Azərbaycan növbəti Avropa strukturu ilə əməkdaşlıqdan imtina edib
Azərbaycan İQAK-la əməkdaşlıqdan imtina edib
AŞPA prezidenti Azərbaycan hakimiyyətini İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi (İQAK) ilə əməkdaşlığı dərhal bərpa etməyə çağırıb. Azərbaycan hakimiyyəti İQAK-ı Avropa Konvensiyasının tələblərini pozmaqda və Azərbaycan hökuməti ilə razılaşdırmadan ölkə haqqında hesabat dərc etməkdə günahlandıraraq əməkdaşlıqdan imtina edib.
“İndiki çətin siyasi şəraitdə, repressiv tədbirlərin öz apogeyinə çatdığı bir vaxtda Azərbaycanın müvafiq dövlət orqanlarının Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin tövsiyələrinə məhəl qoymaması və dialoqda maraqlı olmaması təəccüblü deyil”, – azərbaycanlı hüquq müdafiəçisi belə hesab edir.
- “ABŞ qərəzdən şantaja keçir?” Bakıdan şərh
- Talassemiyalı uşaqların valideynləri niyə dələduzların qurbanına çevrilir?
- Azərbaycanda parlament seçkiləri ərəfəsində yanacaq və nəqliyyat qiymətləri qalxıb
“Mən Azərbaycan hakimiyyətinin Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı üzrə Komitəsi (İQAK) ilə əməkdaşlıqdan imtina etməsinə görə çox təəssüflənirəm ki, bu da planlaşdırılan İQAK səfərinin ləğv edilməsinə səbəb olub. İQAK-ın Azərbaycana xüsusi səfəri ilə bağlı hesabatın nəticələri məni də narahat etdi”, – AŞPA prezidenti Teodor Russopulos iyulun 3-də verdiyi bəyanatda bildirib.
O, Azərbaycan hakimiyyətini öz qərarlarına yenidən baxmağa və dərhal İQAK ilə əməkdaşlığı və konstruktiv dialoqu bərpa etməyə çağırıb.
“Bu, təkcə Avropa Şurası ilə ümumi münasibətlərin yaxşılaşmasına yox, həm də Azərbaycan vətəndaşlarının fundamental maraqlarına xidmət edəcək.
Assambleyamız bütün həll edilməmiş məsələlərin həlli üçün Azərbaycan parlamenti və hökuməti ilə dialoqun davam etdirilməsinə tam sadiqdir”, – deyə AŞPA prezidenti qeyd edib.
Həmin gün bir qədər əvvəl Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsi Azərbaycanla bağlı açıq bəyanatını dərc edib. Bu, İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında Avropa Konvensiyasının 10(2)-ci maddəsini icra etmək məqsədilə verilmiş bəyanatdır.
“Açıq bəyanat vermək barədə bu müstəsna qərarın səbəbi Azərbaycan hakimiyyətinin İQAK ilə əməkdaşlıqdan birbaşa imtina etməsidir”, – deyə qurum izah edib.
“Komitə İşəncələr əleyhinə Avropa Konvensiyasının mövcudluğunun əsasını təşkil edən məsələlərin həlli üçün Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoq qurmaq üçün səmimi cəhdlər edib. İQAK başçəkmələr haqqında hesabatlarında açıq şəkildə qeyd edib ki, polis əməkdaşları tərəfindən amansız rəftar və hətta işgəncələr haqqında müraciətlər almağa davam edir. Bununla belə, Azərbaycanın Daxili İşlər Nazirliyi Komitənin bu təcrübəyə son qoyulması ilə bağlı çoxdan verdiyi tövsiyələrin yerinə yetirilməsi üçün heç bir addım atmayıb”, – Avropa Şurasının mətbuat xidmətinin məlumatında bildirilir.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan şəxslərə qarşı amansız rəftar və hətta işgəncə ilə bağlı Qarşıya qoyulmuş məsələlərin ciddiliyini nəzərə alaraq”, İQAK həm də 2022-ci ildə Azərbaycana xüsusi səfər haqqında hesabatı da açıq bəyanatın əlavəsi olaraq dərc etmək qərarına gəlib.
İQAK-ın 38 səhifəlik hesabatında bildirilir ki, qurumun nümayəndə heyəti yenidən etirafedici ifadələr alınması məqsədilə saxlanılan şəxslərə qarşı amansız fiziki rəftar/işgəncə haqqında çoxsaylı iddialar alıb.
Məruzəyə əsasən, təxmin olunan amansız rəftar/işgəncə növləri əsasən şillə, yumruq və təpik, həmçinin dəyənək və ya taxta çubuqlarla zərbələrdən ibarətdir.
