Ermənistanın keçmiş prezidenti Robert Koçaryan konstitusiya quruluşunu devirmək ittihamı ilə həbs olunub
İkinci prezident haqda həbs qətimkan tədbirinin seçilməsi məsələsinə Xüsusi İstintaq Xidmətinin vəsatəti ilə iyunun 26-ı axşam saatlarından Yerevan icmalarından birinin birinci instansiya məhkəməsində baxılıb. İyulun 27-də səhərdən məhkəmə iclası davam edib. Yalnız iyulun 28-də gecə saatlarında məhkəmənin vəsati qəbul etdiyi və Koçaryan haqqında iki aylıq həbs qətimkan tədbiri çıxatıldığı bəlli olub.
Robert Koçaryan digər şəxslərlə qabaqcadan əlbir olmaqla konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Söhbət 2008-ci il 1-2 mart hadisələrindən gedir.
Tarixçə
2008-ci il 19 fevral prezident seçkilərindən sonra birinci Ermənistan prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi siyasi blokun tərəfdarları seçki nəticələrinə yenidən baxılmasını tələb edirdi. Onlar bildirirdilər ki, əslində Levon Ter-Petrosyan qələbə qazanıb. On gün sərasər, martın 1-ə qədər minlərlə insan meydanı tərk etmirdi, bütün sutka boyu nümayişlərdə iştirak edirdi.
2008-ci il martın 1-də nümayiş dağıdılan zaman döyüş silahı istifadə edilib, on nəfər – səkkiz nəfər mülki şəxs, iki nəfər polis əməkdaşı həlak olub. Bu hadisələr zamanı ölkə prezidenti hələ Robert Koçaryan idi. O, fövqəladə hal elan edib. On il müddətində 1 mart işi açılmamış qalıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermənin yekunlarına əsasən Serj Sarqsyan prezident seçilib. Amma həmin vaxt o hələ vəzifəsinin başına keçməmişdi.
Ermənistanın siyasi qüvvələrinin münasibəti
Robert Koçaryanın mümkün həbsi bəzi siyasi qüvvələrin sərt reaksiyasına səbəb olub.
Məsələn, keçmiş iqtidar partiyası olan Respublikaçılar belə məzmunda bəyanat yayıblar:
“İrəli sürülmüş ittiham yalnız siyasi təqib təsiri bağışlayır, hüququ nöqteyi-nəzərdən isə absurddur. Siyasi motivlərlə qaldırılmış cinayət işi və irəli sürülmüş ittiham Ermənistanda konstitusiya quruluşunu təhlükə altına qoyur”.
ERP nümayəndəsi, Ermənistanın keçmiş ədliyyə naziri David Harutunyan aydınlaşdırıb ki, o zaman qüvvədə olan konstitusiya prezidentin fövqəladə hal tətbiq etməsinə və dövlət üçün təhlükə yarandığı zaman silahlı qüvvələrdən istifadəsinə imkan verir. Bu isə keçmiş prezidentə qarşı irəli sürülmüş əsas ittihamdır.
Harutunyanın sözlərinə görə, təhlükə həm xarici, həm də daxili ola bilər. Bu haqda həmçinin Ermənistanda qüvvədə olan, AŞPA Venesiya Komissiyasında da müsbət rəy verilmiş “Fövqəladə halın hüquqi rejimi” haqda qanunda da deyilir.
David Harutunyan onu da bildirib ki, qüvvədə olan konstitusiya prezidenti öz səlahiyyətlərini yerinə yetirdiyinə görə təqib etməyi qadağan edir – hətta vəzifədən gedəndən sonra da.
Ermənistan İnqilab Federasiyası “Daşnaksütun” partiyası da Robert Koçaryanı dəsdəkləyib. Partiyanın bəyanatında deyilir ki, konstitusiya quruluşunun devrilməsi ilə bağlı ittiham siyasi təqib kimi dəyərləndirilə bilər.
Niyə hakimiyyət siyasi təqibdə günahlandırılır?
Ermənistanda 2018-ci ilin yazında “məxməri inqilab” nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan vəzifəyə gəlməzdən çox əvvəl “1 mart” işinin açılmasının leyhinə çıxış edib.
2008-ci il prezident seçkilərində Nikol Paşinyan prezidentliyə namizəd Levon Ter-Petrosyanın maraqlarını təmsil edib. Faciəvi 1 mart hadisələrindən sonra müxalif siyasətçi kütləvi iğtişaşların təşkil olunması ittihamı üzündən bir il dörd ay gizlənməli olub.
2010-cu il iulun 1-də o, könüllü şəkildə prokurorluğa gəlib, həbs olunub və yeddi il müddətinə azadlıqdan məhrum edilib. Bir il 11 aydan sonra Ermənistanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş amnistiyaya düşüb. Müxalifət bildirir ki, hakimiyyət beynəlxalq strukturların təzyiqi altında bu addımı atmağa məcbur olub.
Koçaryanın ünvanına səslənən ittihamları kimlər dəstəkləyir?
Hazırda baş verənlərə tam dəstəyi Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın “Ermənistan Milli Konqressi” partiyası ifadə edir.
Məhz yenidən prezidentliyə namizədliyi irəli sürülmüş Ter-Petrosyanın tərəfdarları 2008-ci ildə seçkilər bitəndən sonra etiraz aksiyaları keçirərək, seçkilərin nəticələrinə yenidən baxılmasını tələb edirdi və ölkə rəhbərinin əmri ilə qəddarca dağıdılmışdı.
“Bu qərar Ermənistan xalqının ədalət mühakiməsinə nail olması baxımından tarixidir. Mənim üçün “1 mart” işində həmişə həmin hadisələrin qurbanlarının valideynlərinin münasibəti əsas amil olub. Xoş xəbərdən sonra mən onlara zəng vurdum və biz bir-birimizi təbrik etdik”, – partiyanın sədr müavini Aram Manukyan bildirib.
Bu cür təbrikləri indi Facebook-un Ermənistan seqmetində çoxları bir-birinə göndərir.
[divider]
İyulun 26-da Robert Koçaryan “1 mart” işi üzrə şahid qismində dəvət olundğu Xüsusi İstintaq Xidmətinə gəlib. Amma gəldiyinin ilk dəqiqəsindən etibarən ona qarşı ittiham irəli sürülüb.
Xüsusi İstintaq Xidmətinin binasından çıxandan sonra Koçaryan Yerevanın “Yerkir media” teleşirkətinin efirində çıxış edib. O bəyan edib ki, bu işi onun əleyhinə quraşdırılmış siyasi təqib hesab edir:
“Bu, ölkə üçün təhlükəli məqamdır. Bu, dövlətin təməlinə qoyulmuş bombadır. Hüquqi sistem böyük təhlükədədir. Həbsxanaya düşəcəyəm, amma sona qədər mübarizə aparacağam”.