Bu il Ermənistanla sülh müqaviləsi imzalanacaqmı? Bakıdan şərh
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi
2024-cü ilin sonuna cəmi 5 ay qalıb, Azərbaycan və Ermənistan rəsmiləri isə öz bəyanatlarında yeni ilə qədər bu dövlətlər arasında sülh müqaviləsinin imzalanacağına ümidlərini ifadə edirlər.
- Ukrayna Rusiya ilə danışıqlara hazırdırmı? Bakıdan baxış
- Azərbaycanda minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq
- Bakıda keçmiş diplomat bıçaqlama ittihamı ilə saxlanılıb
Bu mümkündürmü? JAMnews-un Azərbaycan redaksiyası bu sualla siyasi icmalçı Hacı Namazova müraciət edib.
“Mən bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını gözləmirəm. Bu, bir neçə səbəbə görə olduqca problemlidir.
Birincisi, prezident İlham Əliyev ilk olaraq iki şərti açıqladı, bildirdi ki, yalnız bundan sonra imzalanması mümkündür.
Şərtlər nədir və onların qarşılanması üçün hansı perspektivlər var?
— Ermənistan Azərbaycanla birlikdə Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə müraciət göndərir. Ermənistan bu təklifə hələ ki, rəsmi səviyyədə cavab verməyib.
Ekspert səviyyəsində hər şey gözləniləndir. Erməni politoloqlar bunu qəbuledilməz hesab edir, çünki ATƏT-in Minsk qrupunun buraxılması, onların fikrincə, Dağlıq Qarabağ münaqişəsinin bütün tarixinin silinməsi deməkdir. Ermənistandan olan siyasi icmalçılar belə bir addımın gələcəkdə “bu məsələyə qayıtmağa” imkan verməyəcəyini iddia edirlər.
Başqa sözlə, Ermənistanda, ən azından qonşu ölkənin ekspert icmasında heç kim “revanş” ümidini itirmir.
Azərbaycanın ATƏT-in Minsk qrupundan qurtulmaq məsələsi ilə bağlı istəkləri tamamilə məntiqlidir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradılmış bu struktur 28 il ərzində heç bir real nəticə əldə etməyib. Əgər ATƏT-in Minsk qrupunun fəaliyyətini obyektiv qiymətləndirsək, o, münaqişənin həllində diplomatik yollarla heç nəyə nail olmayaraq, eyni zamanda tərəfləri hərbi həll üsuluna əl atmamağa çağıraraq münaqişəni dondurmağa çalışıb.
Çox təfərrüata varmadan aydın olur ki, Ermənistan hələ də onsuz da cansız olan Minsk qrupunu “birdəfəlik öldürməyə” razılıq verməkdən uzaqdır. Hər halda bu təklifə müsbət reaksiya yoxdur.
— Ermənistan öz konstitusiyasının Müstəqillik Aktına istinad edən preambulasını dəyişdirməlidir. Orada Qarabağı Ermənistana birləşdirmək iradəsi haqda açıq-aydın yazılıb. Yəni bu, bilavasitə qonşu dövlətin ərazisinə iddiadır.
Yuxarıda qeyd etdiyim birinci şərtdən fərqli olaraq, Ermənistanda konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı hər şey o qədər də ümidsiz görünmür. Rəsmi Yerevan yeni konstitusiyaya qətiyyən qarşı deyil, baxmayaraq ki, bunu Bakının şərtlərinə razılıq kimi təqdim etmir.
Ancaq burada iki məqam var. Birincisi, Ermənistandan gələn məlumata görə, yeni konstitusiya 2026-cı ildən tez olmayacaq. İkincisi, sözügedən Müstəqillik Aktına istinad edən preambulanın dəyişdirilib-dəyişdirilməyəcəyi bəlli deyil.
Bütün bunları ümumiləşdirərək əminliklə deyə bilərik ki, 2024-cü ildə Azərbaycanın sülh müqaviləsi imzalamaq şərtləri təmin edilməyəcək. Hər halda, bu gün bunun heç bir əlaməti görünmür.
İkincisi, hazırda dünyada geosiyasi vəziyyət kifayət qədər qeyri-müəyyəndir. Hamı Baydenin geri çəkilməsindən sonra daha da gözlənilməz hala gələn ABŞ prezident seçkilərinin nəticələrini gözləyir.
Demokratlar xaricdə hakimiyyətdə qalsalar, heç bir əsaslı dəyişiklik olmayacaq və hər şey olduğu kimi davam edəcək. Ancaq Tramp qalib gəlsə ki, bu, hazırda ən mümkün ehtimal kimi görünür, hər şey alt-üst ola bilər.
Rusiya ilə Ukrayna arasında danışıqlara başlanacağı, bu cəbhədə atəşkəs əldə ediləcəyi təqdirdə, ağır müharibənin yükündən qurtulmuş Rusiya Federasiyasının gözlərinin ənənəvi təsir zonalarına daxil olan ərazilərə yönələcəyi aydındır. Onların arasında Cənubi Qafqaz da var. Belə olan halda regionumuzda hansı proseslərin baş verəcəyini ancaq təxmin etmək olar.
Ancaq bunların hamısı fərziyyələrdir və heç bir ciddi analitik belə hadisələrin gedişi ilə bağlı proqnozlar verməyi öhdəsinə götürməz.
Bir şey çox aydındır: bütün bunlar 2024-cü ilin sonuna doğru baş verəcək. Ona görə də sülh müqaviləsinin imzalanmasını ilin sonuna qədər gözləməzdim.
Ola bilsin ki, biz gələcəkdə – bütün şərtlər yerinə yetirildikdən sonra əsas sənədin imzalanmasını nəzərdə tutan hansısa çərçivə sənədinin imzalanmasının şahidi olacağıq. Amma Azərbaycanın tərəfləri hansısa razılaşmaya yönləndirməyə çalışan Qərb platformalarına inanmadığını nəzərə alsaq, bu da mümkün deyil”.