“Sərhədlər 1920-ci ilin xəritəsinə uyğun bərpa edilsə, Zəngəzur dəhlizinə ehtiyac qalmayacaq”. Bakıdan şərh
Zəngəzur dəhlizi sülh müqaviləsindən çıxarılıb
Azərbaycan prezidentinin köməkçisi Elçin Əmirbəyov “Azadlıq” radiosuna bu yaxınlarda verdiyi müsahibəsində Bakı və Yerevanın Zəngəzur dəhlizi bəndinin sülh müqaviləsindən çıxarılması və onun müzakirəsinin sonrakı mərhələyə keçirilməsi barədə razılığa gəldiklərini bildirib.
- Azərbaycanda İsrail hərbçiləri varmı və İran onları vura bilərmi? Bakıdan şərh
- AXCP sədri Əli Kərimli böhtanda ittiham olunur
- Cənubi Qafqaz ölkələrinin Rusiya ilə iqtisadi münasibətləri necə dəyişib? – Bakıdan icmal
“Turan” informasiya agentliyinin analitikləri Əmirbəyovun bu bəyanatının Zəngəzur dəhlizinin beynəlxalq nəzarətə verilməsinin mümkünlüyü haqqında məlumatlarla eyni vaxta təsadüf etdiyinə diqqət çəkiblər.
Analitiklər xatırladıblar ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen regiona səfəri zamanı belə bir ideyaya eyham vurub, daha əvvəl isə Avropa Şurasının sədri Şarl Mişel bu haqda danışıb.
İranın dini lideri Xamneyi gözlənilmədən bu layihənin Ermənistan üçün “zərərli” olduğunu deyib. Onun ardınca Tehran səfərindən sonra birbaşa Bakıya gələn RF Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Qərbin Cənubi Qafqaza buraxılmaması zərurətini qeyd edib.
“Bütün bu deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, Zəngəzur dəhlizinin beynəlxalq nəzarətə verilməsi ideyası ABŞ və Avropa İttifaqı tərəfindən irəli sürülüb. Bu ideyanın məğzi Rusiyanı oraya buraxmamaqdan ibarətdir. Yerevanın böyük həvəslə istədiyi də məhz budur.
Göründüyü qədər, Qərb tərəfdaşları Bakını da bu dəhlizdə Rusiya qüvvələrinin mövcudluğunun Azərbaycana heç nə vermədiyinə və orada müəyyən statusa malik beynəlxalq qüvvələrin yerləşməsinin daha yaxşı olacağına inandırmağa müvəffəq olublar”, – analitiklər qeyd ediblər.
Jurnalistlərin “Regional kommunikasiyaların açılması məsələsinin hazırkı sülh danışıqlarından çıxarılması Azərbaycanın maraqları baxımından nə dərəcədə doğru bir qərardır və gələcəkdə sülh danışıqlarının aqibəti necə olacaq?” sualını cavablandıranAzərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirir ki, söhbət sadəcə ilkin çərçivə sazişindən gedir:
“Bu, daha çox saziş yox, bəyanata oxşar bir sənəd olacaq. Çünki bu sənəd vasitəsilə heç bir mövzu öz həllini tapmır. Nəinki kommunikasiyalar mövzusu, sərhəd mövzusu və digər mövzuları da götürsək, görərik ki, orada sadəcə olaraq gələcək sülh prosesinin hansısa çərçivəsi formalaşır. Özü də 2021-ci ildə Azərbaycan tərəfindən irəli sürülən prinsiplər əsasında.
İndi bəziləri deyir ki, “Zəngəzur mövzusu sonraya qaldı”. Mənasız bir şeydir. Ümumiyyətlə, sənəd bunu nəzərdə tutmurdu”, – sabiq nazir azpolitika.info saytına müsahibəsində deyib.
Zülfüqarov Ermənistan tərəfinin Azərbaycanın sülh istəməməsi ilə bağlı səsləndirdiyi ittihamlara da toxunub:
“Erməni tərəfi belə ittihamlar səsləndirir ki, Azərbaycan guya sülh istəmir. Azərbaycan isə deyir ki, hazırda sülh sazişi mümkün deyil. Çünki həll olunmamış məsələlər çoxdur. Kommunikasiyalardan tutmuş, sərhədədək. Hamı başa düşür ki, sərhəd mövzusunu həll eləmək üçün illər lazımdır.
Ya da götürək kommunikasiya mövzusunu. Siyasi iradə olmasa, texniki baxımdan bunu icra etmək üçün aylar, bəlkə də illər lazımdır. Yəni haqqında danışılan sənədin mahiyyətinə qayıtsaq, görərik ki, sadəcə olaraq, bəyanata bənzər bir məsələdir”.
Zəngəzur məsələsinin gündəlikdən çıxarılmasına gəlincə, keçmiş nazir hesab edir ki, danışıqlar nəticəsində tərəflər bir çox məsələlərə dair razılıq əldə etməyin mümkün olmadığı qənaətinə gəliblər. Onun gümanına görə, sadəcə tərəflərin razılaşdırdığı məsələlər bu sənəddə qalacaq, o hissələrdə ki, razılıq əldə olunmayıb, sənəddən çıxarılacaq.
“Bu addımlar onu göstərir ki, biz sülh istəyirik, amma maraqlarımız burada öz əksini tapmırsa, biz bunu sonrakı danışqlarda gündəmdə saxlayacağıq.
Bəzən eşidirəm ki, deyirlər “Zəngəzur layihəsi indi lazım deyil. Zəngəzur mövzusu gündəmdən çıxır” və sair. Belə deyil. Çünki Azərbaycanın ən əsas məqsədlərindən biri ölkənin iki hissəsinin bir-biri ilə bağlantı əldə etməsidir. Digər tərəfdən, Zəngəzur dəhlizi məsələsi ABŞ, Rusiya, Türkiyə və digər ölkələrin də marağındadır.
İndi əsas ziddiyət sərhədlər mövzusu ilə bağlıdır. Azərbaycanın və Ermənistanın fərqli baxışları var. Onlar sovetlər dönəmindəki sərhədlərin bərpasını istəyirlər. Azərbaycan razıdır, amma baxır hansı ilin xəritələri əsas götürüləcək? Biz 1975-ci ilə aid sərhədləri qəbul etmirik. Digər tərəfdən, Azərbayan 1920-ci ilin xərətiələrinə uyğun sərhədləri bərpa etsə, bizə Zəngəzur dəhlizi lazım olmayacaq”, – deyə o fikrini yekunlaşdırıb.