“Bir dövlət öz ərazisinə hücum edə bilməz”. Bir il əvvəl Qarabağda baş verənlər: Bakıdan şərh
Qarabağda antiterror əməliyyatının ildönümü
Düz bir il əvvəl, 2023-cü il sentyabrın 19-da Azərbaycan silahlı qüvvələri Qarabağda antiterror əməliyyatına başlayıb. Bir gün sonra tanınmamış “DQR” hakimiyyəti kapitulyasiya elan etdi və Azərbaycan beynəlxalq səviyyədə tanınan bütün ərazisi üzərində suverenliyini bərpa etdi.
Bir il əvvəl Qarabağda nə baş verib? Bakıdan ekspert dəyərləndirməsi aşağıda təqdim olunub.
- Qərb kəşfiyyat xidmətlərinin rəhbərləri Azərbaycana niyə gəlib? Bakıdan şərh
- Azərbaycanda uşaqların sayı ildən-ilə azalır
- Çeçenistanda saxlanılan azərbaycanlıları Ukrayna ilə müharibəyə göndərməklə hədələyirlər
Nə baş verib?
Ötən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan Qarabağın böyük hissəsinin və ətraf rayonların Azərbaycanın nəzarətinə qayıtması ilə nəticələnən ikinci Qarabağ müharibəsindən sonra rəsmi Bakının nəzarətindən kənarda qalan ərazilər Xankəndi, Xocavənd, Xocalı və Tərtər rayonlarının bir hissi oldu. Bu ərazilərdə Rusiyanın sülhməramlı qüvvələri yerləşdirildi.
19 sentyabr 2023-cü il tarixində Azərbaycan Müdafiə Nazirliyi bəyanat yaydı:
“Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır”.
24 saat keçməmiş tanınmamış “DQR” hakimiyyətinin dərc etdiyi sənədə əsasən, Xankəndidəki separatçı rejim 2024-cü il yanvarın 1-dən silahların yerə qoyulması, silahlı qüvvələrin buraxılması və tanınmamış respublikanın ləğvi barədə bəyan edib.
Ekspert rəyi
Siyasi icmalçı Hacı Namazov JAMnews-un Azərbaycan redaksiyası üçün Azərbaycan Silahlı Qüvvələrinin bir il əvvəl keçirdiyi antiterror əməliyyatının səbəblərini və nəticələrini şərh edib.
“Qarabağda antiterror əməliyyatının səbəblərindən danışarkən 2023-cü ilin əvvəlindən rəsmi Bakının nümayəndələri ilə Xankəndidəki separatçı rejim arasında bir neçə görüşü qeyd etmək lazımdır. Əvvəlcə görüş yeri Xocalı idi; ötən ilin martında tərəflər Rusiya sülhməramlı kontingentinin qərargahında danışıqlar aparmışdılar. Bundan sonra Qarabağ ermənilərinin nümayəndələri görüşlərini Bakıda davam etdirmək üçün dəvət olundular. Daha sonra görüş yeri sülhməramlıların nəzarətində olan əraziyə yaxın yerləşən Yevlax və Bərdəyə dəyişdirildi.
Paralel olaraq, 2023-cü ilin aprelində Azərbaycan Laçın rayonu ərazisində Xəkəri çayı üzərində sərhəd-keçid məntəqəsi yaratdı və bu, Ermənistandan Xankəndiyə qanunsuz silah daşınmasını demək olar ki, mümkünsüz etdi. Dairə daralırdı.
Açığını deyim ki, dünyanın heç bir dövləti öz ərazisində mərkəzi hakimiyyətə tabe olmayan, müstəqilliyini elan edən və silahlı bir rejimin olmasına sonsuza qədər dözməz. Ona görə də Azərbaycanın bütün Qarabağ ərazisi üzərində suverenliyinin tam bərpası zamanın tələbi idi.
Ermənistanın və Qərbin müxtəlif dairələrinin nümayəndələrinin Azərbaycanın Qarabağa “təcavüz”ü ilə bağlı bəyanatlarına gəlincə, onlar heç bir tənqidə dözmürlər. Dövlət öz ərazisinə hücum edə bilməz, onu ələ keçirə bilməz. Bu absurddur.
Antiterror əməliyyatından dərhal sonra rəsmi Bakı reinteqrasiya üçün xüsusi yaradılmış internet saytı vasitəsilə Qarabağ ermənilərini Azərbaycan vətəndaşlığına müraciət etməyə çağırdı. Bu müraciət regional radiostansiyalar vasitəsilə bir neçə dildə, o cümlədən erməni dilində yayımlanmış, müvafiq məzmunlu vərəqələr paylanmışdı. Həmin günlərdə Azərbaycan hərbi qulluqçuları və hüquq-mühafizə orqanları tərəfindən Qarabağda yaşayan ermənilərə və digər millətlərin nümayəndələrinə qarşı nalayiq münasibətinə dair bircə fakt belə qeydə alınmamışdı.
Lakin Ermənistanın və Xankəndində hakimiyyəti itirmiş şəxslərin çağırışlarına uyaraq Qarabağın erməni əhalisi köç yolunu seçdi. Kiçik bir qrupu çıxmaq şərti ilə ermənilər bölgəni kütləvi şəkildə tərk etdilər. Hər şey bütün dünyanın gözü qarşısında baş verdi; o günlərə aid çoxlu video və fotomateriallar açıq şəkildə göstərir ki, Qarabağ ermənilərini heç kim qovmayıb, heç kim onları evlərini tərk etməyə məcbur etməyib. Ermənilər könüllü olaraq Laçın rayonundakı keçid məntəqəsindən Ermənistan ərazisinə keçib, orada məskunlaşıblar.
Qoyun sürüsünü Ermənistana daşıyan Qarabağ ermənisini yəqin ki, hamı xatırlayır. Bu faktı əks etdirən videomaterial da var. Silah gücü ilə evini tərk etmək məcburiyyətində qalan qoyun sürüsü haqqında necə düşünə bilərdi? Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağdan qovulan azərbaycanlıların o qara günlərdə ev heyvanlarını xilas edib özləri ilə apardıqlarını görən olubmu? Heç kim görməyib.
Nə oldusa, oldu. Amma indi də Qarabağ erməniləri istəsələr, istədikləri vaxt öz evlərinə qayıda bilərlər. Təbii ki, 2023-cü ilin sentyabrında onlara təqdim edilən eyni şərtlərlə. Başqa cür heç vaxt olmayacaq və ola da bilməz. Sadəcə bunu qəbul edib, 40 il əvvəl olduğu kimi mehriban qonşuluq şəraitində yaşamaq lazımdır”.