Bu günkü fransız kimdir? Mühacirlər və futbol – Rusiya və ABŞ-da yeni populyar mövzu
Fransa yığması Rusiyanın şəhərlərində keçirilən və bu yaxınlarda başa çatan çempionatda futbol üzrə dünya çempionu oldu. Amma bununla bağlı müzakirələr heç də ancaq vurulan qollar və oyunun keyfiyyəti ətrafında getmir.
Media və sosial şəbəkələrdə mübahisələr Fransa yığmasının tərkibi ətrafında qızışıb – burada Fransada doğulmayan futbolçular çoxdur. Bir-birinə zidd fikirlər səsləndirilir. Biriləri fransızların heç də fransız olmaması ilə bağlı məyusluğunu bildirir, digərləri qürurla deyirlər ki, bu çempionat kosmopolitizmin qələbəsi oldu.
Hər iki populyar nöqteyi-nəzərin iki səciyyəvi arqumentini gətiririk.
Rusiyadan fikir: “Bu, məgər Fransadır?”
Fransanın çempionatda qələbəsindən sonra Rusiyanın “Komsomolskaya pravda” qəzetində jurnalist Darya Aslamovanın çoxları tərəfindən irqçi kimi qəbul edilən məqaləsi dərc edildi.
Aslamova məqalədə Fransanın “Milli cəbhə” partiyasından olan dostlarının söylədiklərini deyir, guya ki, onlar ona Fransanın bu yığmasının “fransız komandası” olmadığını deyiblər.
“Kamerun, Seneqal, Mali, Qvineya, Konqo, Toqo, Anqola. Qalanları ərəblər və dörd ağdərili (onlardan biri ispandır). Bu məgər Fransadır? Bizim dəyərlərimiz xristianlıq, vətənə sədaqət, Avropa ənənələridir. Afrikalı və ərəblərin bura nə dəxli?” – Aslamova öz dostlarından sitat gətirir.
Fransa komandasının oyunçularının yarısından çoxu həqiqətən də Afrikadan olan miqrantlardır. Amma onların demək olar ki, hamısı Fransada böyüyüb və futbol oynamağı öyrəniblər, onların doğma dili fransız dilidir.
Bununla belə, Aslamova onları “başqa Fransa” hesab edir və şikayət edir ki, “Framsanın keçmiş ağ əyalətləri çoxdandır ki, mühacirlər tərəfindən tutulub” və orada “bir yığın uşağı olan yapıncaqlı qadına rast gəlmək daha asandır, nəinki ağdərili qadına”.
Azsaylı müstəqil Rusiya mediası Aslamovanın məqaləsindən narazılıqlarını bildirdilər və onu irqçi adlandırdılar.
Sosial şəbəkə istifadəçilərinin reaksiyası bir az da kəskin oldu. Aslamovanın onlardan öz ünvanına eşitdiyi ən yüngül ifadə “təmiz ariyalı” oldu.
Jurnalistin özü irqçilikdə günahlandırılandan sonra bildirdi ki, “Fransada ağdərililərə qarşı irqçilik var”.
ABŞ-dan nöqteyi-nəzər: “Bir tayfanın hökmranlığı dünyaya zərər yetirir”
Aslamovanın məqaləsi ilə eyni gündə Amerikanın “New Yorker” jurnalında yazıçı Adam Qopnikin köşə yazısı dərc olunub. Burada da müəllif Fransa yığmasında mühacirlərin sonrakı nəsillərinin hansı rol oynaması və bunu necə qiymətləndirməsi ilə bağlı yazır.
Qopnikin fikrincə, Fransa yığmasının çempionatda oyunu və qələbəsi mühacirlərin lazımsızlığı ilə bağlı sözlərin və o cümlədən ABŞ prezidenti Donald Trampın bu məsələ ilə bağlı mövqeyinin tam tərsidir.
Müəllif Fransa yığmasının ən yaxşı oyunçuları olan Afrika mənşəli fransız oyunçuları sadalayır:
Dünya çempionatının ən yaxşı gənc oyunçusu, 19 yaşlı Kilyan Mbappenin Əlcəzair və Kamerun;
Meydanın mərkəzində gözəl oynayan Pol Poqbanın Qvineya kökləri var;
Turnirdə ən yaxşı dayaq yarımmüdafiəçisi N’Qolo Kantenin valideynləri Fransaya Malidən gəlib.
Bu, hələ tam siyahı deyil.
Qopnik həm də xatırladır ki, yuxarıda sadalanan oyunçular bu günkü Fransa yığmasının futbolçularıdır. Amma son illərdə də komandada heç də az sayda mühacirlər olmayıb. ən parlaq nümunə – ən gözəl fransalı oyunçu Zineddin Zidan Əlcəzairdə anadan olub.
“New Yorker”də dərc olunan məqalənin müəllifi hesab edir ki, kosmopolitizmin furbol qədər vacib olduğu sahələrdən biri də ticarətdir.
“Trampın yeni enerji, yeni istedadlar gətirən mühacirətin üstünlüklərini görə bilmək qabiliyyətinin olmaması onun azad ticarətin bütün üstünlüklərini qiymətləndirə bilməməyinə səbəbdir”, – deyə Qopnik yazır.
“Görünür, Tramp dünyanı ancaq bir tayfa və ya ailənin başqaları üzərində hökmranlığı nöqteyi-nəzərindən anlaya bilir. O başa düşə bilmir ki, futbol da həyatın bütün başqa sahələri kimi, orada çox insanın oynaması səbəbindən daha da gözəlləşir”.