əsəd də qonşu Türkiyə ilə hesablaşmaq yerinə, Ankara ilə ziddiyyəti davam etdirdi və regiondan kənar qüvvələr – Rusiya və İranın dəstəyinə arxalandı.
Lakin atasından fərqli olaraq, Bəşər təcrübəsizlik edərək, lazımi anda Türkiyə ilə gərginliyi səngitmək fürsətini əldən verdi. Rusiya və İranın zəifləməsi fonunda, Ankaranın son aylardakı normallaşma təkliflərini qəbul etməyən Bəşər Əsədin bu səhvi ölümcül oldu.
Yəqin ki, Əsədin devrilməsindən sonra yaranacaq vəziyyət, daha konkret desək, Suriyanın bölünməsi Türkiyə üçün daha böyük təhlükələr ortaya çıxaracaq. Bu mövzuda ayrıca müzakirəyə ehtiyac var. Amma istənilən halda Əsəd ailəsinin devrilməsi Türkiyənin nüfuzu üçün çox önəmli idi. Çünki Əsədin taleyi Ankaranı regional konfiqurasiyadan kənarda saxlamaq istəyənlər və regiondan kənar qüvvələrlə Türkiyəni neytrallaşdırmağa çalışanlar üçün mesaj olacaq. Bu mesaj xüsusilə, Yunanıstan, Ermənistan və ABŞ-ın himayəsində dövlətləşmək istəyən kürdlər tərəfindən doğru təhlil edilməlidir”.