“Nümayəndə heyəti ayaq altına dəyənəklə vurulması (“falaqqa”) haqqında da bir neçə iddia alıb. Bundan başqa, nümayəndə heyəti butulka ilə zorlama təhdidi və elektroşok cihazlarından istifadə haqqında məlumatlar əldə edib. Eyni zamanda, saxlanılan şəxslərin qohumları ilə hesablaşma, o cümlədən cinayət təqibi təhdidi haqqında məlumat verilib.
Fiziki cəhətdən anonim rəftar adətən sözlü təhqirlərlə də müşayiət olunub”, – hesabatda deyilir.
İyulun 4-də Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı cavab bəyanatı yayıb. Qurumun fikrincə, İQAK-ın Azərbaycanın razılığını almadan hesabat dərc etməsi ədalətsiz və əsassızdır.
“Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) Azərbaycanla bağlı ictimai bəyanatın dərc olunması barədə qərar qəbul etməsi bizi dərindən təəssüfləndirdi”, – Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Qeyd edilib ki, İQAK, həmçinin “İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında” Avropa Konvensiyasının tələbinə zidd olaraq, Azərbaycanın müvafiq razılığı alınmadan 2022-ci ildə edilmiş xüsusi səfərinin yekunları üzrə hazırlanmış hesabatı tam şəkildə dərc etmək barədə əvvəllər presedenti olmayan qərar qəbul edib.
“Bu yanaşma ədalətsiz və əsassızdır, habelə hüquqi baxımdan sual yaradır”, – Ayxan Hacızadə vurğulayıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olmuş millət vəkili Fazil Mustafa komitənin bu qərarını qərəzli hesab edir.
“Azərbaycan bunu qətiyyətlə rədd edir. Hər hansı şəkildə konkret faktları varsa, hətta Avropa Şurasının bu komitəsi ilə əlaqəmiz olmasa belə, araşdırmağa hazırıq. Borcluyuq. Çünki insan haqları daxili auditoriyada bizim ən prioritet məsələlərdən biridir. Bunu Avropa Şurası xatirinə etmirik. Buna öz vətəndaşımıza olan münasibət konteksində baxırıq. Bunun hüquqlarının qorunması ən vacib prioritet məsələlərindən biridir”, – deputat “Amerikanın Səsi”nə deyib.
“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov isə “Amerikanın Səsi”nə müsahibəsində qeyd edib ki, Azərbaycan hüquq-mühafizə orqanlarında fiziki və psixoloji zorakılıq, işgəncə, qeyri-insani rəftar, ləyaqəti alçaldan davranış iş metodudur.
“Elə bir dövrə gəlmişik ki, artıq dövlət hakimiyyəti orqanları hüqüqla bir araya sığmayan bu kimi zorakılıqları açıq, bəzi hallarda isə nümayişkəranə şəkildə həyata keçirirlər. Rəsmi Bakı Avropanın mötəbər siyasi və hüquqi mexanizmlərindən kənarda olduğunu, Orta Asiya, Ərəb Liqası, Türk Dövlətləri Birliyinin siyasi standartlarına uyğunlaşdığını açıq surətdə ifadə edib”, – Səfərov deyib.
Hüquq müdafiəçisi əlavə edib ki, xüsusilə, Azərbaycanın nümayəndə heyətinin AŞPA-dan uzaqlaşdırılmasından sonra Avropa Şurasının və onun ayrı-ayrı strukturlarının insan hüquq və azadlıqları sahəsindəki tələbləri və hesabatları YAP hökuməti üçün tamamilə arxa plana keçib.
“Hazırkı ağır siyasi iqlimdə, repressiv tədbirlərin öz apogeyinə çatdığı zamanda, işgəncə vasitələrinin geniş vüsət aldığı dövrdə Azərbaycanın aidiyyəti dövlət hakimiyyəti orqanlarının Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin tövsiyələrini iqnor etməsi, dialoqda maraqlı olmaması təəccüb doğurmur”, – deyə Səfərov qeyd edib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri yanvar ayında baş tutan qış sessiyasında ratifikasiya edilmədiyi üçün onların Assambleyadakı iştirakı dondurulub. AŞPA-nın 26 ölkədən olan 76 deputatı Azərbaycanın Assambleyadan kənarlaşdırılmasına çağıran qətnamənin lehinə səs verib.
AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, Azərbaycanın öhdəliklərinə məhəl qoymaması və qurumla əməkdaşlıq etməməsi ilə əlaqələndirib.
Azərbaycanın nümayəndə heyəti hələ yanvar ayında səlahiyyətlərinin təsdiqlənməməsini Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.